Bir Əsgər var
idi...
Hamı onu Ələsgər kimi tanıyırdı...
Sənətdə iz qoyanların qəlblərdəki xoş xatirələri onların özündən qat-qat uzunömürlü olur. Ötən həftə Əməkdar artist Əsgər Məmmədoğlunun vəfatından qırx gün keçdi... Qırx ay da ötəcək, qırx il də... Gedənlər gedəcək, gələnlər gələcək... Dünya elə hey bir yandan dolub-boşalacaq. Ondan da danışacaqlar, dəfələrlə yada salacaqlar.
* * *
Hərdən fikirləşirəm ki, qaydaları dəyişib, Dədə Qorqud zamanındakı kimi bir hünər göstərəndən sonra adama ad qoysaydılar, nə olardı ki... Axı, bəzən doğulan körpəyə verilən ad onun taleyini müəyyən etmiş olur. Bir qədər ömür yaşamış o insanı kənardan müşahidə edəndə görürsən ki, daşıdığı isim sanki öz sahibini nəyəsə kodlaşdırıb: ya o, bacardığından artığına iddialıdır, heç cür geri çəkilmək istəmir, ya da əksinə, öz bacarığının layiqincə parlamasından ötrü səy göstərmir. Eeeeh... İnsanlar öz potensiallarını bilsəydilər, yəqin ki dünya ayrı cür olardı.
* * *
...Ona Əsgər adını vermişdilər. Bu adı ona kim qoymuşdu, kimin şərəfinə qoymuşdu, ya da elə-belə, «lap yaxşı addır» deyib qoymuşdular, bilmirik... Amma yaşı artdıqca ucaboy, enlikürək olacağı bəlli olan bu oğlanın içində bir sıxıntı, bir utancaqlıq da böyüyürdü. Ya yeniyetmə qızların ideal oğlan parametrlərinə uyğun gəlmədiyindən, ya da çox uca boyundan çəkinirdi (ayama qoşmaqda mahirik axı...) deyə, çiyinlərini qısıb yerimək vərdişi də onunla böyüdü.
...Bu oğlan
aktyorluğu özünə sənət seçdi... Sənət sevgisi, məharəti böyük,
özü də zahirən
sığallı, standart görünüşlü
yaşıdlarından seçilən Əsgər dövrün «qəhrəman qəlibinə»
sığışmırdı. Bəlkə də deyənlər
tapılacaq ki, əşi, sovet
dövrünü bilmirsən, o dövrün film və teatr qəhrəmanlarına,
həmin qəhrəman obrazlarını yaradanlara
qarşı tələb özgə idi. Razı deyiləm! Əsgər Məmmədoğlu
«Evləri köndələn yar»
tamaşasında Şair rolunu
oynayanda 1985-ci il idi, teatrda «Bizim
qəribə taleyimiz»də koloritli
ifası ilə yadda qalanda
1988-ci il, elə «Bəyin
oğurlanması» filmindəki «Nə var eee, Ələsgər, Ələsgər»
etirazı dillər əzbərinə çevriləndə, bu obraz
ilə adının Əsgər yox,
Ələsgər deyə yazılmağa başladığı
zamanda da 1985-ci il idi. Üstəlik,
Əsgər Məmmədoğlu yetkin sənətçi
yaşına yetişəndən ömrünü
başa vuranadək müstəqillik
dövründə iyirmi ildən çox yaşadı... Amma,
neyləyək ki, Əsgərin daxilindəki
potensialı görüb, məxsusi onun üçün yazan, məhz onu baş rola çəkmək
istəyən tapılmadı... Beləcə, Azərbaycan Fernaldel, Jan Reno, Lino
Ventura, Kamal Sunal kimi fərqli obrazlar yaratmağa qabil aktyor imicini
yarada bilmədi...
* * *
Kim nə deyir desin,
məncə, rəhmətlik
öz adının tilsiminə düşmüşdü:
heç bir zaman adı nə teatr qalmaqallarında
hallandı, nə hansısa rejissor ilə rol davasına
çıxdığını eşitdik, nə təzə komik serialınızda mənə
də rol verin deyə televiziyaların qapısında
qaldı, nə də xəstəyəm deyib kömək istədi. Beləcə, böyük istedadını,
yaratmaq potensialını
içində kiçildən
bir aktyor kimi yaddaşlarda qaldı Əsgər Məmmədoğlu...
* * *
İndi heyfsilənmək, gen-bol tərifləmək də
olar, «onunla bağlı bir planım var idi» deyib köks
ötürmək də. Nə fayda?
Əsgər Məmmədoğlu sadə bir insan
ömrü yaşamağı,
sənətinə sədaqətlə
qulluq etməyi, roldan kənarda cəmiyyətin bütün
həya normalarını
gözləyərək yaşamağı
üstün bildi və bu cür
yaşadı. Övladlarına təmiz ad, bütün sevənlərinin qəlbində
ilıq təbəssüm
dolu bir xatirə qoyub getdi.
Haqqında söz düşəndə
də deyəcəklər
ki, bu dünyada
bir Əsgər var idi.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 3
fevral.- S. 13.