Beynəlxalq mədəni
irs və turizm forumu
Fevralın
1-2-də Bakıda “MİRAS” Mədəni İrsin
Öyrənilməsinə Kömək İctimai
Birliyi və YOCOCU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq
Assosiasiyasının birgə təşkilatçılığı
ilə Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu keçirilib.
Tədbirin məqsədi gəncləri bir araya gətirməklə müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideya və təcrübə mübadiləsi aparmaqdır.
Forumun açılışında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib. Nazir müavini çıxış edərək ölkəmizin milli və mədəni irsinin qorunması və inkişaf etdirilməsi, bununla bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncam və fərmanlar, görülmüş işlər barədə danışıb. Milli və mədəni irsin beynəlxalq arenada tanıdılmasının əhəmiyyətini vurğulayan Nazim Səmədov ölkəmizin 24 ilə yaxındır UNESCO-nun üzvü olduğunu, bu nüfuzlu təşkilat ilə əlaqələrimizin ilbəil genişləndiyini, bu əlaqələrin məntiqi nəticəsi olaraq, hazırda Azərbaycanın bir sıra maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunduğunu xatırladıb. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu qeyd olunub.
Mədəni irsin turizm sahəsinin inkişafında oynadığı roldan söz açan Nazim Səmədov Azərbaycanda son dövrlər, turizmin digər növləri ilə yanaşı, mədəni turizmin inkişafına xüsusi önəm verildiyini vurğulayıb.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Qafar Cəbiyev, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Murad Karaçanta mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə MİRAS İctimai Birliyinin mükafatları təqdim olunub. Birliyin həyata keçirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi və arxeoloji turizmə, Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinin idarə olunmasına göstərilən dəstəyə görə nazir müavini Nazim Səmədova qurumun mükafatı təqdim edilib.
Sonra forumun işi “Araşdır”, “Qoru” və “Təbliğ et” bölmələrində davam etdirilib. Qeyd edək ki, tədbirdə Azərbaycanın gənc tədqiqatçıları ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Hollandiya, Latviya, Macarıstan, Misir və Yəməndən mütəxəssislər iştirak ediblər.
Mədəniyyət.- 2016.- 3
fevral.- S. 9.