Gənc Ədiblər
Məktəbinin üçüncü mərhələsi
başlanıb
Azərbaycan
Yazıçılar Birliyinin (AYB) Natəvan
klubunda Mədəniyyət və Turizm Nazirliyi ilə AYB-nin ortaq layihəsi olan Gənc Ədiblər Məktəbinin
(GƏM) üçüncü mərhələsinin
başlanmasına həsr edilmiş tədbir
keçirilib.
Tədbirdə birliyin katibi, GƏM-in rəhbəri Rəşad Məcid məktəbin yaradılması və qarşıya qoyulan məqsədlərdən danışıb. O, artıq iki layihənin uğurla başa çatdırıldığını bildirib. Qeyd olunub ki, ikinci mərhələ təxminən iki il davam edib. 200-dən artıq gənc bu layihəyə qatılıb. Onlardan 50 nəfər diplomla təltif edilib. Gənclər burada bir-biri ilə daha yaxından tanış olub, müzakirələr aparır, diskussiyalara qatılırlar. Gələcəkdə, ədəbiyyata marağı ötəri olmayan istedadlı gənclər birliyə üzv seçiləcək, onlara təqaüd veriləcək.
Məktəbin görüşləri bir qayda olaraq Yazıçılar Birliyində keçirilir. Ayda bir dəfə keçirilən tədbirin məqsədi istedadlı gəncləri bir araya gətirmək, onlara ustad dərsləri keçmək, yazmağın, sözə münasibətin əsas prinsiplərini göstərməkdir.
GƏM-in yeni əlaqələndiricisi Müşfiq Şükürlü bildirib ki, indiyədək təxminən 50 gənc iştirak üçün müraciət edib. Bölgələrdən gələn gənc yazarlar da fəallıq nümayiş etdiriblər.
Sonra iştirakçı gənclərdən
bir neçəsi şeirlərini oxuyub, layihə haqda
düşüncələrini bölüşüblər.
Mədəniyyət.-
2016.- 3 fevral.- S. 6.