Bəstəkar Mobil Babayevin yubiley
gecəsi keçirilib
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə yanvarın
29-da Azərbaycan Dövlət
Filarmoniyasında tanınmış
bəstəkar, Əməkdar
incəsənət xadimi
Mobil Babayevin anadan olmasının 70 illiyinə
həsr edilmiş yubiley tədbiri keçirildi.
Yubiley gecəsini
Azərbaycan Bəstəkarlar
İttifaqının katibi,
Əməkdar incəsənət
xadimi Zemfira Qafarova açaraq bəstəkarın həyat
və yaradıcılığından
danışdı. Bildirdi ki,
Mobil Babayev 1945-ci ildə
Gəncə şəhərində
dünyaya göz açıb. Bülbül
adına orta ixtisas musiqi
məktəbini və
Azərbaycan Dövlət
Konservatoriyasını bitirib.
Cəfər Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında
musiqi redaktoru, baş redaktor işləyib.
Bəstəkar simfonik orkestr üçün əsərlərin,
lirik mahnıların müəllifidir. Zeynal Vəfanın sözlərinə
yazdığı "Vəfalı
dost" mahnısı 1974-cü ildə "Vilnüs qalaları" (Litva) beynəlxalq mahnı müsabiqəsində birinci
yerə layiq görülüb. Mobil Babayev həmçinin onlarla bədii, sənədli və animasiya filmi üçün musiqilər
yazıb. Çıxışdan sonra tədbirin bədii hissəsi başladı.
Xalq artisti, dirijor Fəxrəddin Kərimovun
bədii rəhbərliyi
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestri bəstəkarın “12 not. Dünən…
Bu gün…” simfonik poemasını, 5 saylı
“Qarabağ” simfoniyasını,
“Ölüm qara qarışqadı…” və
s. əsərlərini ifa
etdi. Solistlər Tural Qasımlı (piano), Vaxtanq İmanov (viola), Xalq artisti
Azər Zeynalov (vokal) idi.
Konsertin
ikinci hissəsində
Azərbaycan Dövlət
Simfonik Orkestri və Xalq artisti
Gülbacı İmanovanın
bədii rəhbərliyi
ilə Azərbaycan Dövlət Xor Kapellası (solistlər Xalq artisti Samir
Cəfərov, Əməkdar
artist Fərqanə Qasımova
və qiraətçi,
Əməkdar artist Azad Şükürov)
Mobil Babayevin 20 Yanvar faciəsinə həsr olunan “Ağlama torpağım, ağlama…”
(sözləri Nüsrət Kəsəmənlinindir)
oratoriyasını və
mahnıları ifa etdi.
Savalan Fərəcov.
Mədəniyyət.- 2016.- 3 fevral.- S. 4.