Gənclik millətin gələcəyidir

 

Gənclər Günü münasibətilə ənənəvi festival keçirilir

 

Azərbaycanda 2 fevral - Gənclər Günü ənənəvi olaraq bu il də çoxsaylı tədbirlər, mədəniyyət layihələri ilə qeyd olunur.

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) birgə təşkilatçılığı ilə gerçəkləşən “Gəncliyin səsi” festivalının açılışı oldu.

Mərkəzin foyesində Bakı Turizm Peşə Məktəbinin kulinar-tələbələrinin hazırladığı mətbəx nümunələri, “ASAN könüllüləri” mədəniyyət mərkəzi üzvlərinin əl işlərindən ibarət sərgi və Azərbaycan TurizmMenecment Universiteti tələbələrinin fotosərgisi nümayiş olunurdu.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmana əsasən ölkəmizdə Gənclər Gününün qeyd olunduğunu, bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də hər il silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı: Ulu öndər Heydər Əliyev gəncliyi hər mənada güclü görmək istəyirdi və bunun üçün əlindən gələni əsirgəmirdi. Ümummilli lider gənc nəslə diqqət və qayğının artırılması, istedadlı gənclərin üzə çıxarılıb tanıdılması və onların yaradıcılıq imkanlarının inkişafı üçün dəstək verilməsi məqsədilə 2 fevralı Gənclər Günü elan etdi. Gənclik millətin gələcəyi, inkişafı deməkdir. Gəncliyin möhkəm olması isə böyüməkdə olan nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyətindən asılıdır. Ağıllı, savadlı gənclər öz millətini irəli apararaq, ölkəmizin daha da inkişafına səbəb olacaqlar”.

Əbülfəs Qarayev bu gün ölkəmizin mədəni, ictimaiidman həyatında gənclərin rolunun böyük olduğunu vurğuladı. Bildirdi ki, ölkəmizdə təşkil olunan tədbirlərdə gənclər könüllü olaraq layiqincə iştirak edirlər. Bu da onların Vətənə, millətə və dövlətə nə qədər bağlı olduğunun bariz nümunəsidir.

Nazir əlamətdar gün münasibətilə gəncləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.

 

 

 

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək Gənclər Gününün qeyd olunmasının əhəmiyyətindən danışdı. Qeyd etdi ki, ASAN xidmət mərkəzlərində çalışanların böyük əksəriyyəti gənclərdən ibarətdir. Qurumun işinin təşkil olunmasında “ASAN könüllüləri”nin böyük əməyi var. Qurum Azərbaycan mədəniyyətinin təbliğ olunması, tanıdılması sahəsində Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edir.

Sonra gənc rejissorlar Nərgiz Bağırzadə və Fariz Əhmədovun “Bir addım” qısametrajlı filmi nümayiş olundu.

Qeyd edək ki, ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdikləri nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Fevralın 5-dək davam edəcək festivalın proqramına Bakı və Gəncədə müxtəlif tədbirlər, sərgi, konsert və yaradıcılıq görüşləri daxildir.

 

* * *

Fevralın 2-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festival proqramının növbəti tədbirləri keçirildi. Tədbirdə ASAN könüllüləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edirdi.

Festival iştirakçıları əvvəlcə filarmoniyanın foyesində Dövlət Rəssamlıq Akademiyası tələbələrinin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Sərgidə gənc rəssamların müxtəlif janrlarda yağlı boya ilə çəkdikləri əsərlər nümayiş olunurdu.

Sonra tədbir Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət simfonik orkestrin konsert proqramı ilə davam etdi. Konsertin dirijoru Cavad Tağızadə, solistləri Pərvaz İbrahimli, Nəcəf Vəliyev, Leyla Muradzadə, İsrafil Rəsulov, Mustafa Aşurov, Nəriman Əmiraslanov, Atabala Manafzadə, Ramiz Sevdiməliyev idi.

Proqramda "Sarı gəlin", "Qara Gilə" xalq mahnıları, Üzeyir Hacıbəylinin "Sənsiz", Musa Mirzəyevin "Noktürn", Jan Batist Arbanın "Venesiya karnavalı", Qara Qarayevin "Don Kixot" simfonik qravürlərindən parça, Vasif Adıgözəlovun "Qərənfil" və digər əsərlər ifa olundu.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 3 fevral.- S. 3.