Xalq şairinin
xatirəsi anılıb
2 fevral - Gənclər Günündə Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad edilib.
Xatirə mərasimində çıxış edən muzeyin direktoru Nüşabə Vəkilova şairin sağlığında hər zaman gəncləri dəstəklədiyini vurğulayıb: "Tədbirə əsasən gəncləri dəvət etmişik. Vaqif gəncliyi sevirdi, onlara qarşı çox həssas idi. Hər zaman gəncliyə arxa dururdu. Məhz bu səbəbdən xatirə tədbirini belə bir gündə qeyd edirik”.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin direktoru, şair Səlim Babullaoğlu şairin yaradıcılığından söhbət açıb, xatirələrini bölüşüb.
Tədbirin aparıcısı Pərvin Nurəliyeva, Rəbiqə Nazimqızı və başqalarının ifasında şairin “Son gecədir bu gün yenə...”, “Sən mənim doğma anamsan, Azadlıq”, “Eşidirsənmi?..”, “Mən burdayam, İlahi!”, “Mən ölən gün”, “Bu payız da başlandı” və digər şeirləri səslənib. Gənclər şairin şeirləri haqqında fikirlərini bölüşüblər.
Tədbirdə Vurğun
ocağının davamçısı, beynəlxalq
müsabiqələr laureatı, Prezident təqaüdçüsü
Vurğun Vəkilov fortepianoda
gənc bəstəkar Emil
Əfrasiyabın “Atama məktub” əsərini
səsləndirib.
Mədəniyyət.- 2016.- 3
fevral.- S. 2.