Dünyanı obyektivdən fərqli görən qız

Dünyada ta əzəldən belə olub: yaşlılar gəncləri, xüsusən də onların düşüncə tərzini bəyənməyiblər, cavanlar da yaşlıların onları başa düşmədiklərindən şikayətləniblər. Yaşlıların məni yaşlı, gənclərin isə gənc hesab etmədiyi yaşda olduğumdan hər iki tərəfi tam dəstəkləmirəm. Amma istedadlı, öz bacarığının arxasınca gedən gəncləri görəndə ürəyim dağa dönür. Belə gənclərimizdən biri ilə sizi tanış edirik.

 

Musiqi Akademiyasının IV kurs tələbəsi, skripka ifaçısı və fotoqraf Maya Bağırova. Qəribə sənət tandemidir, deyilmi? Hələ bilsəniz ki, bu qız ötən ilin dekabrında Fransa Milli Zərif Sənətlər Cəmiyyətinin keçirdiyi beynəlxalq sərgidə iki qızıl medala və «Jan Larivye» mükafatına layiq görülüb, həm də təəccüblənəcəksiniz. Maya Beynəlxalq Muğam Mərkəzində fotoqraf işləyir. Mərkəzin foyesində əyləşib, bu utancaq, suallara sıxıla-sıxıla cavab verən qızı danışdırmağa çalışıram.

- Maya, musiqi ilə təsviri sənətin arasında yaxınlıq çoxdur. Amma simli alət ifaçısının foto üzrə beynəlxalq mükafat aldığını eşitməmişəm...

- Ailəmizdə incəsənəti, musiqini çox sevirlər. Skripka sinfini mən özüm seçmişəm. Musiqi məktəbində həvəslə oxumuşam. Bu il də Bakı Musiqi Akademiyasını skripka üzrə bakalavr pilləsini bitirirəm.

- Fotoya marağın necə yarandı?

- Balaca, həvəskar çəkiliş üçün olan fotoaparatım var idi. Hara gedirdimsə, onu özümlə götürürdüm. Təxminən 16 yaşımda hiss etdim ki, bu, adi həvəs deyil. Foto sənəti ilə bağlı hər şeyi özüm öyrənmişəm, müəllimim olmayıb. Hiss edirdim ki, ətrafda başqalarının görmədiklərini mən görürəm.

- Bu il akademiyanı bitirirsən, həm də fotoqraf kimi artıq uğurların var. Yaxın gələcəyini necə görürsən?

- Düzü, musiqiçi kimi nə istədiyimi hələ tam bilmirəm. Mən musiqidə icraçıyam, bəstəkarın yaratdığını ifa edirəm. Amma fotoqrafiyada yaradıcı özüməm.

- Məntiqli yanaşmadır. Yaxşı, bəs niyə ağ-qara fotoqrafiyanı seçdin?

- Bilirsiniz, tamaşaçılar rəngli fotolara baxanda demək olar ki, rəng kompozisiyasına diqqət yetirirlər, fotoşəklin məğzini unudurlar. Ağ-qara şəkillərə baxan tamaşaçı şəklin məğzini axtarır, şəkil onu düşündürür, müəllifin nə demək istədiyini anlamağa çalışır.

- İndi də gələk Fransadakı sərgiyə. İlk mükafatını Azərbaycanın birinci dəfə təmsil olunduğu sərgidə almısan. Maraqlıdır, bu sərgidən necə xəbər tutdun?

- Xalam Aytən Muradova uzun illərdir ki, Parisdə yaşayır. Bu sərgidə iştirakıma da o səbəb olub. O, mənim fotoşəkillərimi Zərif Sənətlər Cəmiyyətinin direktoru İzabell Lavsona göstərib. Xanım Lavson kəpənəkləri çox sevir. Mənim həmin fotolarımdan birində kəpənəklər əks olunmuşdu. O, kəpənəkləri görən kimi mənim bu sərgidə iştirakıma dərhal razılıq verib. Sərgi günlərində mənə Azərbaycan barədə çoxlu suallar verirdilər, bu şəkilləri harada çəkdiyimlə maraqlanırdılar.

- Parisə neçə şəkil yollamışdın?

- Cəmi beş fotoşəklim nümayiş olunurdu, hamısı da mövzusuna görə fərqlənirdi. Qaydaya görə, fotoşəkilləri münsiflər heyətinin üzvləri təklikdə, bir-birinə heç nə söyləmədən seçirlər. Sonda heyət yığılanda məlum olub ki, mənim fotolarıma hamı birincilik verib. Bunu eşidəndə sevincimdən elə bildim ki, göyün yeddinci qatındayam.

- Beynəlxalq sərgidə ilk iştirakın sənə uğur gətirdi. Yəqin ki, başqa yarışlara da qatılmaq niyyətin var.

- «Jan Larivye» mükafatı fotoqraf üçün Avropada meyar sayılır. Yəni fotoqraf bu adı alıbsa, deməli, onun işi yüksək qiymətləndirilir. Yaxın vaxtlarda İsveçrədə keçiriləcək bir festivalda iştirak etməyi düşünürəm. Çox istəyirəm ki, Avropada fərdi sərgim açılsın.

- Bəs Bakıda necə?

- Müxtəlif tematikqrup sərgilərində öz işlərimlə iştirak etmişəm. Amma bilirsiniz, bizdə sərgiyə gələnlər daha çox müəllif ilə ünsiyyət qurmaq istəyənlər, dostlar, mətbuat işçiləridir. Avropada isə əvvəlcə sənin işlərinlə tanış olurlar.

- Fikrinlə razılaşıram. Sənin nə zaman, nə üçün, hansı ovqatda fotoaparatı əlinə aldığını bilmək də maraqlıdır...

- Mən yalnız bədii fotoqrafiya ilə məşğulam. Sifarişlə işləyə bilmirəm. Ürəyimcə olmayan heç bir fotonu üzə çıxarmaram. İçərişəhəri, dənizi çəkməyi çox sevirəm. Yeri gəlmişkən, Parisdə qalib gələn fotolarımdan biri dəniz sahilindəki tənha qız şəkli idi. Çalışıram ki, lentə aldıqlarım məhz mənimki olsun, kimisə təkrar etməyim. Məşhur foto ustası Reza Diqqəti deyir ki, Mayaya dəyməyin, qoy öz yolunu özü seçsin!

 

* * *

Maya ilə söhbət etdiyimiz gün onun hələlik qısa olan yaradıcılıq bioqrafiyasına daha bir mükafat əlavə edildi: o, Azərbaycan Fotoqraflar Birliyinin «İlin fotoqrafı» təltif tədbirində “Bürünc Arqus” peşə mükafatına layiq görüldü.

Uğurları bol olsun!

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 10.