Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin
Gənclər Gününə töhfəsi
2 fevral
- Gənclər Gününə həsr olunmuş
ənənəvi “Gəncliyin səsi” festivalı davam edir. Bu
il də festival
proqramına çoxsaylı tədbirlər, sərgi və
konsertlər daxildir.
Fevralın 3-də festival çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Bakı Xoreoqrafiya Akademiyası tələbələrinin konserti keçirildi. Tədbirdə akademiyanın tələbələri ilə yanaşı, orta məktəb şagirdləri və digər ali məktəblərin tələbələri də iştirak edirdi.
Konsertdən əvvəl Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova ali təhsil müəssisənin fəaliyyəti haqqında ətraflı məlumat verdi. Qeyd etdi ki, akademiyada tələbələr davamlı təhsil sistemi üzrə təhsil alaraq, bilik və bacarıqlarını daha da gücləndirirlər.
Konsert proqramında Azərbaycan və dünya xalqlarının rəngarəng rəqsləri nümayiş olundu. Əvvəlcə gənc rəqqaslar “Azərbaycan süitası” adlı kompozisiya ilə çıxış etdilər. Sonra tələbələr P.Çaykovskinin “Yatmış gözəl”, “Şelkunçik” baletlərindən variasiyalar, İ.Minkusun “Don Kixot” baletindən və digər əsərlərdən parçalar ifa etdilər. Həmçinin ispan, Moldova, qaraçı, yunan və balkan xalq rəqsləri nümayiş olundu.
Konsertin bədii rəhbəri Xalq artisti Gülağası Mirzəyev, quruluşçu baletmeysteri Xalq artisti Yusif Qasımovdur.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 5
fevral.- S. 8.