“O, dünya şöhrəti qazansa
da, Azərbaycan bəstəkarı olaraq qalır”
Qara Qarayevin yaradıcılıq irsi təbliğat və tədqiqat üçün zəngin mənbədir
Qara Qarayev dedikdə nəzərimizdə
dahi bəstəkar, böyük
vətəndaş, sənətin zirvələrini fəth edib xalqını dünyaya
bu zirvədən tanıdan bir şəxsiyyət canlanır. Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olan
bəstəkar novator meylləri ilə öz üslubunu yaratmış, əsərləri
milli hüdudları yararaq
dünyanın müxtəlif qitələrinə yol açmışdır. Klassik
musiqi ənənələrini neoklassizm cərəyanı ilə qovuşduraraq milli
üslubları müasir musiqi
texnikası ilə birləşdirən bəstəkar musiqi tariximizə yeni bir səhifə yazdı.
Dünya musiqisinin ən gözəl cəhətlərini və müasir musiqi texnikasını dərindən mənimsəyərək öz məktəbini və davamçılarını yaratdı. Bütün bu fəaliyyəti ona böyük uğurlar və mükafatlar qazandırdı: SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki. Bu sıraya bir mükafatı da əlavə edək: sənətkara xalq məhəbbəti.
Bəstəkarın sənət incilərindən danışarkən deməliyik ki, onların təbliği bu günün ən aktual məsələlərindəndir. Bu yerdə Qara Qarayevin özünün bir təbliğatçı kimi fəaliyyətinə nəzər salaq. Əsərləri onlarla ölkədə və şəhərdə səslənərək Azərbaycan bəstəkarlıq məktəbini təbliğ edən sənətkar xalq musiqisinin təbliğinə də töhfələr vermişdir. Bu işdə bəstəkarın 1930-cu illərdən iştirak etdiyi ekspedisiyaların çox mühüm təsiri vardı. Sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor Zemfira Səfərovanın tərtib etdiyi “Qara Qarayevi anarkən” kitabından (2002) Qara müəllimin bir xatirəsini yada salaq.
Bəstəkar yazır: “Elmi tədqiqat kabinetinin rəhbəri Bülbül məni xalq musiqisi üzrə işləməyə cəlb etdi. Mən aşıq yaradıcılığını, muğamları, xalq mahnılarını və oyun havalarını fonovaliklərə yazıb onların üzərində işləyirdim. Şəki şəhərində ekspedisiyada olduğum zaman mən bir sıra qeydlər etmişdim. Bu səfərin nəticəsi çox əhəmiyyətli oldu. Çünki mənim eşitdiyim xalq mahnılarından biri Rəsul Rzanın sözlərinə yazılmış “Könül mahnısı” kantatamın əsasını təşkil etdi”.
Bəstəkarın xalq musiqisini öyrənib, mənimsəyərək öz yaradıcılığında təbliğ etməsində Cabbar Qaryağdıoğlu, Qurban Pirimov kimi sənətkarların da xidmətləri olub. Onların ifasında o, bir neçə muğam və təsnifləri nota köçürərək əsərlərinin melodik dilində milli köklərə istinad etmişdir. Məsələn, bəstəkarın 3-cü simfoniyasının 2-ci hissəsində aşıq musiqisinin intonasiyaları, “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”, “Leyli və Məcnun” simfonik poemasından bir sıra fraqmentlər xalq musiqisinin melodik çalarlarına əsaslanır. Bəstəkarın digər əsərlərində də belə nümunələr var.
Qara Qarayevin təbliğatçılığı onun ictimai fəaliyyətində də özünü göstərir. Z.Səfərovanın tərtib etdiyi kitabdan oxuyuruq ki, bəstəkar Şəkidə ekspedisiya zamanı orada ifasını eşitdiyi bir neçə musiqiçinin peşəkar səhnəyə gəlməsinə zəmin yaradır. Buna Cəfər Bayramov, Aydın Məmmədov və başqalarından ibarət zurnaçılar dəstəsini misal göstərə bilərik. Onlar Qara müəllimin təşəbbüsü ilə həm Bakıda Filarmoniyada çıxış etmiş, həm də 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət ongünlüyündə iştirak etmişlər. Qara müəllimin tövsiyələri ilə 13 yaşlı tütək ifaçısı, gözəl səsə malik Abbas Abdullayev də musiqi sənətinə yiyələnir və uzun illər Filarmoniyada fəaliyyət göstərir.
Bütün bunlar bəstəkarın təbliğatçılıq fəaliyyətinə ən gözəl nümunədir. İndi isə Qara Qarayev yaradıcılığının təbliği məsələlərindən danışaq. Sözsüz ki, bu, geniş bir söhbətin mövzusudur. Odur ki, konkret olaraq Qara Qarayev yaradıcılığının radio və televiziyada təbliğindən söz açmaq istərdik.
Əvvəlcə Azərbaycan Radiosunun fondundan başlayaq. Burada bəstəkarın
zəngin irsi toplanılıb. Belə ki,
onun əsərləri,
bəstəkarın səsi,
yazılan verilişlər
və ona həsr olunan radio oçerklər saxlanılır.
Məsələn, “Vətən”
operasından “Dilbərin
ariyası” (ifaçı
Sona Aslanova, müşayiətçi Yelena Mustafayeva)
1979-cu ilin sentyabrında
yazılıb, dekabrında
fonda daxil
olub. “Yeddi
gözəl” baletindən
Aişənin rəqsi
Moskvada lentə yazılıb. ART-nin kamera orkestri
(dirijor Nazim Rzayev) tərəfindən
səsləndirilib. Tarix:
1971-ci ilin mayı. Qara Qarayevin radionun fondunda olan əsərlərindən
“Yeddi gözəl” və “İldırımlı
yollarla” baletləri, “Leyli və Məcnun”
simfonik poeması, “Don
Kixot” simfonik qravürləri, simfoniyaları,
estrada orkestri üçün müxtəlif
səpgili pyesləri,
“Bir məhəlləli
iki nəfər”, “İnsan məskən salır”, “Uzaq sahillərdə” və s. kinofilmlərin musiqisi, mahnı, romansları və başqalarının
adını çəkə
bilərik.
Qeyd etdiyimiz
kimi, burada bəstəkarın öz
çıxışları və onun haqqında
verilişlər də
saxlanılır. Həmin verilişlərin bir çoxu Əməkdar jurnalist Telman Qarayevin zəhmətinin bəhrəsidir.
Telman müəllimin xidmətləri
uzun illər ərzində toplanan tarixi səs yaddaşına çevrilib.
Bu gün onlar
bizim üçün
dəyəri heç
nə ilə əvəz oluna bilməyən qiymətli yadigarlardır. Qocaman
jurnalist Qara Qarayev irsinə məhəbbətini belə
izah edir: “Hələ gənclik illərimdən Qarayev sənətinə böyük
məhəbbətim var
idi. Soyadımızın da eyni olması məni ona daha da
yaxınlaşdırırdı. Nəhayət, jurnalistlik sənəti
sanki bizi doğmalaşdırdı. Hətta ilk övladıma belə Qara müəllimin adını verdim. Onunla çoxlu sayda görüşlərim olub.
Hazırladığım radio verilişləri də məhz bu yaradıcılıq ünsiyyətindən irəli
gəlir. Qara Qarayev
əlçatmaz zirvədir”.
Telman müəllimin
Qara Qarayev haqqında radio verilişlərinin
tarixi təxminən
1967-68-ci illərdən başlayır. Verilişlərdə bəstəkarın 50, 60, 70 illik
yubileyləri, müxtəlif
dövrlərə aid yaradıcılıq
uğurları, yeni yaranan əsərləri haqqında özünün
və sənət dostlarının fikirləri
bir sözlə, bu kimi mövzular
işıqlandırılıb. Bu verilişlərin ən dəyərli cəhətləri orada təqdim olunan canlı səslərdir.
Bu səslər içərisində Qara Qarayevin çıxışları
diqqətimizi cəlb edir.
Həmin çıxışlardan biri
bəstəkarın Moskvada,
Kremlin sütunlu salonunda
keçirilən 70 illik
yubileyində lentə
alınıb. O, jurnalist Telman Qarayevə dahi Üzeyir bəy haqqında müsahibə verir: “Yaxın Şərq xalqlarının incəsənətində
ilk opera olan “Leyli və Məcnun”dan Azərbaycan opera sənətinin
tacı və xalqımızın mədəni
irsini əvəzedilməz
inci kimi zənginləşdirən “Koroğlu”ya
qədər Azərbaycan
opera sənətinin bütün
inkişaf tarixi Üzeyir Hacıbəyovun
adıyla qırılmaz
tellərlə bağlıdır.
O, milli operanı inkişaf etdirmək yolunda böyük çətinliklərə rast
gəlmişdir. Musiqişünaslarımız
tərəfindən Üzeyir
Hacıbəyovun yaradıcılıq
irsini öyrənmək
üçün az iş görülməmişdir. Ancaq biz bəstəkarın
ilk əsərlərindən bədii yaradıcılığının
zirvəsi olan ölməz “Koroğlu” operasına qədər keçdiyi böyük yolu tam mənada hərtərəfli tərənnüm
edə bilmirik”.
Öz çıxışında Üzeyir
bəy irsinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında
misilsiz əhəmiyyətindən
danışan Qara Qarayev onun yüksək
insani keyfiyyətlərindən
də söhbət açır: “O zaman mən cavandım. Təcrübəsizdim. Dekadaya mənim ilk böyük
əsərim olan “Ürək mahnısı”
hazırlanırdı. Dekada bu kantata ilə
bitəcəkdi. Üzeyir Hacıbəyov
təkcə mənə
bir bəstəkar kimi kömək etməklə kifayətlənmir,
eyni zamanda rəhbərlik etdiyi Azərbaycan Filarmoniyası
xorunun kantatanı öyrənməsinə də
diqqət yetirirdi.
Xatirimizdə qalmış
bu hadisələr böyük bəstəkarın,
gözəl insanın,
qayğıkeş dost və
mehriban müəllimin
simasını bir daha gözlərimiz qarşısında canlandırır”.
Bu gün Qara Qarayevin səsini və çıxışını
dinləyərkən bizim
də gözümüz
önündə onun möhtəşəm siması
canlanır. Onu da nəzərinizə
çatdırırıq ki,
Telman Qarayev bəstəkarın çıxışlarından
özünün dövri
mətbuatda nəşr
olunan məqalələrində
və 2011-ci ildə nəşr olunan “Sənətin keçdiyi yollar” kitabında da istifadə etmişdir.
Ümumiyyətlə, Azərbaycan Radiosunda Qara Qarayev irsinə
tez-tez müraciət olunaraq, onun yaradıcılığının müxtəlif cəhətləri
tədqiq və təbliğ olunur. Bu istiqamətdə musiqişünas-alimlərdən
Elxan Babayev, Ramiz Zöhrabov, unudulmaz bəstəkarlar Əfrasiyab Bədəlbəyli,
Azər Rzayev, jurnalistlərdən Möhləddin
Səməd, Gülbəniz
Hüseynova və başqaları vaxtilə
radio verilişləri hazırlayıblar.
Azərbaycan radiosunda müəllif
və aparıcısı
olduğum “Musiqi dünyası” proqramlarında
da bəstəkara həsr olunan bir neçə veriliş.
Əlbəttə, bəstəkardan qalan inciləri layiqincə qorumaq bizim mənəvi
borcumuzdur. Çünki Azərbaycanımızın digər görkəmli şəxsiyyətləri kimi
Qara Qarayev də əvəzolunmazdır.
Bu yerdə görkəmli
rus bəstəkarı
Radion Şedrinin fikirlərini sizə xatırladıram: “Qara Qarayev musiqidə öz üslubunu tapmış və öz məktəbini yaratmışdır. Bu məktəbin çoxlu ardıcılları var. O, dünya
şöhrəti qazansa
da, Azərbaycan bəstəkarı olaraq qalır”.
Bu qiymətli kəlamlardan
sonra yalnız bunu deyə bilərəm ki, dünya şöhrətli
Azərbaycan bəstəkarlarının
irsini yaşatmaq bizim üzərimizdə böyük məsuliyyət
qoyur. Qara Qarayevin tələbələri
də onun əməllərini layiqincə
davam etdirməyə çalışıb, daim
xatirəsini əziz tutublar. Bu mənada bəstəkarın məktəbindən
dərs alan
Əməkdar incəsənət
xadimi, bəstəkar-musiqişünas
Nərgiz Şəfiyevanın
“Qara Qarayev tələbələrinin xatirəsində”
kitabı da onun irsinə dair dəyərli bir mənbədir. Kitabda sənətkarın pedaqoji
fəaliyyəti sayəsində
formalaşan neçə-neçə
bəstəkarın xatirəsi
onun zəngin yaradıcılıq yolundan
xəbər verir.
Qara Qarayev yüksək sənətkarlıq
meyarları ilə yalnız yaşadığı
zamanın deyil, bütün dövrlərin
görkəmli şəxsiyyəti,
sevilən bəstəkarı
və nəsillərin
müəllimi kimi əbədiyaşardır.
Səadət Təhmirazqızı
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2016.- 5
fevral.- S. 7.