Qürbətdə bitən ömür - sönməyən azadlıq eşqi

 

Ceyhun Hacıbəylinin 125 illiyinə həsr olunmuş tədbir

 

Fevralın 3-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində tanınmış publisist, yazıçı, tərcüməçi və ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) anadan olmasının 125 illiyinə həsr edilmiş tədbir keçirildi.

 

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbiri açaraq Azərbaycan Respublikası PrezidentininCeyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli sərəncam imzaladığını diqqətə çatdırdı. Bildirdi ki, Ceyhun Hacıbəylinin yubileyinin dövlət səviyyəsində qeyd olunması onun həyat və fəaliyyətinin, irsinin dərindən tədqiq edilməsinə də zəmin yaradır.

Nazirlər Kabineti Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, filologiya elmləri doktoru Abid Tahirli çıxış edərək bildirdi ki, son illər Ceyhun Hacıbəylinin yaradıcılığı müxtəlif istiqamətlərdə araşdırılır. Qeyd etdi ki, Ceyhun bəyin yaradıcılığının birinci mərhələsi 1905-ci ildən 1919-cu ilədək olan dövrü əhatə edir. O, ilk bədii əsərlərini - kiçik həcmli felyetonlarını, “Pristav ağa”, “Zaqafqaziya” kəndlisinin həyatından”, “Barışmaz ata”, “Nümunəvi sübut” və s. hekayələrini, eləcə də ayrı-ayrı hekayələrdən ibarət “Hacı Kərim” povestiniProqres”, “Baku”, “Kaspi” qəzetlərində dərc etdirib. Bir tərəfdən cəhalətin, ətalətin, biganəliyin, fanatizmin, mədəni geriliyin, elmə, təhsilə, tərəqqiyə xor münasibətin, digər tərəfdən çar üsul-idarəsinin mənfur siyasətinin tənqidi C.Hacıbəylinin mühacirətə qədərki əsərlərinin başlıca xüsusiyyətlərindəndir. Adı azadlıq tariximizə qızıl hərflərlə yazılan ədib mühacirət dövründə (1919-1962) əqidə və amalından dönməyərək Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb.

AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova Hacıbəylilər nəslinin elmə, mədəniyyətə, xüsusilə də musiqiyə dərin köklərlə bağlılığından söz açdı. Qeyd etdi ki, Ceyhun bəy 1912-ci ildə Moskvada təhsil alan qardaşı Üzeyir bəyə məktubunda yazırdı: “Fikrimə gəldi ki, gedim Hacı Zeynalabdinin yanına. Hacı məni çox mehriban qəbul etdi və səni də soruşdu. Dedim, Moskvada konservatoriyada oxuyur. Dedi ki, çox yaxşı olub. Bizim musiqiyə çox ehtiyacımız var. Dedim ki, mən də Parisdə musiqi oxuyurdum, lakin pulum olmadı, qayıdıb gəldim. O mənə musiqi oxumaq üçün Parisə getməyi tövsiyə elədi və dedi ki, mən Həsən ağaya deyərəm sənə müəyyən məvacib verərlər ki, sən Parisdə dolana biləsən. Mən çox məmnun olub evə qayıtdım”.

Ancaq Ceyhun bəy hansı səbəbdənsə pulu almadığı üçün musiqi təhsilini davam etdirə bilmir. Bundan sonra o, bədii yaradıcılıqla məşğul olmağa üstünlük verir, tərcüməçiliklə məşğul olur.

Çıxışlardan sonra tədbirin bədii hissəsi musiqi ilə davam etdi. Ü.Hacıbəylinin “Koroğlu” operasından Koroğlunun ariyası, “Leyli və Məcnun” operasından səhnə, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, Z.Hacıbəyovun “Aşıq Qərib” operasından uvertüraNiyazininKonsert valsı” səsləndirildi.

Sonda muzeyin arxiv materialları əsasında hazırlanmış Ceyhun Hacıbəyliyə həsr olunan slayd-şou təqdim edildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 5 fevral.- S. 4.