Milli irs və mətbəximiz Yaponiyada festivalda nümayiş olunub
Yaponiyanın paytaxtı Tokionun mərkəzində yerləşən
Mequro Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının
(MİFA) eyniadlı rayonunun
ərazisində yaşayan
xalqların nümayəndələrinin
iştirakı ilə
təşkil etdiyi ənənəvi festivalda
Azərbaycan yüksək
səviyyədə təmsil
olunub.
Festivalın açılış mərasimində çıxış edən MİFA-nın baş direktoru xanım Reyko Kato və Mequro rayonunun meri Eici Aoki tədbir iştirakçılarını salamlayıblar. Bildirilib ki, MİFA rayon ərazisində yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin qurulmasında, onların həm yapon, həm də bir-birinin mədəniyyətini, adət-ənənələrini, dilini öyrənməsində mühüm rol oynayır.
Festival müxtəlif xalqların mədəniyyət nümunələrini əks etdirən bədii proqramla davam edib. Yaponiyada yaşayan həmyerlimiz, beynəlxalq müsabiqələr laureatı, pianoçu Gülnarə Səfərova-Azumanın ifa etdiyi milli mahnılarımız və bəstəkar musiqisi nümunələri iştirakçıların alqışları ilə qarşılanıb.
Rayon ərazisində yerləşən Azərbaycan, Qırğızıstan, Özbəkistan, Polşa, Nepal, Sudan, Cibuti və Keniya səfirliklərinin stendləri iştirakçıların böyük marağına səbəb olub.
Azərbaycan səfirliyinin stendində milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş müxtəlif çap məhsulları, “İRS-İsan” jurnalının nömrələri, “Jalə” nar şirələri, milli mətbəximizin nümunələri tədbir iştirakçılarına təqdim edilib. Azərbaycan milli mətbəxinin ləziz nümunələri, şəkərbura və paxlava tədbirdə iştirak edən yaponların, eləcə də digər xalqların nümayəndələri tərəfindən xüsusi rəğbət görüb.
Mequro rayonunun meri
Eici Aoki bildirib ki, ölkəmizin stendi yüksək səviyyədə təşkil
olunub. Ümumiyyətlə, Azərbaycan səfirliyi
ilə rayon meriyası arasında xoş münasibətlər var
və birgə layihələr həyata keçirilir.
2013-cü ildə Azərbaycanın bir
sıra rayon və şəhər icra hakimiyyəti
başçılarından ibarət qrupun
Mequro rayon rəhbərliyi
ilə görüşünü
xatırladan mer bildirib
ki, Yaponiyada ölkəmizə
böyük maraq var. Rayon rəhbərliyi
Azərbaycanla daha sıx əməkdaşlığın
qurulmasına çalışır.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 16.