Tarixi saxtalaşdırmaq cinayətdir

 

Xocalı faciəsi haqqında kitabın təqdimatı

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Sabir Məmmədovun “Tarixi saxtalaşdırmaq cinayətdir” adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri kitabxananın direktoru Tahir Sadıqov açaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı tarixi həqiqətlərin dünyaya çatdırılması sahəsində görülən işlərin, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan və dünyanın bir çox ölkələrində həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətindən danışıb.

Qeyd edib ki, Xocalı faciəsinin şahidi olan, Xocalı polis bölməsinin ilksonuncu rəisi Sabir Məmmədovun qələmə aldığı “Tarixi saxtalaşdırmaq cinayətdir” kitabı müəllifin Qarabağ müharibəsi ilə bağlı cəbhə xatirələrindən bəhs edir. Qarabağ döyüşlərində iştirak etmiş müəllif kitabda həmin vaxt Xocalıda tüğyan edən hadisələrdən, xocalıların başlarına gələn müsibətlərdən söhbət açır.

Digər çıxış edənlər də kitabın tarixi faktların əks olunması baxımından əhəmiyyətini qeyd ediblər.

Sonda müəllif kitab haqqında fikirlərini bölüşüb və nəşrin bir neçə nüsxəsini kitabxanaya hədiyyə edib.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 14.