Milli maarifçiliyin
fədakarları: Mirzə Abbas Abbaszadə
XIX əsrin sonu - XX əsrin əvvəllərində
yaradılan məktəblərdə Azərbaycan dilinin tədrisinə dair
dərsliklər çatışmırdı. Mövcud
vəsaitlər də yeni tədris
üsulları ilə uyğun gəlmirdi.
Bu dövrdə ana
dilində dərsliklərin hazırlanması istiqamətində
ardıcıl iş aparan
ziyalılarımızdan biri də
görkəmli pedaqoq, folklorşünas
və xeyriyyəçi Mirzə Abbas
Abbaszadə olub.
Mirzə Abbas Ələkbər oğlu Abbaszadə 1870-ci il martın 12-də Gəncə şəhərində anadan olub. Şah Abbas məscidinin nəzdindəki məktəbdə ibtidai təhsil alıb. Sonra Gəncə şəhər mədrəsəsinə daxil olur, dövrün tanınmış maarifçi-pedaqoqları Mirzə Xəlil Şeyxzamanov və Molla Hüseyn Pişnamazzadədən dərs alır. Ərəb, fars dillərini öyrənir, N.Gəncəvi, M.Füzuli, S.Şirazi və başqa ədib-mütəfəkkirlərin əsərlərini mütaliə edir.
Bir il atasının açdığı məktəbdə müəllimlik etdikdən sonra 1893-cü ildə Şərq ölkələrinə səyahətə çıxır. İran, İraq, Özbəkistan və Türkiyədə olur, bu ölkələrin elm və mədəniyyət xadimləri ilə görüşür. Xorasanda və Səmərqənddə din xadimlərindən dərs alır.
1894-cü ildə Gəncəyə qayıdan Mirzə Abbas Gəncə şəhər məktəbində işləmək üçün Tiflis gimnaziyasında imtahan verir və müvəffəqiyyət qazanır. Məktəbdə ana dili və şəriətdən dərs deyir. O, Tiflisdə olarkən Firidun bəy Köçərli və Aleksey Çernyayevski ilə görüşür. Ona “Fikir” qəzetinin Gəncə müxbiri işi tapşırılır.
Şəhər məktəbində işləməsi M.A.Abbaszadənin rus dilini də öyrənməsinə şərait yaradır. O, eyni zamanda 1896-cı ildə Tiflis Aleksandrovski Müəllimlər İnstitutunda müsəlmanlar üçün qısamüddətli kursun dinləyicisi olur. Həmin il görkəmli publisist və pedaqoq Ömər Faiq Nemanzadə Gəncəyə gəlir. Yerli müəllimlərlə görüşür maarifçi mühitin daha da canlandırılması istiqamətində söhbətlər aparılır. Bu görüşlərdən sonra Mirzə Abbas yeni dərsliklərin yaradılması, uşaqların ana dilində təhsil alması və Azərbaycan qadınlarının da məktəbə cəlb edilməsi istiqamətində fəaliyyətini artırır.
1898-ci ildə Gəncənin Bağmanlar yaşayış sahəsində əhalinin topladığı vəsait hesabına ilk rus-tatar (Azərbaycan) məktəbi açılır. Mirzə Abbas Azərbaycan dili və şəriət müəllimi təyin edilir. O, rus-tatar məktəbində işlədiyi dövrdə “Birinci il. Əlifba” dərsliyini hazırlayaq 1900-cü ildə Gəncədə çap etdirir. Bundan xəbər tutan din xadimləri dərsliyin yayılmasına mane olurlar. Hətta müəllif haqqında Gəncə qubernatoruna şikayət edirlər. Bundan sonra dərslikdən gizli şəkildə istifadə olunur.
1901-ci ildə məktəbdə qızlar şöbəsi təşkil edilir. Təhsilli qadın müəllimi olmadığından ana dili və şəriət fənləri Mirzə Abbasa həvalə olunur. O, “Birinci şöbə üçün şəriət dərsi”, “İkinci şöbə üçün şəriət dərsi” adlı kitabları hazırlayıb Gəncədə nəşr etdirir.
1906-cı ildə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təşkilində yaxından iştirak edir. Bakıda fəaliyyət göstərən “Nicat” və “Nəşri-maarif” cəmiyyətlərinin Gəncə şöbələrinin yaranmasına köməklik göstərir. Həmin il avqustun 15-də Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayına Gəncədən nümayəndə seçilir. Onun pedaqoji-metodiki və ictimai fəaliyyətinin ən cəsarətli, ən məhsuldar dövrü bundan sonra başlayır. Ərəb qrafikalı əski Azərbaycan əlifbasını dəyişdirməyin yox, sadələşdirməyin tərəfdarı kimi çıxış edir. Rəşid bəy Əfəndiyevin “Uşaq bağçası” kitabından fərqlənən orijinal əlifba dərsliyi yaradır. Kitabın titul vərəqində “Yelizavetpol” əvəzinə “Gəncə” yazılmasına nail olur. Dərslik Gəncə quberniyasının məktəblərində, eləcə də Gürcüstan, Kazan, Krım, İstanbul, Qars və Orta Asiyanın bir sıra məktəblərində istifadə edilir. Böyük istiqlal şairi Əhməd Cavad kitabı “türk dünyasının birinci əlifbası”, müəllifin özünü isə “əlifba tədrisində tayı-bərabəri olmayan” müəllim adlandırır.
Onun “Əlifba”, “Şəriət dərsi” və “Arvad ağısı” adlı folklor nümunələrindən ibarət üç kitabı nəşr edilir. “Arvad ağısı” müəllifin xalq ədəbiyyatımızın gözəl bilicisi və toplayıcısı olduğunu göstərir. Bu toplu 2004-cü ildə AMEA-nın Folklor İnstitutu tərəfindən “Azərbaycan folklorunun ilkin nəşrləri” seriyasından təkrar çap olunub.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Mirzə Abbas Abbaszadə ictimai xadim kimi tanınır. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin və Gəncə Türk Müəllimləri İttifaqının fəal üzvü kimi milli hökumətin tədbirlərində çıxış edir, xidmətləri milli hökumət tərəfindən yüksək qiymətləndirilir. Gəncə Türk Müəllimləri İttifaqının təklifi ilə 1919-cu il mayın 23-də Gəncənin yay klubunda M.A.Abbaszadənin pedaqoji fəaliyyətinin 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilir. Tədbirdə parlamentin üzvü A.İ.Malxazov, Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəyli çıxış edərək onu təbrik edirlər.
28 aprel 1920-ci ildə Xalq Cümhuriyyəti süqut edir, may ayında milli hökuməti bərpa etmək məqsədilə Gəncədə baş verən üsyanın iştirakçılarına “Qırmızı ordu” tərəfindən divan tutulur. Mirzə Abbas Abbaszadə də öz evində güllələnir.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 12.