Özbəkistanda
Qarabağ milli geyimlərinin
sərgisi açılıb
Ölkəmizin
Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət
göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət
Mərkəzinin təşəbbüsü ilə əzəli
yurd yerimiz olan Qarabağın milli
geyimlərinin sərgisi açılıb. Mədəniyyət
mərkəzinin foyesində yaradılan və daimi
nümayiş etdiriləcək nümunələr
Bakıdakı Milli Geyim
Evi tərəfindən hazırlanıb.
Kolleksiyaya Qarabağın XVII-XIX əsrlərə aid mərasim, toy libasları, şənlik geyimləri, bölgənin zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Libaslar əsasən ipəkdən hazırlanıb və daş-qaşlarla bəzədilib.
Mədəniyyət mərkəzinin direktoru Samir Abbasov sərginin açılışında çıxış edərək bildirib ki, Özbəkistanda Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Qarabağ və digər dilbər guşələrimizin geyimləri, xalçaları, mətbəxi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Mərkəz tərəfindən 2015-ci ildə təşkil edilən "Könlüm keçir Qarabağdan" adlı sərgidə Qarabağ xalçaları, mətbəx nümunələri nümayiş etdirilib, həmçinin "Azərbaycan-özbək milli geyimləri" adlı dəb sərgisində bu bölgəyə aid geyimlər təqdim olunub. Azərbaycanın regionlarının məxsusi geyimləri ilə seçildiyini deyən S.Abbasov mədəni irsimizin, o cümlədən milli geyimlərimizin dünyada tanıdılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun layihələri haqqında məlumat verib.
Tədbirdə çıxış edən özbək yazıçı, Azərbaycan dilindən tərcümələr edən Şəhla Qasımova Qarabağ geyimlərinin öz rəngarəngliyi ilə seçildiyini vurğulayıb. Onun sözlərinə görə, bu, Qarabağda yaşayan azərbaycanlıların tarixinin, mədəniyyətinin nə qədər zəngin olduğunu sübut edir.
Mədəniyyət mərkəzinin nəzdindəki kurs və dərnəklərin şagirdlərinə sərgi barədə, Azərbaycanın Qarabağ bölgəsi, bu diyarın mədəniyyəti, geyimləri haqqında məlumat verilib. Qeyd olunub ki, yaxın günlərdə Özbəkistanda fəaliyyət göstərən səfirlərin, diplomatların xanımlarının Qarabağ geyimləri sərgisi ilə tanışlığı nəzərdə tutulub.
Sonra mərkəzin nəzdindəki
“Azərbaycan qızları” rəqs ansamblının
ifasında Qarabağ rəqsləri təqdim
edilib.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 10.