Ankara qalası
Qədim tarix və mədəni turizm məkanı
Tarix boyunca müxtəlif mədəniyyətlərin kəsişdiyi və iz qoyduğu Ankaranın ən qədim tikililərindən biri Ankara qalasıdır. Şəhərə gələn turistlərin də ən çox axın etdiyi yer buradır.
Günün birində məşhur Ankara qalası ilə yaxından tanış olmaq üçün yolumuzu buradan saldıq. Qalanın ən hündür hissəsinə qalxdıqda böyük bir şəhər sanki ayaqlarının altında qalır. Ankarada qədim şəhərsalma ənənələrinin nümunəsi olan qalanı məşhur səyyah Evliya Çələbi 1640-cı ildə belə təsvir edir: "Ankarada yüksək bir dağın təpəsində ağ daşdan tikilmiş möhkəm bir qala var. Qala iç-içə üç qat divardan ibarətdir. İç qalanın ətrafı qayalıqdır. Bu yalçın qayalardan qalaya dırmaşmaq çox çətindir. Daxildə top, müxtəlif silah-sursat və 600 ev var. İç qala aşağılarda ikinci sıra divarlardan ibarətdir. Dağın ətəklərində isə üçüncü sıra - xarici divarlar yer alır. Bu xarici divarlar bütün şəhərin təhlükəsizliyini təmin edir".
Memarlıq ansamblı
Ankara qalası şəhərə meydan oxuyan böyük təpənin üzərində qərar tutub. Roma dövrünə aid III əsrdən qalma hamamlar, IV əsrə aid Yuli sütunu və II əsrdə inşa edilmiş imperator Avqust məbədi Ulus meydanının yaxınlığında, qalanın ətrafında yerləşir. Qala yaxınlığında Roma teatrı və həmin ərazidə XV əsrə aid Hacı Bayram məscidi və türbəsi var. Qaladan bir qədər aşağıda isə Anadolu Mədəniyyətləri Muzeyi və Etnoqrafiya Muzeyi yerləşir. Qala ətrafında yerləşən qədim tikililər də qalaya əlavə gözəllik, zənginlik bəxş edir.
Qalaya gedən
yol tarixi Saman bazarından keçir. Bazar isə özünəməxsus,
qədim memarlıq üslubuna malik dükanlardan ibarətdir.
Qədim
əşya, əl işləri almaq istəyənlər bu bazara üz tutur. Burada alıcıların çoxu xarici turistlərdir. Yuxarıya doğru
xeyli qalxdıqdan sonra, nəhayət, qalaya çatırsan və tarixi abidənin möhtəşəmliyinin,
əzəmətinin şahidi
olursan.
Dörd
mərtəbədən ibarət
olan daxili qalanın iki böyük qapısı var: biri xarici
qapı, digəri isə hisar qapısı adını daşıyır. Qapı
üzərində islam dinini qəbul edən ilk türk tayfası Elxanilərə aid daş
kitabə var. Şimal-qərb
hissəsində isə
qalanın Səlcuqlar
tərəfindən tikildiyini
göstərən başqa
bir yazıya rast gəlmək olar.
Onu da qeyd edim ki,
daxili qalada çalıb-oxuyan, rəqs
edən xeyli sayda qaraçıya rast gəlmək olur. Deyilənə görə, onlar
elə bu ərazidə yaşayırlar.
Bu səbəbdən son vaxtlar abidəni ziyarət edən turistlərin təhlükəsizliyini
təmin etmək üçün qalaya gedən yolda polis nəzarəti artırılıb.
Qaladan şəhəri seyr edən zaman qarşında qədim dövrlə və müasir dövrün yaratdığı bir mənzərə açılır.
Əsl
Ankara təsəvvürü də məhz buradan yaranır.
Qalanın tarixi
Qalanın tikilmə tarixi dəqiq bəlli deyil. Belə versiya irəli
sürülür ki, qala şəhərdə hərbi qarnizon saxlayan Hit tayfaları tərəfindən tikilib.
Lakin arxeoloji qazıntılar bu fikri doğrultmur.
Məlum
olan odur ki, eramızdan əvvəl II əsrin əvvəllərində Qal
tayfalarının Ankaraya
yerləşməsi zamanı
qala mövcud olub. Roma imperatoru
Karakallanın Anadolu səyahəti zamanı Ankaranın divarları təmir edilib. Belə ki, Roma imperiyasının zamanında qalanın divarları bugünkü qaladan çox aşağıda olub.
Tikili sonralar da Roma, Bizans, Səlcuq və Osmanlı zamanında bir neçə dəfə təmir-bərpa olunub.
Qala quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqlar qalanın tikilməsi və təmirində ətrafda olan inşaat qalıqlarından, o cümlədən
zamanla xarabalığa
çevrilmiş qədim
Roma abidələrinin mərmər
daşlarından istifadə
olunub.
Araşdırmalardan bəlli olur ki, tikili həm
müdafiə, həm
də yaşayış
məqsədilə istifadə
olunub. Elə qalanın günümüzə
qədər yaxşı
formada gəlib çıxmasının səbəbi
də burada müxtəlif zamanlarda təmir-bərpa işlərinin
aparılmasıdır. Qala divarları 6-10 metr yüksəkliyə qədər blok
daşlardan, yuxarı
hissələri isə
kərpicdən inşa
edilib. Daxili qaladakı qüllələrin
yüksəkliyi isə
14-16 metr arasındadır.
Qeyd edək
ki, xarici qala qədim Ankara şəhərini əhatə
edir və 20-yə yaxın qülləsi var.
Xarici divarlar şimal-cənub istiqamətində
təxminən 350 metr
uzanır.
Qalada Roma dövrünə
aid qalıqlar diqqəti
çəksə də,
onun böyük hissəsi Bizans dövründə inşa
edilib.
Qalanın mədəni-turizm əhəmiyyəti
Son illər Ankara qalasında
və ətrafında
aparılan təmir-bərpa
işləri onun mədəni-turizm əhəmiyyətini
daha da artırıb. Türkiyə paytaxtının əhəmiyyətli
tarixi məkanlarından
olan, ancaq illər içərisində
bu özəlliyini qismən itirən qala Ankara Böyükşəhər
Bələdiyyəsinin təşəbbüsü
ilə yenidən mühüm turizm obyektlərindən birinə
çevrilib. 2014-cü ildə həyata keçirilən layihə
çərçivəsində 88 tarixi tikilinin dam, pəncərə və qapıları, fasadı tarixi özəllikləri,
istifadə materialları
və s. nəzərə
alınmaqla yenilənib.
Bu gün qalanın
içərisində bir
çox qədim üslublu Ankara (Osmanlı)
evlərinə də rast gəlmək olar ki, onlar
da əraziyə turist marağını artırır. Qalanın yolu
üzərindəki Saman
bazarı da bu layihə çərçivəsində bərpa olunub, tarixi abidəyə aparan 11 küçə daha əlverişli vəziyyətə gətirilib.
Qala son illər müxtəlif festivallara, mədəni tədbirlərə
də ev
sahibliyi etməkdədir.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 10.