“Şahdağ”
Turizm Mərkəzində ekstrim
həvəskarlarının yarışı
“Şahdağ” Turizm Mərkəzində ekstrim həvəskarları üçün daha bir maraqlı layihə keçirilib. “Xtreme Pro” və “Bizon Energy Drink”in sponsorluğu ilə baş tutan layihəyə qatılanlar böyük ölçülərdə kreativ boulinq oyununda iştirak ediblər.
Oyunda hər biri iki nəfərdən ibarət 25 komanda yarışıb. “Run n' Roll” adlanan oyunda əsas ideya müəyyən hündürlükdən içərisində adam daxil olmuş 3 metrlik böyük şar ilə aşağıda yerləşdirilən böyük keqliləri dağıtmaq, bununla da maraqlı şou və ekstrim əyləncəyə nail olmaqdır. Komandalar şəklində yarışan iştirakçılardan biri böyük hava şarının içərisində olan digər iştirakçının sürətlə yüksəklikdən aşağıya doğru hərəkətini təmin edərək, eyni zamanda var gücü ilə qaçaraq hava şarının altında qalmamağa çalışıb. Bir sözlə, tədbirdə iştirak edənlər maraq, adrenalin və həyəcan dolu anlar yaşayıblar.
Yarışın sonunda münsiflər heyəti tərəfindən ən uğurlu texnika və tamaşaçı simpatiyası meyarları əsasında 2 komanda qalib seçilib və onlara sponsorlar tərəfindən hədiyyələr verilib.
Qeyd edək ki, layihənin əsas məqsədi qışda ekstremal əyləncə fəaliyyətlərinə Azərbaycan gənclərinin marağını artırmaqdır.
Belə əyləncəli oyunlar
zamanı zəruri təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunur. Yarışda iştirak
edənlər tədbirin rəsmi sığorta tərəfdaşı
“Paşa Sığorta” tərəfindən
sığortalanmışdı.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 9.