Livanın turizm naziri Bakıya gələcək

 

Azərbaycanın Livandakı səfiri Ağasəlim Şükürovun bu ölkənin turizm naziri Mişel Faraon ilə görüşündə turizm sahəsində ikitərəfli əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Azərbaycanın Livandakı səfirliyindən bildiriblər ki, görüşdə nazirə ölkəmizin tarixi, müasir inkişafı, zəngin turizm potensialı barədə ətraflı məlumat verilib.

Turizm sahəsinə investisiyaların qoyulması nəticəsində müasir hotellərin, istirahət mərkəzlərinin, beynəlxalq standartlara cavab verən yay-qış turizm mərkəzləri və sağlamlıq komplekslərinin tikilib istifadəyə verildiyi diqqətə çatdırılıb. Azərbaycanın Livanla bütün sahələrdə, o cümlədən turizm sahəsində əlaqələrin qurulmasında maraqlı olduğu qeyd edilib. Bu istiqamətdə qarşılıqlı səfərlərin, ölkələrimizdə təşkil olunan tədbirlərdə iştirakın əhəmiyyəti vurğulanıb.

M.Faraon martın 10-11-də Azərbaycanda keçiriləcək “Çoxqütblü dünyaya doğru” IV Qlobal Bakı Forumuna dəvət aldığını bildirib və tədbirdə iştirak etmək niyyətində olduğunu deyib. Nazir fürsətdən istifadə edərək Azərbaycanla işgüzar əlaqələr qurmaq, ölkənin turizm sahəsində potensialını öyrənmək məqsədilə bir neçə livanlı adamını da Bakıya aparacağını bildirib.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 8.