Gənc mədəniyyət işçilərinin növbəti görüşü Xaçmazda keçirilib

 

Fevralın 5-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində görüşü keçirilib.

 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevrayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərovanın iştirakı ilə keçirilən tədbirə Quba, QusarXaçmaz rayon mədəniyyət və turizm şöbələrinin tabe müəssisələri üzrə 80-dək gənc qatılıb.

Tədbiri açan İlhamə Nəzərova gəncləri rayonun mədəni həyatında daha yaxından iştirak etməyə, mədəniyyətimizin təbliğinə, rayonda keçiriləcək tədbirlərə öz kreativ ideyaları ilə töhfə verməyə çağırıb.

Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev yerlərdə mədəni həyatın canlandırılmasına gənc mədəniyyət işçilərinin təşəbbüskarlığının vacibliyini vurğulayıb.

Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupunun məqsədi və əsas fəaliyyət istiqamətləri, prioritet hədəfləri barədə ətraflı məlumat verib. Qrupun qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacağını, regionlarda mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətlərin müasirləşdirilməsi üçün bir sıra addımlar atılacağını qeyd edib.

Çıxışlarda qrupda təmsil olunan gənclərə sosial şəbəkələrdən istifadə zamanı yaşadıqları rayonların turizm potensialını, tarix və mədəniyyət abidələrini, habelə rayonda keçirilən mədəni tədbirləri təbliğ etmək tövsiyə olunub.

Görüşdə fikir mübadiləsi aparılıb və qrupun planına daxil olunan tədbirlər müzakirə olunub.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 7.