Ceyhun Hacıbəyliyə aid muzey eksponatları bərpa olunub

 

Bu il mühacir ədəbiyyatımızın, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəylinin anadan olmasının 125 ili tamam olur. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən, Ceyhun Hacıbəylinin yubileyi münasibətilə mədəniyyət ocaqlarında müxtəlif tədbirlər həyata keçirilir.

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində bərpa edilərək ikinci həyat qazanan nadir eksponatlar içərisində C.Hacıbəylinin vaxtilə qardaşı, dahi bəstəkar Üzeyir bəylə yazışmaları da var. Onlardan birində, 1912-ci ilin avqustunda yazdığı məktubda Ceyhun bəy Üzeyir bəyə ev qayğıları və Peterburq səfəri haqqında məlumat verir.

Arxiv sənədlərindən bəllidir ki, Üzeyir bəyin "Leyli və Məcnun" operasının yaranmasında Ceyhun bəyin də yaxından köməyi olub. Ceyhun bəy arxiv sənədləri arasında saxlanılan "İlk Azərbaycan operası necə yaranmışdı" adlı xatirə yazısında bu barədə söz açır və 12 yanvar 1908-ci ildə göstərilən ilk tamaşada Nofəl rolunda ilk dəfə səhnəyə çıxdığını bildirir. Mərkəzdə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına məxsus qurama texnikalı tikmənin bərpası zamanı onun bir hissəsində həm əski əlifba, həm də kiril əlifbası ilə aşkarlanmış yazılar bu parçanın həmin tamaşanın ipək üzərindəki proqram-afişasından olduğunu göstərirdi. Proqram-afişada 12 yanvar 1908-ci ildə “Leyli və Məcnun” operasının ilk tamaşasının oynanılacağı ilə yanaşı, 14 yanvarda təqdim olunacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi. Təəssüflər olsun ki, növbəti dəfə hansı tamaşanın olacağına dair yazılar itmişdi. Araşdırma nəticəsində yazıları proqram-afişanın kağız nüsxəsi ilə tutuşdurduqdan sonra anonsu keçən növbəti tamaşanın türk ədibi Şəmsəddin Saminin “Gavə” əsərinə (şairpublisist Səməd Mənsurun tərcüməsi və iştirakı ilə) hazırlandığı müəyyənləşdirilmişdir. Bu afişanın üzərində Üzeyir Hacıbəyli ilə yanaşı, Ceyhun Hacıbəylinin də adı əks olunmuşdur.

 

Lalə

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 7.