Mədəniyyət
mərkəzlərinin ümumrespublika
müşavirəsi
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübəsi nəzərə alınmaqla mədəniyyətimizin, xüsusilə zəngin qeyri-maddi mədəni irsimizin qorunması, bərpası və istifadəsində mədəni-siyasi texnologiyaların tətbiqi vasitəsilə islahatlar davam etdirilir. Qeyri-maddi mədəni irsin dəstəklənməsi, əhalinin asudə vaxtının mədəni təşkili və klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə “Qeyri-maddi mədəni irsin qorunmasına dair" UNESCO Konvensiyasının tövsiyələrinə əsasən və bu sahədə Avropa Şurasının müvafiq layihələrdən bəhrələnərək hazırlanmış "Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması" layihəsi üzrə klub sistemində mərkəzləşdirilmə və profilləşdirilmə prosesi həyata keçirilir.
Bununla bağlı yerlərdə şəhər (rayon) mədəniyyət evləri əsasında mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, folklor, sənətkarlıq və digər profilli filialları yaradılır. Yekun mərhələdə islahatların Bakı şəhərinin və ərazisi müvəqqəti işğal olunmuş rayonların respublikanın müxtəlif bölgələrində yerləşdirilmiş klub müəssisələri üzrə tətbiq olunması planlaşdırılır.
Fevralın 10-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək şəhər (rayon) mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsində layihə ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunacaq.
Müşavirədə nazirliyin, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin, Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzinin nümayəndələrinin,
habelə bütün şəhər və
rayonların mədəniyyət və turizm
idarələrinin (şöbələrinin)
müdirlərinin və mədəniyyət mərkəzlərinin
direktorlarının iştirakı nəzərdə tutulur. Tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin
“Şəhər (rayon) mədəniyyət
mərkəzlərinin yaradılması” strategiyası”, “Azərbaycan
mədəniyyətinin və xalq
yaradıcılığının dəstəklənməsində,
qeyri-maddi mədəni irsin
qorunmasında, əhalinin asudə vaxtının mədəni
təşkilində şəhər (rayon) mədəniyyət mərkəzlərinin
rolu” və digər mövzularda
çıxışlar planlaşdırılır.
Mədəniyyət.- 2016.- 10
fevral.- S. 3.