Berlin şəhərinin rəmzi Bakıda nümayiş olunacaq

 

Baddi ayısı”nın rənglənməsi üzrə müsabiqəyə yekun vurulub

 

Fevralın 9-da “Kapellhausda Almaniyanın Bakıdakı səfirliyinin, Azərbaycan Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə “Baddi ayısı” müsabiqəsinin mükafatlandırma mərasimi olub. Tədbirdə Almaniyanın Bakıdakı səfiri xanım Haydrun Tempel, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva iştirak ediblər.

Səfir Haydrun Tempel çıxış edərək müsabiqə barədə danışıb. Bildirib ki, Baddi ayısı Berlin şəhərinin rəmzidir və hazırda dünyanın bir çox ölkələrində orijinal sənət əsəri kimi nümayiş olunur. Bu layihənin Bakıda da həyata keçirilməsi planlaşdırılır.

Müsabiqənin keçən il noyabrın 5-də başlandığını deyən səfir qeyd edib ki, layihəyə ümumilikdə 35 tələbənin əl işi təqdim olunub. Həmin rəsm əsərləri arasından üç tələbənin əl işi münsiflər tərəfindən seçilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov layihənin həyata keçirilməsinin iki ölkə arasında mədəni əməkdaşlığa daha bir töhfə olduğunu deyib. Layihənin həyata keçirilməsində əməyi olanlara təşəkkürünü bildirən Xalq rəssamı qalibləri təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra H.Tempel qaliblərin adlarını açıqlayıb. Birinci yerə Rəssamlıq Akademiyasının tələbəsi Gülər Haşımovanın əl işi layiq görülüb. İkinciüçüncü yerləri isə müvafiq olaraq, Nərmin Hümbətova və Fatimə İmanova tutublar.

Müsabiqədə qalib gələn rəssam hündürlüyü 2 metr olan Baddi ayısını rəngləyəcək. Rənglənmiş heykəlin Bakıda “ISR Plaza”nın önündə qoyulması nəzərdə tutulur.

 

Mədəniyyət.- 2016.- 10 fevral.- S. 2.