Qədim Albaniya qəbir abidələri
Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının memarlıq nümunələrinə bu gün vətənimizin bir çox guşələrində rast gəlmək olar. Bu zəngin tarix yadigarları içərisində qəbir abidələri xüsusi yer tutur. Albaniya qəbir abidələri həm də bir sənət nümunəsi kimi tarixi özündə əks etdirir. Sarkofaq, təknə qəbir və s. kimi qəbirlər qədim daşyonma sənətinin nümunələridir. Albaniya memarlığında e.ə. III əsrdən başlayaraq yunan mədəniyyətinin təsiri nəticəsində kirəmitdən geniş istifadə edilmişdir. Kirəmitlərə təknə qəbirlərdə də rast gəlmək olar. Demək olar ki, kirəmit təknə qəbirlərin əsasını təşkil edirdi. Dünyasını dəyişən insanı təknə formalı böyük bir kirəmit üzərinə yerləşdirib, yanına hər hansı bir əşyasını qoymaqla dəfn edərdilər.
E.ə. II-I əsrlərə aid təknə qəbir nümunəsi hazırda Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında nümayiş olunur. Bu təknə qəbirin 9-13 yaşlı qıza məxsus olduğu alimlər tərəfindən təsdiqlənmiş və qədim alban qəbir abidələri nümunələri arasında bu gün diqqətçəkən ən maraqlı eksponatdır. Adından göründüyü kimi bu qəbir təknə formasında hazırlanırdı. Alt hissə daxil olmaqla kənarları da kirəmitlərdən təşkil olunurdu. Onu da qeyd etmək lazımdır ki, bütün növ kirəmitlər yerli istehsal idi. Arxeoloji qazıntılar zamanı böyük həcmli sobalar, dulusçuluq kürələri aşkar edilmişdir. Bu da onu göstərir ki, Qafqaz Albaniyası ərazisində istehsal olunan kirəmitlər daxili tələbatı ödəmişdir.
Həmin tarixi dövrlərdə Albaniyada küp qəbirlərdən də istifadə olunmuşdur. Dünyasını dəyişən insanı böyük həcmli küplərdə bir neçə əşyası ilə birlikdə dəfn edərdilər. 1970-1980-ci illərdə qədim Qəbələ ərazisində aparılan arxeoloji qazıntılar zamanı sadə torpaq qəbirlər də aşkar olunmuşdur. Sadə torpaq qəbirlər bir növ indiki qəbirləri xatırladır. Bundan əlavə, tunc dövrünə aid kurqanlar da qədim alban qəbir abidələri içərisində böyük tarixə malikdir.
Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinin açıq səma altında daimi sərgisində də bir neçə qəbir abidələri var. Sarkofaq - daş qutu qəbir ziyarətçilərin xüsusilə marağını çəkməkdədir. Ağır zəhmət tələb edən bu sarkofaqlar böyük həcmli daşlardan yonularaq hazırlanırdı. Adətən zadəgan insanların dəfn olunduğu bu daş abidələri bu gün bir sənət nümunəsi, tarixin daş yaddaşıdır.
İlhamə Seyidova
Qəbələ
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 15.