60 ildir -
bu TV bir sir-sehrli “pəncərədir”
- hər gələn baxar, sevər...
1926-cı il noyabrın 6-da “Danışır
Bakı!” səslənişilə
ümummilli SƏSimiz
eşidilməyə, 1956-cı il fevralın 14-də “Göstərir Bakı!” söylənişilə ümummilli
SİFƏTimiz görünməyə
başladı. İndi
rəsmi və xəlqi tribunamızdan eşidilən SƏSimizin
90, görü-görsənişimizin 60 yaşı var.
İndi, sözügedən o səsin ilkini eşidənlərdən bu
günə sağ qalanlar ya bir
olar, ya iki, sifətimizi görənlər isə bir-iki faiz ola, ya olmaya...
Deyək ki, indi durub
bu yığcam yazıda televiziyamızın
“qədim”liyindən danışmaq,
“nə yaxşı ki, bizim də
televiziyamız var!” eyforiyasına qapılmaq fikrində deyilik. Heç
bu baş TV-mizin otuz ildən
çox yarı milli-yarı lilli, bir sözü ağ, biri
qırmızı, “doğdu
günəş qırmızı”
fəaliyyətinə mətbu
“panoram” etmək cəhdindən də uzağıq. Amma bunları demək gərəkdir ki, həmin illərdə Azərbaycan xalqını
verilən imkanlar daxilində göstərmiş
Azərbaycan Televiziyası
özünü öz
istedadlı texnomütəxəssisləri,
reportyorları, aparıcıları,
diktorları və başqa görəvliləri
sayəsində İttifaq
miqyasında da göstərə bilmişdir.
Ölkənin kütləvi
elektron-informasiya məkanında
ən yaşlı və başlı olan bu TV-nin
“filmoteka” adlanan zəngin “kitabxana”sında
neçə-neçə dahilərin,
ədiblərin səs
və görüntü
imzaları, “aldanmış
kəvakib” taleli əmək qəhrəmanlarının
“surət” yadigarları
vardır.
Hə, bir qədər də bizim bu
ən keçmiş və müasir canlı Həmsöhbət-vizual
Müsahibimizin -
Tarixçəsindən...
Öncə (bir vaxtlar televizyonçu olmuşlardan
biri olaraq) deyim ki, haqqında
yazmaqda olduğum bu aləm, sözün
həqiqi mənasında
özgə bir aləmdir! Bütün ətrafa və
dünyaya güzgü
olan bu obyektə
“aləmi bəzər,
özü lüt gəzər” zərb-məsəlindən
də baxmaq olar. Yəni, bir az keçmişdə diktorlarından,
indilər aparıcılarından
başqa, hər şey və hamı görünməz
- kadr arxasında. Üstəgəl, uğurları haqda
adətən susular, qüsurları barədə
isə “tutuquşu”lanar.
Əksəriyyət nəzərə
almaz ki, bu fağır obyekt ümumölkəvi-bədənnüma
Güzgüdür və
biz necə varıqsa,
o da onu göstərir...
Əlqərəz.
Bakı televiziyası binasının
inşasına 1954-cü ildə
(sonralar “Mehdi Hüseyn küçəsi
-1” adlanacaq ünvanda)
başlanıb, 1955-ci ilin
sonunda təhvil verilib. İlk veriliş
günü ekranda görünən gənc aktrisa Nəcibə Məlikova “Göstərir
Bakı!” kəlməsilə
sözə başlayıb,
tamaşaçıları Azərbaycan televiziyasının
fəaliyyətə başlaması
münasibətilə təbrik
edib, ardınca “Bəxtiyar” bədii filmi nümayiş etdirilib. Növbəti ilin fevralınadək
buradan yalnız sınaq verilişləri yayımlanıb.
Telemütəxəssis qıtlığı
ucbatından həftədə
iki-üç dəfə
2 saatlıq proqramla efirə çıxan Bakı studiyasına radio,
qəzet və teatr əməkdaşları
dəvət edilir və onlar hər
gün toplaşaraq tamaşaçılara “hansı
keyfiyyətdə” məsələsi
üzərində yox,
“nə və necə göstərmək”
dilemmaları üzərində
düşünürmüşlər. Seçim, təqdim “ədava”ları çox qıt imiş; klassik və estrada musiqiləri, muğam və xalq mahnılarından ibarət konsertlər, bədii film, tamaşalar, ictimai-siyasi mövzuda müsahibələr, “xarüqələr
yaradan” əmək qabaqcıllarının çıxışları,
diktorların qəzetlərdən
oxuduqları 10-15 dəqiqəlik
“xülasə” və...
vəssalam.
İki il sonra həftədə
5 dəfə efirə
çıxmağa başlayan
bu televiziyanın gündəlik yayımı
2 saat 20 dəqiqəyə,
1962-ci ildən 7, 1970-dən 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci
ilin yanvarından isə ana televiziyamız
24 saatlıq fasiləsiz
yayıma keçdi.
İlk iki ilə yaxın müddətdə ayrıca
fəaliyyət göstərən
“Bakı televiziya studiyası” 1957-ci ilin oktyabrında Mədəniyyət
Nazirliyinin tabeliyindən
çıxarılaraq “Radioinformasiya”
İdarəsi ilə birləşdirildi və Respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adlandırıldı. 1970-ci ildə bu qurum
Dövlət Televiziya
və Radio Verilişləri
Komitəsi statusu aldı. 1991-ci ildə komitə şirkətə çevrildi.
2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı
ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri
Qapalı Səhmdar Cəmiyyəti”nə çevrildi.
Hörmətli oxucularımızın (onlar həm də tamaşaçıdırlar)
statistik “maraq şkalası”nı nəzərə alıban,
Azərbaycan Televiziyası
Yolunun saysız cığırları haqda
xronikal məlumatlardan
yan keçərək,
seçmə-özək faktlara
toxunaq. Məsələn;
- sonradan AzTV meydanına
çıxan istedadlı
(və yaradıcı)
diktorlar nəslinin bir neçə nümayəndəsi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofeliya Sənani, Şərqiyyə
Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən
Əkbərova, Nərgiz
Cəlilova, Ülkər
Quliyeva, Aygül Qaradağlı, Dilarə Səlim, Rafiq Həşimov və başqaları.
- yaddaşlarımızda retrolaşmaqda
olan maraqlı verilişləri: “Odlar diyarı”, “Zaman və biz”, “Tələbə
klubu”, “İnsan və qanun”, “Şən və hazırcavablar klubu”, “Sizinlə birlikdə”, “Karvan”, “Ədəbiyyat və zaman”, “İncəsənət”, “Palitra”,
“Hekayə axşamı”,
“Yumoristik novellalar”, “Kamillik”, “Arzular”, “Səhər görüşləri”,
“Dalğa”, “Komediyalar aləminə səyahət”,
“Publisist studiyası”,
“Dünyamıza misra-misra
baxıram”, “Çay dəstgahı”, “Caz aləmində”, “Evrika”, “Qoşma”, “Retro”, “Bayatı”,
ünlü televiziya tamaşalarından “Ötən
ilin son gecəsi”, “Mən, sən, o və telefon”, “Şur”, “Dindirir əsr bizi”, “Topal Teymur”, “Ordan-burdan”, “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Səni axtarıram”, “Bağışla”,
“Səndən xəbərsiz”,
“Qatarda”, “Kökdən
düşmüş piano” və
s. Bu televiziyanın indiki
maraqlı proqramlarının
hamısı haqda yazmaq qəzet “xronometraj”ındankənar məsələ
olsa da, “Turan elləri”, “Poeziya” və “Klassik irsimizdən” verilişlərini qeyd etmək məmnuniyyətindəyəm.
- və nəhayət, 60 ildir xalqın göz yetirdiyi, ümummilli əxlaq, həya, tərbiyə, ağırbatmanlıq özgürlüyünü
saxladığına görə,
bəzilərinin, xüsusən,
nəvə-kanalların “söz”
yetirdiyi bu “qoca”, “dədə-baba” AzTV-nin sədrləri: Ənvər Əlibəyli,
Teymur Əliyev, İmran Mirzəyev, Qurban Yusifzadə, Elşad Quliyev, Qeysər Xəlilov, Məmməd Murad, Məmməd İsmayıl,
Babək Məmmədov,
Nizami Xudiyev və Arif Alışanov.
Son “titr”:
“Xəbərlər”i... sözün
kosmetik anlamında yox, həqiqi mənasında dəqiq, ədəbi-bədii, musiqi,
mədəniyyət, idman
proqramları savadlı,
başqa kanalların
“moltanı” leksikonlarından
fərqli olaraq - saf, ədasız Azərbaycan dilində, reportyorları mordagöstərmək
hərisliyindən uzaq,
aparıcıları reklamoqrafiya
iddiasından uzaq və bütün bunların harmoniyasında
xalqa çox yaxın bir TV...
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 12 fevrak.- S. 13.