Özbək-Azərbaycan ədəbi əlaqələrinə dair elmi simpozium keçirilib

Özbəkistan Dövlət Tarix Muzeyində böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin 575 illik yubileyinə həsr olunmuş "Əlişir Nəvainin dünya ədəbiyyatında rolu" adlı elmi simpozium keçirilib.

 

Tədbir Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti, bu ölkədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti tərəfindən təşkil olunub.

Simpoziumu Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Şavkat Şaripov açaraq Əlişir Nəvainin özbək və dünya ədəbiyyatında yeridən danışıb, dahi Nizami Gəncəvinin Nəvai yaradıcılığına mühüm təsirindən söhbət açıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə gedib çıxdığını diqqətə çatdırıb. O, Nəvainin iki xalqın ədəbi əlaqələrində böyük rolu olduğunu, onun Azərbaycan ədəbiyyatına xüsusi rəğbət göstərdiyini, Nizamini öz ustadı, ilhamvericisi hesab etdiyini bildirib. Nəvainin özündən sonra gələn Azərbaycan şairləri - Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına təsir etdiyini deyib.

Özbəkistan Milli Elmlər Akademiyası Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova və Nəvaişünas alim Feyzulla Nəbiyev şairin dünya xalqları, o cümlədən Azərbaycan ədəbiyyatı ilə bağlılığı, yaratdığı “Xəmsə” barədə məruzə ilə çıxış ediblər.

Tədbirin bədii hissəsində Özbəkistan Dövlət Akademik Teatrı aktyorlarının ifasında Əlişir Nəvaiyə həsr edilmiş səhnəcik və Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti tələbələrinin hazırladığı bədii kompozisiya nümayiş olunub.

Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili kurslarının tələbəsi Arzu Mirqasımova Nəvainin Azərbaycan dilinə tərcümə olunmuş şeirlərini oxuyub.

Muğam ustası Davron Kadırov özbək məqam sənətindən nümunələr ifa edib.

 

Mədəniyyət.- 2016.- 12 fevral.- S. 13.