“Təmsilçisi
olduğumuz böyük
mədəniyyəti dünyaya
tanıtmalıyıq”
Onunla Türkiyədə keçirilən mədəniyyət
tədbirlərində bir neçə dəfə
rastlaşsam da, ətraflı
söhbət və müsahibə üçün
fürsət olmamışdı. Uzun
müddətdir ki, ictimai
fəaliyyəti, türk dünyasında inteqrasiya, ortaq mədəniyyətimizin
təbliği istiqamətində müxtəlif layihələri, təşəbbüsləri
ilə tanınan Xəlil Şıvqın 80-90-cı illərdə
mühüm siyasi məqamlarda,
dövlət postlarında çalışıb. Türkiyənin
mərhum prezidenti Turqut
Özal ilə birlikdə Ana
Vətən Partiyasının qurucularından biri
və başqan müavini
olub. Üç dəfə
millət vəkili seçilib, Türkiyənin
səhiyyə naziri (1989-1991) işləyib.
Bu illərdə türkdilli
respublikalarda, o
cümlədən bir neçə dəfə
Azərbaycanda səfərdə olub.
- Xəlil bəy, hazırda bir sıra vəqflərin rəhbərisiniz. Yəqin ki, onları təqaüdə çıxdığınız dönəmlərdə qurmusuz...
- Mən bu vəqfləri hələ Türkiyənin səhiyyə naziri çalışdığım vaxtlarda qurmuşam. Səhiyyə ilə bağlı Sağlamlıq Xidmətlərinin Genişləndirilməsi Vəqfi, Türk Dünyası ilə İşbirliyini Genişləndirmə Vəqfi (İsmayıl Qaspralının “Dildə, fikirdə, əməldə birlik” şüarını əsas tutaraq) və Strateji Araşdırmalar Vəqfini qurdum. Bu qurumların hər biri səhiyyəyə, mədəniyyətə xidmət edir və nəticə etibarı ilə insani əlaqələri, ünsiyyəti genişləndirir. Səhiyyə naziri kimi çalışarkən bir sıra təşəbbüsləri reallaşdırdım, dünya təcrübəsini tətbiq etdim. Türkiyəyə sağlamlıq sığortasını gətirdim. O vaxt insanlar müalicə üçün xaricə gedirdi, indi ən müxtəlif ölkələrdən Türkiyəyə gəlirlər. Türkiyə yaxın illərdə dünyanın öndə gedən səhiyyə ölkəsinə çevriləcək. İstərdim ki, bütün türk dünyasında eyni səhiyyə sistemini quraq. Güclü bir şəkildə irəli getmək lazımdır. Bunun üçün də əlaqələrin genişləndirilməsi lazımdır. Avropa Birliyinin üç fəlsəfəsi var: insanların, pulun sərbəst hərəkəti və açıq fikir mübadiləsi. Bu üç təməl fəlsəfə türk dünyasında inteqrasiyaya zəmin olmalıdır. O cümlədən vizaların aradan qaldırılması lazımdır. Sovetlərin dağılmağa başladığı vaxtda, hələ türk respublikaları müstəqillik əldə etməzdən öncə onlarla Türkiyə hökuməti adından ilk müqavilələri imzalayan nazir olmuşam. Orta Asiya respublikalarında və Azərbaycanda oldum. Bundan sonra türk dünyasına Prezident Turqut Özalın səfərləri başladı.
- Türk dünyasına ilk səfəriniz haradan başladı?
- İlk səfərim
1984-cü ildə Çindəki Uyğur
bölgəsindən başladı. Həmin vaxtlar ora qadağan olunmuş bölgə idi. Mən bölgəyə Çin dövlət rəhbərliyinin razılığı
ilə getdim. Onlarla söhbət etdik, fikirlərimizi anlatdım.
Bundan sonra bölgəyə qapı açıldı.
Eyni zamanda Uyğur bölgəsinin rəhbərlərini
Türkiyəyə dəvət
etdik. Urumçi valisi, Kaşğar
valisi Türkiyəyə
gəldi. Sonralar həm
millət vəkili, həm də nazir olaraq türk
dünyasına səfərlərim
oldu, uzun illər bağlı qalan qapılar tədricən açılmağa
başladı.
- Azərbaycana ilk səfəriniz
nə vaxt olub?
- Azərbaycana ilk dəfə
1991-ci ildə getmişəm.
Heydər Əliyev Azərbaycanın
dövlət rəhbəri
olandan sonra üç dəfə Bakıya səfər etdim. Heydər Əliyevlə çox
maraqlı görüşlərimiz
oldu və bunlar mənim üçün gözəl
xatirəyə çevrildi.
Bu yaxınlarda Azərbaycana yenidən getməyi planlaşdırıram.
Türk dünyası və əlaqələrin genişləndirilməsi
ilə bağlı yeni addımları müzakirə edəcəyik.
- Son vaxtlar ümumtürk birliyi istiqamətində bir çox qurumlar yaradılıb. Sizcə, bunlar xüsusilə də zəngin türk mədəniyyətinin
təbliğində yetərlidirmi?
Daha nələr etmək lazımdır?
- Türk dünyası bütündür və mədəni anlamda dünyanın ən zəngin toplumudur. Çünki dünyaya sivilizasiyanın
bir çox yeniliklərini ilk dəfə
türklər gətiriblər.
Türklərin qədim
mətbəx mədəniyyəti
var. Sonra çinlilər
bunu bizdən alıb, bir az öz
üsullarını da
əlavə ediblər.
Dünyada üçüncü yerdə Fransa mətbəxi dayanır ki, onlar da
bunu böyük ölçüdə türk
mətbəxindən götürüblər.
Sultan Süleyman Qanuninin zamanında Fransa ilə Osmanlı arasında əlaqələrin genişlənməsi
nəticəsində fransızlar
Topqapıdan saray mətbəxini alıblar.
İtaliya mətbəxinin nümunələrinin
də çoxu elə türk mətbəxinə aiddir.
Məsələn, özbək milli
mətbəxinə aid olan
pitte - yəni pide bu gün
İtaliyada pizza deyə
tanınır. Yaxud götürək
türk dünyasının
saz-söz, musiqi mədəniyyətini. Bu mədəniyyət qopuzla
başlayıb, o da
ilk dəfə uyğurlarda
olub. Yəni bizim türk
dünyası dünya
musiqisinin ata-anasıdır.
Geyim, yemək, ev mədəniyyətini
də ilk dəfə dünyaya türklər yayıblar. Atı da ilk dəfə
əhliləşdirən, savaşda
istifadə edən türklər olub. Buna görə də,
bir araya gəlmək, dünya mədəniyyətinə, barışına
töhfə verməyimiz
lazımdır. Qədim zamanlarda
türk xanımlarının
geyimlərindəki rənglərə,
motivlərə nəzər
salın. Yüz illərdir
ki, dəyişmədən
günümüzə qədər
gəlib çıxıb.
Məsələn, hamam, təmizlik
mədəniyyəti Avropadan
çox-çox öncə
türklərdə olub.
Amma bugünkü dünya bizi yetərincə tanımır. Bizim Amerikada
yaşayan Qazi Yaşar adlı tanınmış beyin cərrahımız var. Səhiyyə
naziri işləyərkən
onu Türkiyəyə
dəvət etdim.
O mənə dedi ki, burada həftə
sonları Afrikaya safariyə gedirlər. Mən isə bunda fərqli bir şey görmədim.
Bunun əvəzində
Orta Asiyada keçirilən arxeoloji qazıntılara qatıldım
və orada 2 min il əvvələ
aid cərrahiyyə aləti
tapıldı. Bəlli
oldu ki, atalarımız 2 min il əvvəl cərrahiyə əməliyyatı
ediblər. Onu Amerikada, Avropada tanıtdım. İndi həmin aləti
mənim adımla tanıyırlar. Akupunktur, iynə
ilə müalicə də biz türklərdən
gəlib. Bu gün çinlilər ona sahib çıxır.
Biz böyük və zəngin mədəniyyəti təmsil
edirik və bu mədəniyyət yaşamalı, bilməyənlərə
də tanıtmalıyıq.
Bildiyiniz
kimi, Avropanın ən hündür dağı Alp dağlarıdır.
Avropada isə Alp adı yoxdur, bu tam türk sözüdür və yüksək deməkdir. Göründüyü kimi, dünya
coğrafiyasının hər
tərəfində olan
böyük türk millətiyik. Moskvada at araba
küçəsi, indi
Arbat küçəsi
də türklər tərəfindən qurulub.
Qurduğum vəqflərdə əsas məqsədimiz bütün bunları araşdırmaqdır. Sevindirici haldır
ki, artıq istiqamətdə işlər
görülür. Məsələn, türk dünyasının
mahnı müsabiqəsi
“Türkvizyon” daha uğurlu bir hala gəldi və daha da
yaxşı olacaq.
TÜRKSOY bu istiqamətdə
böyük işlər
görür.
Türk dünyası rəssamlarını,
sənətkarlarını, ədəbiyyatçıları, həkimləri bir araya gətirib birliklər qurmaq lazımdır. Bunlar olarsa, türk
dünyası daha da güclənər, bir araya gələr.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 13.