Bəhram
tarının sədaları
Guş qıl ey ki, bilirsən özünü vaqifi-kar,
Agah ol, gör ki, nədir
naleyi-ney, nəğmeyi-tar.
Nədir
ol, xüşk olan çübidə bu naleyi-zar,
Ki sədasından onun qarət olur səbrü-qərar,
Açma sən pərdəni, hər pərdədə var yüz əsrar.
Ölməz Seyid Əzimin bu misraları Azərbaycan tarının
səs çalarlarında
bərqərar olan dərin fəlsəfi məqamlardan soraq verir. Təbii ki, bu fəlsəfi dərinliyi tarda ifadə edən və onu məharətlə dilləndirən sənətkarlardır.
Əgər ifaçının əli ilə ürəyi bir-birini tamamlayırsa, onun köksünə sıxaraq
dilləndirdiyi tar insanların
da könlünü oxşayacaq, səsi-sədası
dinləyənlərin hisslərinə
hakim kəsiləcək. Belə olduqda xalq öz
sənətkarını sevib,
yaşadacaq.
Bu il anadan
olmasının 105 ili
tamam olan Bəhram Məşədi
Süleymanbəy oğlu
Mansurov da belə əbədiyaşar
sənətkarlardandır. Ustadı yaşadan
onun sənət sevgisidir. Məhz bu sevginin sayəsində
Bəhram Mansurov tar ifaçılığında öz
üslubunu və məktəbini yaratdı.
Bu yerdə unudulmaz bəstəkarımız Fikrət
Əmirovun müdrik fikirlərindən biri düşür yadıma:
“Əsl sənət istedad və zəhmət tələb edir. İstedad bir aləmdir,
zəhmət bir aləm. Bu iki
aləm bir-biri ilə qovuşanda milli sənət ümumbəşəri sənət
səviyyəsinə yüksəlir”.
Bəhram
Mansurov da istedadını zəhməti
ilə qovuşdurub Azərbaycan tar ifaçılığının
zirvəsinə yüksəldi.
Onun sənəti sərhədləri
aşaraq dünya arenasına çıxdı.
1971 və 1975-ci illərdə
tarzənin ifasında
“Şur”, “Hümayun”,
“Mahur-hindi”, “Bayatı-kürd”
və “Çahargah” muğamlarının UNESCO-nun xətti
ilə qrammofon valına yazılması deyilənlərə ən
gözəl misaldır.
Yuxarıda Fikrət Əmirovun sənətlə bağlı
sözlərinə istinad
etdik. Unudulmaz bəstəkar ustad tarzən Bəhram Mansurovun yaradıcılığını
da yüksək qiymətləndirərək onun
haqqında dəyərli
fikirlər söyləmişdir:
“Bəhram Mansurov Azərbaycan xalq musiqisini ürəkdən
sevən, ona bütün varlığı
ilə hörmət edən və hətta deyərdim ki, keşiyində bir əsgər kimi dayanmış sənətkarlarımızdandır. Tarzən Bəhramın öz mizrabı, öz sarı simi, özünəməxsus olan
güclü biləyi
var. Mən dəfələrlə
onun məlahətli çalğısından, xanəndələrimizi
ustalıqla müşayiət
etdiyindən xeyli zövq almışam.
Bəhramın öz üslubu,
öz sənət mənliyi var. Buna görə
də onun çalğısını biz hamımız alqışlayırıq.
Bəhram Mansurovun gənc
musiqiçilərin yetişməsində
çəkdiyi zəhmətini
də çox yüksək qiymətləndirirəm”.
Ustad xanəndə, professor Əlibaba
Məmmədov xatirələrində
Bəhram Mansurovu belə yad edir:
“Bəhram Mansurov bəlkə də elə tarzən olmaq üçün doğulmuşdu. Atası tarzən idi,
əmisi Mansur Mansurov da həmçinin. Ailədə
tarın sədalarını
eşidərək böyüyən
Bəhramın isə
sənətdə öz
yolu, öz dəst-xətti vardı.
O, Qurban Primovun ən layiqli tələbəsi idi. Hətta, Qurban əmi öz yerini məhz Bəhrama etibar etmişdi. Belə ki, ondan sonra
operada tar çalmaq Bəhram Mansurova həvalə olunmuşdu.
Çox
güclü biləyi
vardı. Əsl Qurban
Primovun davamçısı
idi. Görün necə güclü
tarzən olublar ki, muğam operalarında kamançaya
ehtiyac olmayıb.
Bəhramla yüzlərlə toylarda olmuşam. Onun bircə tar kökləməyi
nəyə desən dəyərdi. Hələ
onun kimi tar kökləyənə rast
gəlməmişəm. Bəhram Mansurov
insan kimi də çox səmimi və xeyirxah idi. Evi daim qonaqlı-qaralı olardı. Sənətkar kimi də, insan kimi də
çox əvəzsiz
idi”.
Hörmətli Əlibaba müəllimin bu xatırlamasında böyük bir nəslin davamçısı olan müdrik sənətkar obrazı canlanır. Ustadın toxunduğu bəzi məqamlara bir qədər geniş nəzər salaq. Bu da Bəhram Mansurovun nəsil şəcərəsi ilə bağlıdır. Demək olar ki, o, tar dünyasında doğulub, boya-başa çatmışdır. Babası Məşədi Məlik bəy dövrünün tanınmış simalarından olmuş və Bakıda muğam məclislərinin təşkili məhz onun adı ilə bağlıdır. Oğlanları Mirzə Mansur və Məşədi Süleymanbəy də atalarının muğama, xüsusən də tara olan bu sevgisini görərək onlarda da bu sənətə böyük maraq yaranır. Mirzə Mansur, yəni Bəhram Mansurovun əmisi dahi Üzeyir bəyin yaxın məsləkdaşı olmuşdur. O, 1925-ci ildə muğam dərsləri üzrə ilk proqramın hazırlanmasında yaxından iştirak etmişdir. Üzeyir bəyin təşəbbüsü ilə Mirzə Mansurun təkmilləşdirdiyi tar aləti 1934-cü ildə Paris və İstanbul sərgilərində nümayiş etdirilmişdir.
Belə bir ab-havada böyüyən Bəhram Mansurov da ustad sənətkar kimi tarın bədii texniki vasitələrindən məharətlə istifadə etmiş və hətta yeni üsullar da yaratmışdır. Ustadın mizrabı - dəstikari - yəni tarın qrifində sol əllə çalmaq üsulunun nadir ifaçısı olmağı da məhz bu qəbildəndir.
Klassik tar ifaçılığı ənənələrinə riayət edərək öz üsulunu yaradan Bəhram Mansurov müxtəlif musiqi ocaqlarında yeni ifaçılar nəslinin formalaşmasında mühüm rol oynayıb. 1932-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Opera və Balet Teatrında solist tarzən və konsertmeyster, 1941-ci ildən isə musiqi texnikumunda pedaqoq kimi fəaliyyət göstərməsi onun Azərbaycan musiqi tarixindəki rolunun və əhəmiyyətinin mühüm ifadəsidir. Bu mühüm və əhəmiyyətli yaradıcılıq yolunu nəsillərə çatdıran da ustadın məharətlə dilləndirdiyi sədəfli tarının sədalarıdır. O tarı dinləyəndə elə bilirsən ki, sanki onun ifaçısı bu gün də bizimlədir. Sənətkarın ki, ruhu sənətindədir, demək əbədiyaşardır. Elə 105 yaşlı Bəhram Mansurov kimi. Ruhu şad olsun!
Səadət Təhmirazqızı
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 11.