Ölkəmizin turizm imkanları Milan sərgisində
nümayiş olunur
Fevralın 11-də
İtaliyanın Milan şəhərində
“BİT-2016” beynəlxalq turizm sərgisi
işə başlayıb. Fevralın 13-dək davam
edəcək sərgidə Azərbaycanın turizm
imkanları da nümayiş
olunur.
Beynəlxalq sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev, “Geo Travel”, “Billur Tur”, “The Tour” turizm şirkətlərinin və “Rigs Hotel”in əməkdaşları təmsil edir.
Sərgi zalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icarəyə götürülmüş 32 kvadratmetr sahədə Azərbaycanın turizm imkanlarının nümayiş olunduğu milli stend qurulub. Stenddə sərgiyə gələn ziyarətçi və qonaqlara təqdim edilməsi üçün ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları yer alıb. Həmçinin ölkəmizin inkişafını, tarixi və təbiət mənzərələrini, mədəniyyətini əks etdirən fotolar, böyük monitorlarda Azərbaycan haqqında filmlər nümayiş olunur.
Tədbir çərçivəsində sərgidə iştirak edən şirkət və hotel təmsilçilərimiz digər ölkələrin nümayəndələri ilə əməkdaşlıqla bağlı danışıqlar aparacaqlar.
2007-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfə ki, “BİT” beynəlxalq turizm sərgisində iştirak edir. Bu il tədbirdə ölkəmizlə yanaşı, 52 ölkədən 600-ə yaxın şirkət təmsil olunur.
Qeyd edək ki, bu il ölkəmizin turizm imkanlarının 18 beynəlxalq sərgidə nümayişi nəzərdə tutulur. O cümlədən 14 sərgiyə nazirliyin xətti ilə heyət qatılacaq.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 9.