Şəki 2016 - “Türk dünyasının mədəniyyət paytaxtı”

 

Paytaxtilinin tədbirlər planı və loqotipi hazırlanıb

 

Azərbaycanın çoxəsrlik keçmişə və zəngin irsə malik Şəki şəhəri son illər müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Burada aparılan abadlıq-quruculuq işləri, mühüm infrastruktur layihələrin icrası, tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində görülən ardıcıl tədbirlər Şəkinin turizm potensialının gücləndirilməsində və dünyada tanınmasında mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” 19 yanvar 2016-cı il tarixli sərəncam xalqımızın zəngin mədəni irsinə verilən yüksək qiymətin növbəti nümunəsidir. Bu mühüm sənəd Azərbaycanın çoxəsrlik keçmişə malik şəhərlərindən olan Şəkinin tarixi görünüşünün, memarlıq üslubunun qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün möhkəm zəmin yaradır.

Sevindirici haldır ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un Daimi Şurasının ötən ilin noyabrında Türkmənistanın Marı şəhərində keçirilən toplantısında Şəki şəhəri 2016-cı il üçünTürk dünyasının mədəniyyət paytaxtı” seçilmişdir. TÜRKSOY-un bu layihəsi 2012-ci ildən həyata keçirilir. Həmin il Qazaxıstanın Astana, 2013-cü ildə Türkiyənin Əskişəhər, 2014-cü ildə Tatarıstanın Kazan şəhəri, ötən il isə Türkmənistanın Marı şəhəri paytaxt elan olunub.

Bu mühüm estafeti Şəki şəhərinin qəbul etməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planı hazırlanıb.

Türk dünyasının mədəniyyət paytaxtı” ili ərzində Şəkidə müxtəlif beynəlxalq festivalların, sərgilərin, tamaşaların, konsert proqramlarının, təntənəli açılış və bağlanış mərasimlərinin keçirilməsi, çoxsaylı xarici qonaqların qəbul edilməsi planlaşdırılır.

Tədbirlər planı ilə yanaşı “Şəki 2016 - Türk dünyasının mədəniyyət paytaxtı” loqotipi də hazırlanıb. Loqotipdə ölkəmizi və Şəki şəhərini simvolizə edən elementlərdən istifadə edilib.

 

Mədəniyyət.- 2016.- 12  fevral.- S. 8.