Azərbaycan heykəltəraşı
Rusiya Rəssamlıq Akademiyasının fəxri
üzvü olub
Moskvada Rusiya Rəssamlıq Akademiyasının rəyasət heyətinin iclası olub. İclasda akademiyanın yeni fəxri üzvlərinə mükafatlar, habelə akademik reqaliyalar təqdim edilib.
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq rəssamı Tahir Salahov Yefim Zverkov adına mükafata layiq görülüb, Azərbaycan heykəltəraşı, respublikanın Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Akif Əsgərova isə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü akademik reqaliyası verilib.
Mükafatları akademiyanın prezidenti, SSRİ Xalq Rəssamı Zurab Sereteli təqdim edib.
Təqdimetmə mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. O, Azərbaycan rəssamlarına və heykəltəraşlarına göstərilən daimi diqqətə görə Rusiya Rəssamlıq Akademiyasına və şəxsən prezident Zurab Sereteliyə təşəkkür edərək deyib: “Akif Əsgərov Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü adına layiq görülən ilk Azərbaycan rəssamı deyil. Biz Rusiya Rəssamlıq Akademiyası ilə Azərbaycan rəssamları arasında yaranan mehriban münasibətləri çox yüksək qiymətləndiririk”.
Akademiyanın üzvlərinə
yaradıcılıq uğurları arzu edən
P.Bülbüloğlu “XVIII-XIX əsrlər
Britaniya qravürası toplusu”
kataloqunu səfirlik adından Z.Sereteliyə
təqdim edib.
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 6.