Zəlimxan Yaqubun xatirəsi yad edilib
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr edilmiş “Zəlimxan Yaqub yaradıcılığında hərbi vətənpərvərlik mövzusu” adlı tədbir keçirilib.
Ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir, filologiya elmləri doktoru Rüstəm Kamal, musiqişünas alim, professor, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə və başqaları Z.Yaqubun təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının şairi olduğunu bildiriblər.
Vurğulanıb ki, Zəlimxan Yaqub adının önünə və ya sonuna təkcə şair sözünü yazmaq azdır. O, şifahi xalq ədəbiyyatımızın bənzərsiz bilicisi, Dədə Qorqud yadigarı olan sazın qoruyucusu, keşikçisi, mənsub olduğu milləti özü qədər sevməyi bacaran əsl vətəndaş, ana dilini varlığı qədər sevən və sevdirməyə çalışan əsl söz adamı idi. Zəlimxan Yaqub gedişi ilə də sözün ölməzliyini, əbədiyaşarlığını bir daha sübut etməyi bacardı. Vaxtından, vədəsindən asılı olmayaraq hər dəfə Azərbaycan poeziyasından söz açılanda adı çəkilən şairlərin sırasında yada düşənlərin ilk cərgəsində Zəlimxan Yaqub da olacaq. Tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Məleykə Məmmədova şairin şeirlərini oxuyub.
Sonda Azərbaycan Aşıqlar Birliyinin
katibi, şairin irsinin tədqiqatçısı, Əməkdar
mədəniyyət işçisi Musa Nəbioğlu tədbirin təşkilatçılarına
və iştirakçılarına Zəlimxan Yaqub
poeziyasına göstərdikləri ehtirama
görə minnətdarlığını bildirib.
Mədəniyyət.- 2016.- 12
fevral.- S. 5.