Abidələri
“danışdıran” alim
Əbdülvahab Salamzadə Azərbaycan memarlıq tarixinin öyrənilməsi və təbliğində böyük xidmətlər göstərib
Azərbaycanın
tarixi-memarlıq incilərinin elmi əsaslarla
öyrənilməsində XX yüzillik xüsusi mərhələ təşkil edir. Çünki bu dövrdə abidələrin tədqiqi ilə
yanaşı, elmi bərpası istiqamətində
də ardıcıl işlər aparılıb. Bu sahədə mühüm
xidmət göstərən sənətşünas alimlərimizdən
biri də akademik
Əbdülvahab Salamzadə olub.
Əbdülvahab Rəhim oğlu Salamzadə 1916-cı il fevralın 16-da Şamaxı şəhərində anadan olub. 1918-ci ildə ailəsi Bakıya köçür və o, ibtidai təhsilini burada alır. 1933-cü ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq-inşaat fakültəsinə daxil olur. 1939-cu ildə ali məktəbi bitirir, 1941-ci ilədək “Azərdövlətlayihə” idarəsində memar işləyir. 1944-cü ildən taleyini Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutuna bağlayır, bu sahədə ardıcıl tədqiqatlara başlayır.
O, Azərbaycan milli memarlıq tarixini öyrənən ilk alimlərimizdəndir. Naxçıvan, Şirvan memarlıq məktəblərinin elmi şəkildə araşdırılmasında müstəsna xidmətlər göstərib. Təbriz və Aran memarlıq məktəblərinin də elmi cəhətdən müəyyən edilməsi görkəmli alimin adı ilə bağlıdır.
Əbdülvahab Salamzadənin fəaliyyəti təkcə elmi-nəzəri yaradıcılıqla məhdudlaşmır. O, eyni zamanda tarixi abidələrin ölçülərinin çıxarılması və bərpa eskizlərinin çəkilməsində də yaxından iştirak edib. Bu müddətdə onun “Abidələr danışır” (1952), “Azərbaycan memarlıq abidələri” (1958) adlı kitabları işıq üzü görür. 1962-ci ildə Azərbaycanın Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini olduqdan sonra tarixi abidələrin bərpa işlərində daha yaxından iştirak edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aludə Zeynalova alimlə bağlı araşdırmasında yazır: “Azərbaycan memarlıq məktəblərinin müəyyən edilməsi, milli, konstruktiv və bədii xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi və coğrafi arealının təyin olunması Əbdülvahab Salamzadənin adı ilə bağlıdır. Ötən əsrin 30-40-cı illərində bu sahədə ciddi dönüş yaranır. Bunun təməl daşını qoyan alimlərdən biri Əbdülvahab Salamzadədir. O, öz tədqiqatları ilə Azərbaycan memarlıq tarixşünaslığının yaradıcılarından birinə çevrilir. Həm də bu memarlığın sırf Azərbaycan mənşəli olduğunu təkzibedilməz elmi dəlillər vasitəsilə sübut edir. Tədqiqatları aşkar şəkildə göstərir ki, Azərbaycan bədii sənətkarlığı nəinki başqa xalqların mədəni təsirinə məruz qalmayıb, əksinə, özü onlara ciddi bədii-üslubi təsir göstərib. Bununla da alim Azərbaycan mədəniyyətinin, inşaat sənəti nailiyyətlərinin guya kənardan gətirilmə olması kimi saxta qənaətləri elmdən tamamilə uzaqlaşdırır. Onları qədim, qüdrətli bədii ənənələrin hökm sürdüyü, bütün Orta Şərq sənətkarlığına ciddi təsir göstərmiş milli memarlıq sənətimizin mükəmməl, ardıcıl mənzərəsi ilə əvəz edir”.
Memarlıq abidələri xalqın siması, onun mövcudluğunun canlı tarixi hesab olunur. Alimin araşdırdığı abidələr Azərbaycan xalqının öz yurdunda qədimliyinin, etnik birliyinin, monolitliyinin, həm də yüksək mədəniyyətinin aşkar göstəricisidir. O, milli üslub xüsusiyyətlərinə əsaslanaraq Azərbaycan memarlığının geniş coğrafiyasını dəqiqləşdirir.
Əməkdar rəssam, tanınmış bərpaçı mütəxəssis Ağarəhim Əliyev akademiklə bağlı xatirələr kitabında yazır: “1957-1958-ci illər idi. Həmin dövrdə tarixi-memarlıq abidələrinin təmirinə, onların bərpa olunmasına vəsait ayrılmışdı... İşə birinci Qarabağlar türbəsindən başlanacaqdı. Türbə Naxçıvanın mərkəzindən təxminən 30 km məsafədə yerləşirdi. Yol çox bərbad vəziyyətdə idi. Gün ərzində həmin yolu bir neçə dəfə gedib-gəlmək tələb olunurdu. Qarabağlar türbəsinin olduqca maraqlı eksteryer tərtibatı vardı. Abidənin bərpa olunmasında görkəmli alim, Naxçıvan memarlıq məktəbinin yorulmaz tədqiqatçısı, mərhum akademikimiz Əbdülvahab Salamzadə də iştirak edirdi... Minarələrin uçmaq təhlükəsi də yaranmışdı. Bərkitmə işləri elə aparılmalı idi ki, abidənin bədii-estetik xüsusiyyətləri dəyişməsin. Bu işdə də Əbdülvahab Salamzadənin çox böyük xidməti oldu. Həyatı üçün təhlükəli olsa da o, minarələrin lap yaxınlığında, hətta içərisində saatlarla dayanaraq salamat qalmış fraqmentlər vasitəsilə ümumi bədii kompozisiyanın çox dəqiq sxematik təsvirini işlədi və eskiz üçün mənə verdi. Bununla da bədii kompozisiyanın tarixi görünüşü ən kiçik detallarına qədər hifz edildi”.
1963-cü ildə görkəmli alimin M.Hüseynov və L.Bretanitski ilə birgə hazırladığı “Azərbaycan memarlığının tarixi” adlı fundamental əsəri işıq üzü görür. Ə.Salamzadənin “Əcəmi Naxçıvani” (1976), “Arazboyu abidələr” (K.Məmmədzadə ilə birgə, 1979) adlı elmi araşdırmaları da kitab şəklində çap olunur. O həm də Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı kimi tanınıb. Şuşa, Şəki kimi qədim şəhərlərimizin mədəniyyətini tədqiq edib.
“Sovet Azərbaycanının memarlığı”, çoxcildlik “SSRİ xalqları incəsənəti tarixi”, “Ümumi memarlıq tarixi” kitablarının müəlliflərindən olan alim bir çox memarlıq abidəmizin bərpa layihəsinin də tərtibçisidir, Molla Pənah Vaqifin 1982-ci ildə Şuşada ucaldılan məqbərəsininn həmmüəllifi (E.Kanukovla birgə) olub.
Görkəmli alimin Azərbaycan milli memarlıq tarixinin araşdırılmasında xidmətləri yüksək dəyərləndirilib. O, Əməkdar inşaatçı (1960), Əməkdar elm xadimi (1982) fəxri adlarına, müxtəlif orden və medallara layiq görülüb. 1983-cü ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilən Əbdülvahab Salamzadə həmin il avqustun 19-da vəfat edib. Alimin yetişdirdiyi yüksəkixtisaslı kadrlar bu gün də tarixi-mədəni mirasımızın araşdırılıb təbliğ olunmasına öz töhfələrini verirlər.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 17
fevral.- S. 15.