Tehranda Zəlimxan Yaqubun
xatirəsi anılıb
Fevralın 14-də İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Tehranın “Əndişə” Mədəniyyət Evində Azərbaycanın Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun anım mərasimi keçirilib. Tədbirdə İran azərbaycanlıları, şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Mərasimdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov çıxış edərək deyib ki, Zəlimxan Yaqub özündən sonra böyük irs qoyub. O, Azərbaycanın zəngin şeir ənənəsini uğurla davam etdirib, xalq yaradıcılığından bəhrələnərək aşıq sənətinin qorunub saxlanılmasında, təbliğində, irsinin tədqiqində böyük xidmətlər göstərib. Z.Yaqub şeirindəki Vətən və torpaq sevgisi onu oxuculara sevdirən başlıca amillərdəndir. Onun “Vətən yaraları”, “Sizi qınamıram”, “Od aldığım ocaqlar”, “Böyük ömrün dastanı” kitabları xalqın sevimli kitablarındandır.
Səfir bildirib ki. Z.Yaqubun ədəbi-ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Xalq şairi Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.
Mərasimdə İran Aşıqlar Birliyinin sədri Səlcuq Şahbazi, İranın tanınmış şairi Əzim Ağayi, İran parlamentinin nümayəndəsi İlyas Həzrəti və başqaları çıxış edərək Z.Yaqubun yaradıcılığından, şeirinin fəzilətindən danışıblar.
Sonra Z.Yaqubun
həyatından bəhs olunan sənədli
film göstərilib, şeirləri bədii
qiraət edilib. Təbrizdən, Zəncandan,
Miyanadan, Ərdəbildən, Urmiyadan və İranın başqa
şəhərlərindən mərasimə qatılan
aşıq qrupları Z.Yaqubun şeirlərinə
bəstələdikləri aşıq mahnılarını ifa ediblər. Mərasim
iştirakçılarına Z.Yaqubun fars dilinə tərcümə olunmuş
şeirlər kitabı təqdim edilib.
Mədəniyyət.- 2016.- 17
fevral.- S. 13.