18 fevral və 18 fevral...
1954-cü ilə bağlısı olum, 2015-ci il bağlı-dağlısı isə ölüm günün...
İndi, ay pir olmuş, bu saat mən neynim, necə eləyim? Özümü
bu tarixçələrin hansı üstdə
kökləyim - bu yazıda? Tamamilə
Tanrıya məxsus olan bu
qaçılmaz olayların hansını önə,
hankını genə çəkim, ay bizimçün bu saat da canlı olan dost-qardaşımız Tehran
qağa, hələ də təsir-təlim
aurasını hiss etdiyimiz
Tehran müəllim?!.
Qoy sənin də tam şərik olacağına yüzə-yüz əmin olduğum bir fikir deyim, əfəndim; hansı ilin hansı günündəsə doğulub, növbəti bir adla isimlənib, zəmanələrin diktələrilə buqələmuni sir-sifətlənib, ha tərəfə getməsinin fərqinə varmadan, sıradanbir ömür sürməyə nə varmış ki!..
Ölüm isə...
Hə, əsas məsələ bu fiziki yoxolmaya layiqincə hazırlaşıb, ömrün SONundan sonra da var olmaqdır ki, - sən buna nail oldun, Tehran Vəliyev!
Sən - şəxsi-ictimai görəvlərin içrə əsasən jurnalist olduğun üçün həmişə varolmanın nə demək olduğunu yaxşı bilirsən. Yəni bu, qohum-əqrəba üçün bir təskinlikdən əlavə, həm də sənin haqqında yazıb-yazasıların da əlinə-qələminə bir köməkdarlıq, bir tutarğadır; biz həmişə sənə nəqli-hekayəvi üslubda yox, canlı, əyani olaraq xitab edəcəyik...
Bəli, unudulmaz Tehran Vəliyev! Düz bir il öncə, neçə illər çalışdığın Mədəniyyət və Turizm Nazirliyinin “Azərbaycan ədəbiyyatına itki üz vermişdir” sözlərilə başlanan nekroloqunda “tanınmış tərcüməçi, jurnalist, redaktor, nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin Nəşriyyat sektorunun müdiri” kimi məlumatlar vurğulansa da, sən həmkarların içərisində çox seçkin bir jurnalist idin və deməli, Ölümü Olumun davamı etmək “publisistika”sını da çoxumuzdan yaxşı bilirmişsən!
Sənin insanlarla münasibətlərində - fövri, dövri, məclis-məxləs, “atüstü”, hərdən də “manqalüstü” söhbətlərində də bir istedad vardı, ay əziz, lütfkar həmkar! Haçansa biz bir fikir-zikirdə yanılanda, sən “məsələ”ni “yanlış da bir naxışdır” kimi misallarla həll edərdin. Hər şeyə düz, ədalətli, Allahtərəfi yanaşanların gözlərinin içinə baxardın, hap-gopçu, qeybət-heybətçilərlə müsahiblik məhkumiyyətilə üzləşəndə isə qırağa - bu dünyanın “əfv”, “yolavermə” künc-bucaqlarına...
Hərdən, yazı-pozularımızın da dil-üslubuna toxunardın. Məsələn, otuz il öncə mənim bir hekayəmdə obrazlardan birinin qan düşməninə qoşulub gəlmiş hörmətli el aşığını ağırlamaq üçün işlətdiyi “...qapıma gəlmisən” ifadəsini “qapıma sən gəlmisən” kimi yazmağımı məsləhət gördün...
Otuz il əvvəl məsləhət gördüyün o sözləri xatırladığım bu anda mən də ötən ilin bugünlərində qəzetimizdə çap olunmuş nekroloqu gördüm və ayıldım ki, ay dadi-bidad, burada yazılıb: “...tanınmış tərcüməçi, jurnalist, redaktor və xeyirxah insan Tehran İmran oğlu Vəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır”.
Deməli, nə qədər ağır səslənsə də, bu əziz dostumuz və həmkarımız artıq yoxdur...
Deməli, tək elə istedadlı deyil, həm də elmi-aspektual, tez-tez özünün də işlətdiyi ifadə ilə desəm - “kompitetni” jurnalistə xitab-müraciət təhkiyəsində axıracan bilavasitəlik yox, bilvasitəlik də etməli.
Deməli...
Tehran birmənalı insan
idi. Çoxlarının nəzəriycə yalnız
“Allahın bir fağır bəndəsi”
kimi görünən
bu ağır kişi statiklikdən
çox uzaq olan stabil adam
idi. Mən hər dəfə
onun haqqında fikirləşəndə “həmişə
bir cür olmaq, eyni təhər-tövrdə
qalmaq məsələsində
heç kəs ona oxşaya bilməz” qənaətinə
gəlmişəm. Hətta
belə bir gümana da düşmüşəm ki,
onu yaxından tanıyan və valideyn sarıdan psixoloji əyər-əskiklik
yaşayan müasir “bəxtsiz cavan”ların çoxusunun ürəyindən
“kaş mənim atam da belə
olaydı” umuları keçir.
Tehran Vəliyev çox işgüzar, çalışqan
olmaqla bərabər, həm də təvazökar və sözün yaxşı anlamında “qapalı” adam idi.
Düzü, bu qədər
yaxın olmağımıza,
tez-tez görüşüb-söhbətləşməyimizə
baxmayaraq, mən onun bu qədər
tərcümələr etdiyindən
xəbərsiz olmuşam.
Mənim
bu mənfimi onun “başını aşağı salıb işləmək” müsbəti
kimi ifadə etmək daha düzgün olardı.
Və bu yığcam xatirə yazısında onun tərcümə işlərindən danışmamaq
da olardı (həm də bunlar həddən ziyadə çoxdur!).
Lakin onun tərcümələrinin tək
elə başlıqlarının
poetikası məni onlardan bir neçəsini
oxucularımızın da
diqqətinə çatdırmağa
vadar etdi: C.D.Selincer - “Çovdarlıqda
uçurumdan qoruyan”
(roman), “Dülgərlər, qaldırın taxtabəndləri”
(povest), “Banan balığının asan
ovlanan günü”, “Esmeyə - həm sevdalı, həm də murdar”, “Pənbə göyçək
dodaqlar və o yaşılı gözlər”.
B.P.Petroviç - “Göyməcə
qarının quyusu”,
“Oddan çıxan hoppancıq”, “Qızılsaç”.
U.Folkner - “Avqust işığı” (roman), “Həmin
gün - şər qarışanda”, E.Heminquey
- “Bəyaz fillərə
bənzər təpələr”.
F.S.Fitscerald - “Ritz” oteli
boyda olmaz, “Yenidən Babildə” C.H.Feyrbanks - “Qafqazda və Mərkəzi Asiyada puça çıxan ümidlər”.
L.L.Ratto - “Yuxuların
çin olduğu yerdə” və s. və i. a. Bu məqamda onun mətbuata verdiyi müsahibələrindən birini
də xatırlatmaq gərək: “Mən mətni öz içimdən keçirməsəm,
tərcümə eləyə
bilmərəm”...
Haradan harayacan gəldin...
Cəbrayıl rayonunun Mahmudlu kəndində doğuldun,
Şükürbəyli kənd
orta məktəbini bitirib, rayonlararası kinoprokatı idarəsində,
bir il
sonra Bakıda neft-qaz çıxarma idarəsində fəhlə
işlədin. ADU (BDU)-nun jurnalistika
fakültəsini bitirdikdən
sonra “Texniki tərəqqi uğrunda” jurnalında ədəbi işçi, “Azərbaycan
təbiəti” jurnalında
tərcüməçi, “Dövlətnəşrkom”
və “Gənclik” nəşriyyatında böyük
redaktor, Tərcümə
Mərkəzində Qərb
ədəbiyyatı şöbəsinin
müdiri, “Azərbaycan”
qəzetində şöbə
müdiri, baş redaktorun birinci müavini, “Maarif” nəşriyyatının baş
redaktoru, Mədəniyyət
Nazirliyinin Nəşriyyat
şöbəsi müdirinin
müavini, Mədəniyyət
və Turizm Nazirliyinin Nəşriyyat,
reklamın təşkili
və informasiya şöbəsi İnformasiya
və reklam sektorunun, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsi Nəşriyyat
sektorunun müdiri vəzifələrində çalışdın.
Və -
günlərin bir günü - nağılvari
bir söhbətimizdə
məndən soruşdun
ki, iki oğlun
olduğunu bilirəm,
qızın da varmı, dedim, yox. Gülümsünərək
dedin, dostlarından birinin yeddi oğlu
olan anası dünyasını dəyişəsi
ərəfədə qonşu
gəlinlərdən birinə
umuyla baxıb-baxıb
“ay gəlin hey, - deyir,
- Allah mənə bir qız payı vermədi... Öləndə
məni bir yaxşıca ağlayarsan...”
Bu yazını başladığım
andan bəri xəyalımda sənin, daha çox, “Xudafərin” şadlıq sarayında - oğlun Turqutun toyundakı bir duruşun canlandı. Qızlarının birinin toyunda
iştirak edə bildim, o birində yox. Yəni, qardaş, səni
layiqincə (sözün
namərdliyinə bax,
ha!) ağlayıblar və
daha kifayətdir.
Qoy sənin övladların bu “il”dən belə, mənim bu yazıya
başlarkən keçirdiyim
“olum, ya ölüm günü” dilemması qarşısında
qalmasınlar; hər il “birinci 18 fevral”ı qarşılasınlar!..
Qəni-qəni rəhmət və
hörmətlə;
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 17
fevral.- S. 13.