Ənənələri yaşadan İrəvan teatrı

 

Qocaman sənət ocaqlarından, milli teatrımızın ilk binələrindən biri qədim yurd yerimiz olan İrəvanda yaradılan, zəngin yaradıcılıq yolu keçən və bu güntarixi adını yaşadan İrəvan Dövlət Azərbaycan Dram Teatrıdır. Artıq neçə illərdir ki, tarixi torpaqlarımızı tərk etməyə məcbur olmuş minlərlə soydaşımız kimi didərgin, qaçqın taleyi yaşayan teatr bütün çətinliklərə baxmayaraq, böyük sənət üçün yüksək amallara xidmət yolundan dönməyib.

 

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Qərbi Azərbaycanı özündə ehtiva edən yeganə mədəni məkandır. Bu teatr eyni zamanda öz İrəvanı üçün mübarizə aparan, haqq səsi və bədii kredosu ilə Ermənistan adlanan dövlətə meydan oxuyan, döyüşkən ruhlu sənət ocağıdır. 2000-ci ildən bu sənət ocağına rəhbərlik edən Əməkdar mədəniyyət işçisi İftixar Piriyev o dovrdən İrəvan teatrının bütün ənənələrini, keçdiyi uzun, keşməkeşli yolda nail olduğu intibahı qoruyub saxlamaqla, zəngin ənənələr üzərində sabaha doğru aparmağı qarşıya məqsəd qoymuşdur.

Qeyd etməliyik ki, İrəvan teatrı keçdiyi uzun yolda təşəkkül tapmış bu peşəkarlıq yaradılan sağlam yaradıcı mühit nəticəsində bu günqorunub saxlanılır. Teatrın yaradıcı və texniki heyətinin gənc qüvvələrlə zənginləşməsi, göstərilən etimad kollektivdə prinsipinin prioritetinə çevrilmişdir. Nəticə etibarilə bu gün teatrımızda püxtə sənətkarlarla yanaşı, çoxlu istedadlı, peşəkar gənclər fəaliyyət göstərir və teatr sənətini sevə-sevə, yorulmadan bir gündə bir neçə əsərin məşqlərində böyük həvəslə çalışırlar. Respublikanın bütün teatrları kimi İrəvan teatrı da dövlətimizin diqqəti və qayğısı ilə əhatə olunub. Bizbu qayğıdan səmərəli şəkildə yararlanmağa çalışırıq. Kollektiv müxtəlif beynəlxalq layihələrlə dəfələrlə Türkiyədə, Gürcüstanda, Rusiya Federasiyasında səfərlərdə olmuşdur. Ötən ilbu baxımdan zəngin olmuşdur.

İlk olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Xocalıya ədalət!" beynəlxalq təbliğat və təşviqat kampaniyası kontekstində 2015-ci il fevralın 26-da gürcü yazıçısı Nodar Dumbadzenin əsərlərinin motivləri əsasında hazırladığımız “Didro” tamaşası Binəqədi Rayon Ziyalılar Cəmiyyəti, Gürcüstan Mədəniyyət və Abidələrin Qorunması Nazirliyi və Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrı ilə birgə layihə olaraq həyata keçirildi.

Daha sonra Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə Türkiyənin “Anadolu Aydınlar Ocağı”, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı ilə birgə “Çanaqqala zəfəri” adlı layihəni 17 aprel 2015-ci ildə gerçəkləşdirdik.

Layihə çərçivəsində türk yazarı Demet Çizmelinin “Cümhuriyyətin ilk sədası” tarixi-xronoloji dramının premyerasını təqdim etdik. Onu da qeyd edək ki, İftixarın müəllifi olduğu “Soyqırımı tarixinin dastanı” əsəri ilə Osmanlı dövlətinin məşhur sərkərdəsi Nuru paşanın, Demet Çizmelinin “Cümhuriyyətin ilk sədasi” əsəri ilə isə Türkiyə Cümhuriyyətinin yaradıcısı böyük öndər Mustafa Kamal Atatürkün bədii obrazları Azərbaycan teatr tarixində ilk dəfə İrəvan teatrının səhnəsində canlandırılmışdır.

Kollektivimiz “Cümhuriyyətin ilk sədasi” tamaşasını Türkiyə-Azərbaycan dostluğuna, həmrəyliyinə yeni töhfə və mübarizə amacı kimi təqdim etdi, həm varlığı ilə, həm də vətənpərvər ruhlu tamaşaları ilə bu teatrı və minlərlə soydaşımızı yurd-yuvasından didərgin salmış düşmənə qarşı mübarizə mövqeyində dayandığını bir daha təsdiqlədi, yüz ilin erməni yalanlarına, qondarma “soyqırımı” iddialarına qarşı qardaş Türkiyə ilə birgə mövqedə olduğunu öz sənət qüdrəti ilə isbatladı. Biz Çanaqqala zəfərini belə kutladıq. Çanaqqala zəfəri təkcə Türkiyə Cümhuriyyətinin qurtuluş zəfəri tarixi deyildir, bu zəfər həm də böyük türk birliyinin həmrəylik və birlik, bir bayraq altında birləşməyə çağırış tarixidir! - deyə səsləndik.

Aprelin 26-28-də isə Tiflisdə bizim təşəbbüsümüzlə həyata keçirilən “Qafqazda sülh tərəfdarıyıq” adlı növbəti beynəlxalq layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm NazirliyininGürcüstan Respublikası Mədəniyyət və Abidələrin Qorunması Nazirliyinin dəstəyi ilə reallaşdı. Layihə üçün teatrımızın bazasında Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Peşəkar Dram Teatrının kollektivi ilə birgə hazırlanmış N.DumbadzeninDidro” əsəri Tiflisdə N.Dumbadze adına Gənc Tamaşaçılar Teatrında nümayiş olundu.

Həmişə olduğu kimi, ötən ilkollektivimizin bölgələrə səfəri çox uğurla keçdi. 5-15 oktyabr tarixində Astara, Lənkəran, Cəlilabad, Sabirabad, Saatlı, İmişli, Ağcabədi, Laçın, Samux, Göygöl rayonlarının sənətsevərləri, eləcə də Ağcabədi rayonundakı N saylı hərbi hissənin heyəti qarşısında təqdim etdiyimiz şair-dramaturq İftixarın “Qalx ayağa, Azərbaycan” adlı tamaşası coşqu ilə qarşılandı. Vətənpərvərlik ruhu aşılayan, ümummilli liderimiz Heydər Əliyevin ömür yolundan, dövlət xadimi kimi zəngin fəaliyyətindən, azərbaycançılıq ideyalarından bəhs edən bu tamaşa ilə biz təkcə mədəni xidmət göstərməklə kifayətlənmirdik. Eyni zamanda sənət dili ilə ifadə etdiyimiz azərbaycançılığın poetik təcəssümünü, vətən sevgisini, xalqın öz liderinə olan məhəbbətini əyani şəkildə sübuta yetirirdik. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fenomenal fəaliyyəti və onun dövlətçilik yolunun layiqincə davam etdirilməsi, ölkəmizdəki quruculuqinkişaf prosesi tamaşanın məzmun və mahiyyəti ilə vəhdət təşkil edən bir mənzərə yaradırdı.

İrəvan teatrı kollektivinin rayon zəhmətkeşləri qarşısında çıxışı yerlərdə mədəni hadisəyə çevrildi. Biz belə səfərlərlə rayonlarla paytaxt arasında mədəni əlaqələrin yenidən canlanmasına da öz töhfəmizi veririk. Bölgələrimizdə teatra marağın xeyli artması müşahidə olunur. Tamaşaçılar paytaxtdan gələn teatr kollektivləri ilə görüşlərdən məmnunluq ifadə edərək yeni maraqlı əsərlər seyr etmək arzusunda olduqlarını bildirirdilər.

İstər regionlara səfərlər, istərsə də hər hansı festivallarda çıxışlar teatr kollektivi üçün mədəniyyətin təbliği, sənətkarlıq səviyyəsinin nümayişi olmaqla yanaşı, həm də özünütəsdiq və məsuliyyət anlamını daşıyır. Heç bir teatr yalnız öz divarları arasında inkişaf edə bilməz. Truppanın peşəkarlığı həm də onun başqa səhnələrdə oynadığı tamaşalarda formalaşır. Qastrol səfərlərsiz teatr öz ənənəvi anlayışını itirmiş olur.

Teatrımız repertuarını bu günün reallıqları çərçivəsində qurmağa çalışır. Uğurla başa vurduğumuz 2015-ci ili planda iki əsərin hazırlanması nəzərdə tutulduğu halda 12 premyera oynanılmışdır. Ötən ilin son tamaşaları sırasında Çingiz Ələsgərlinin “İnsan”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Sultan Məcid Qənizadənin “Xor-xor”, İftixarın “Qalx ayağa, Azərbaycan!” əsərlərinin tamaşalarını göstərə bilərik. Kollektivin gəncləşdirilməsi istiqamətində addımlar da uğurla həyata keçirilir. Azərbaycan və dünya dramaturgiyasının ən yaxşı əsərləri ilə yanaşı, məxsusi olaraq vətənpərvərlik mövzusunda olan əsərlərə geniş yer veririk.

2016-cı ilin ilk premyerası isə fevralın 9-da Azərbaycan Milli Dram Teatrının səhnəsində oynadığımız “İrəvanda xal qalmadı” tamaşası oldu. Şair-dramaturq Hidayətin əsəri ötən əsrin 80-ci illərində İrəvanda yaşayan həmvətənlərimizin milli zəmində qarşılaşdıqları repressiya və çətinliklərdən bəhs edir.

Builki repertuar planımıza dövlət sifarişi yolu ilə hazırlanacaq iki tamaşa - A.P.Çexovun “Ayı”, N.Hikmətin “Bayramın ilk günü” əsərləri daxil edilmişdir. Kollektivimiz Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu il aprelin 8-dən 30-dək Türkiyənin bir sıra şəhərlərində irimiqyaslı qastrol səfəri həyata keçirməyi planlaşdırır. Qarşıda isə çoxlu planlarımız, həyata keçirmək niyyətində olduğumuz layihələr var. Kollektivimiz bu mövsümüdolğun yaradıcılıq həyatı və yaddaqalan tamaşalarla teatrın sənət salnaməsinə yazmaq əzmindədir.

 

Nərminə Ağayeva

İrəvan Dövlət Azərbaycan Dram Teatrının ədəbi hissə müdiri

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 12.