Musiqi və incəsənət məktəblərinə metodiki köməklik göstərilir

 

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları uşaq musiqi və incəsənət məktəblərinə metodiki kömək göstərmək məqsədilə yerlərdə görüşlər keçirirlər.

Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üçün Elmi-Metodik Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış tədris proqramlarının və metodiki vəsaitlərin təqdimat mərasimi olub.

Tədbirdə Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonları və Sumqayıt şəhər uşaq musiqi, incəsənət məktəblərindən 200-ə yaxın müəllim iştirak edib. Müasir dövrdə bədii təhsil sahəsində tədris metodikasının gücləndirilməsi istiqamətində qarşıda duran prioritet məsələlər haqqında müzakirələr aparılıb.

Elmi-Metodik Mərkəzin əməkdaşları Bərdə, Göyçay və Saatlı rayonlarında treninq xarakterli tədbirlər keçiriblər. Musiqi və incəsənət məktəblərində tədris prosesinin təşkili, innovativ metodoloji üsullar haqqında, eləcə də dərsə davamiyyət və digər məsələlərlə bağlı nöqsanların aradan qaldırılması istiqamətində söhbət aparılıb. Əməkdaşlar ixtisas və nəzəri fənlərin metodikası, tədrisin mövcud normativ sənədlərlə aparılması, məktəbin, sinif otaqlarının tərtibatı, şagirdlərin bilik səviyyələri ilə tanış olaraq zəruri tövsiyələr veriblər. Məktəblərə müxtəlif metodiki vəsaitlər təqdim edilib.

 

Mədəniyyət.- 2016.- 17 fevral.- S. 11.