Qışın
“oğlan çağı”nda
Şahdağın yamacında...
“Şahdağ”
Turizm Mərkəzinə
press-tur təşkil olundu
Ölkəmizdə turizmin inkişafı ilə bağlı mühüm məsələlərdən biri
bölgələrdə yaradılan
yeni turizm mərkəzlərinin fəaliyyətinin
daha geniş təbliğ olunması və tanıdılmasıdır. Bu məqsədlə Mədəniyyət və
Turizm Nazirliyi müxtəlif turizm mərkəzlərinə tanıtım
və media turları təşkil edir. Belə səfərlərdən biri
fevralın 11-12-də “Şahdağ”
Turizm Mərkəzinə
gerçəkləşdi. Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
press-turda ölkəmizdə
fəaliyyət göstərən
bir sıra media qurumlarının nümayəndələri
iştirak edirdi.
Səfərin əsas
məqsədi kompleksin
fəaliyyəti, turizm
obyektləri və turistlərə göstərilən
xidmət haqqında ictimaiyyətə geniş
məlumat vermək idi.
Şahdağın qışı da,
yayı da gözəldir
Paytaxtdan
“Şahdağ” Turizm Mərkəzinə yolçuluğumuz
Tofiq Bəhramov adına Respublika
Stadionunun qarşısından
başladı. Yolboyu turun
proqramı, qarşılanma,
yerləşmə haqqında
məlumat verilirdi.
Günorta saatlarında turizm
kompleksinə çatdıq.
5 ulduzlu “Shahdag
Hotel &Spa” mehmanxanasına yerləşdikdən və
nahar fasiləsindən
sonra mərkəzlə
tanışlıq başladı.
“Şahdağ” Turizm Mərkəzinin əməkdaşı
Şamil Mikayıllı
məlumat verdi
ki, hazırda burada 5 hotel fəaliyyət
göstərir. Bu hotellərdə 1100 nəfərin
gecələməsi üçün
şərait var. Ümumilikdə
isə mərkəz gün ərzində 10 min
nəfərə yaxın
turistə xidmət etmək gücündədir.
Burada 11 kanat xətti, 19 xizək enişi yamacı, həmçinin
“Ovdan SPA” mərkəzi
və hovuz turistlərin ixtiyarındadır.
Kompleksin
restoranlarında Azərbaycan
mətbəxi ilə yanaşı, dünya mətbəxi nümunələri
də təqdim edilir.
Media mənsubları yerləşdikləri
“Shahdag Hotel &Spa” ilə
yanaşı, “Zirvə”
mehmanxanası ilə də tanış
oldular. Jurnalistlərə hotellərdə yaradılan
şərait, yerləşdirmə
və xidmət barədə ətraflı
məlumat verildi.
Sonra digər turizm və xidmət obyektlərinin fəaliyyəti
ilə tanış
olduq. Kompleksə gələn peşəkar
idmançıları 19 xizək
enişi yamacına 11
kanat xətti qaldırır. Burada
həm kürsü tipli, həm yeni xizək sürməyi öyrənənlər
üçün “sehrli
xalça”, həm də asma buraz
yolları (qondola) adlanan 8 nəfərlik kanat xətti fəaliyyət göstərir.
Press-tur iştirakçıları
da mərkəz ərazisində yerləşən
ən uzun və ən yüksək dağ zirvəsinə qaldıran
kanat xətti - qondola ilə dəniz səviyyəsində
2100 metr hündürlüyə
qalxdılar. Bu kanat
xəttinin digərlərindən
fərqi kabinə formasında olmasıdır.
Digər
kanat yolları daha çox xizək sürmək üçün istifadə
edilirsə, bu kanat xəttindən isə əsəsən dağ zirvəsi və yamacı boyunca gözəl mənzərələri seyr
etmək istəyənlər
istifadə edirlər.
Kanat xəttinin uzunluğu 1794 metr, xizək enişi yamacının uzunluğu isə 1880 metrdir. Bu, kompleks
ərazisində olan ən uzun xizək
enişi yamacıdır.
Xarici turistlər kompleksə maraq göstərirlər
“Şahdağ” Turizm
Mərkəzi ilin hər fəslində həm yerli, həm də xarici turistləri cəlb edir. Yayı başqa,
qışı isə
bambaşqa bir gözəlliyə sahib olan
kompleksə həftəsonu
üz tutanlar daha çoxdur. Qış tətilini Azərbaycanda - “Şahdağ”da
keçirən xarici turistlərin də sayı az
deyil.
Çinli turist Yan Çan
kompleksə ilk dəfə
gəldiyini deyir: “Bu gün istirahətimin ilk günüdür. Buranın mənzərəsi
adamı heyrətləndirir.
Qar təmiz və yumşaqdır. Çində isə qar çox
bərk olur. Burada xizəklərlə sürüşmək
isə daha əyləncəlidir”.
İranlı turist Həsəni
Zərinqala isə “Şahdağ” Turizm Mərkəzində birhəftəlik
istirahət müddətinin
yekunlaşdığını bildirir: “Qış tətilimi burada keçirməyə qərar
verdiyim üçün
heç də yanılmamışam. İlk dəfədir
burada oluram. Şəraiti yüksək qiymətləndirirəm.
Xizək
sürmək və kanatla dağların zirvəsinə qalxmaq çox maraqlıdır.
Dağların zirvəsindən ətrafda olan bütün ərazilər
çox gözəl görünür”.
Daha bir iranlı qonaq, Təbriz şəhərindəki “Alp” turizm
şirkətinin əməkdaşı
Hüseyn Məhəmmədpur
da “Şahdağ”da turistlər üçün
yaradılan şəraitdən
razılığını bildirir: “Bizim turizm şirkəti İranda ekoturizm sahəsində böyük
təcrübəyə malikdir.
Həm dünyanın müxtəlif
ölkələrinə bu
istiqamətdə turist
səfərlərinin təşkili,
həm də İrana xarici turistlərin cəlb olunmasını həyata keçiririk”.
Müsahibim deyir ki, 2015-ci ilin əvvəllərində
“Şahdağ”da olduqdan
sonra, kompleksin turizm imkanları barədə İranın
bir sıra qəzet və saytlarında materiallar dərc etdiririb: “Bizim elanlardan sonra çoxlu müraciətlər oldu. Azərbaycana,
həmçinin “Şahdağ”
Turizm Mərkəzinə
bir neçə dəfə turistlər gətirmişəm. Novruz bayramı
öncəsi də turlarımız olacaq.
Budəfəki turumuzda Tehran, Təbriz,
Urmu və İsfahandan 17 nəfər
xizək üzrə peşəkar idmançı
iştirak edir. Onlar bu səfərdən çox razı qalıblar”.
Hüseyn Məhəmmədpur iranlı
turistlərin Azərbaycana
daha çox gəlmək istədiklərini
deyir. Onun sözlərinə görə,
sərhəd-keçid məntəqələrində
ləngimə, saatlarla
gözləmə olmasa
və bir də yemək qiymətləri bir az aşağı
olsa, İrandan ölkəmizə gələn
turistlərin sayı artar.
Media nümayəndələrinə xizək dərsləri
Qışda turistlər “Şahdağ”
Turizm Mərkəzinə
daha çox xizək sürmək üçün gəlirlər. İlk dəfə
xizək sürən,
təcrübəsiz turistlər
üçün xizəksürmə
dərsləri verilir.
Bu, turistlərin rahat və əyləncəli,
ən əsası isə, xəsarət almadan istirahət etməsinə xidmət edir. Təlimləri həm yerli,
həm də xarici mütəxəssislər
həyata keçirir.
Kompleksin
ilk mərhələsinin istifadəyə
verildiyi 2012-ci ildən
fəaliyyətə başlayan
xizək məktəbində
40-dək türk, ingilis,
fransız, ispan, rus və yerli
mütəxəssis çalışır.
Press-turun ikinci günü media nümayəndələrinə
də xizəkdən istifadə qaydaları nümayiş olundu. Əvvəlcə hər kəsə xizəklərin satışı
və kirayəsi məntəqəsində xizək
və xizək ləvazimatları verildi.
Sonra yeni öyrənən turistlər üçün
nəzərdə tutulmuş
sürüşmə zolağında
təlim başladı.
Təlim
zamanı xizəkdən
istifadə qaydaları,
xizəksürmənin ən
asan və təhlükəsiz yolları,
xizək enişi və yamaclardan istifadə zamanı diqqət yetirilməli olan əsas məqamlar öyrədildi.
Veteranlar
üçün istirahət
imkanı
Fevralın 12-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının
üzvü olan bir qrup veteran üçün “Şahdağ”
Turizm Mərkəzində
birgünlük istirahət
turu təşkil olunmuşdu. Səfərə təşkilatın 40 nəfər üzvü cəlb edilmişdi. Tur çərçivəsində veteranların mənalı
istirahəti üçün
hər cür şərait yaradılmışdı,
həmçinin gəliş
və geri dönüş üçün
nəqliyyat vasitəsi
ayrılmışdı.
“Şahdağ”da səfərdə
olan media nümayəndələri
ilə veteranların görüşü də
maraqlı keçdi. Təşkilatın şöbə müdiri Kamal Əliyev yaradılan şəraitdən
razılığını bildirdi. Qeyd etdi ki, dövlətimiz hər zaman veteranlara diqqət və qayğı göstərir.
Çıxış edən digər
veteranlar da onlar üçün yaradılan şəraitə
görə öz minnətdarlıqlarını bildirdilər.
Press-tur fevralın
12-də yekunlaşdı. Media mənsubları
“Şahdağ”a ikigünlük səfərdən
bol təəssüratla
döndülər.
Qeyd edək ki, inşasına
2009-cu ildə başlanılan
və ilk mərhələsinin
açılışı 2012-ci ilin dekabrında keçirilən “Şahdağ”
Turizm Mərkəzi Qusar rayonunda Şahdağ Milli Parkının ərazisində,
dəniz səviyyəsindən
1300-2351 metr hündürlükdə
yerləşir. Ümumi ərazisi
2058 hektar olan kompleks Azərbaycanda ilk dağ-xizək turizm mərkəzidir.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 17
fevral.- S. 10.