“Françeska da Rimini” - qəmli eşq əhvalatı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı növbəti yeni tamaşanı baletsevərlərə
təqdim etdi. Birpərdəli səhnə əsəri
görkəmli rus bəstəkarı P.İ.Çaykovskinin
«Françeska da
Rimini» simfonik poeması
əsasında quruluş
verilən eyniadlı tamaşadır.
Bəri başdan deyək ki, A.Dantenin «İlahi komediyası»ndakı
«Françeskanın hekayəti»
(«Cəhənnəm», 5-ci nəğmə)
yazıldığı zamandan
çox səhnə əsərlərinə mövzu
olub. Yaraşıqlı Paolo ilə sevgilisi
- onun eybəcər və qısqanc qardaşı Cotto ilə evlənməyə
məcbur edilmiş Françeskanın faciəsi
çox bəstəkarları
bu nəğmənin əsasında müxtəlif
musiqi əsərləri
yazmağa ilhamlandırıb.
Maraqlıdır ki, ilk «Françeska
da Rimini» musiqi əsərini 1876-cı ildə
Pyotr Çaykovski simfonik poema janrında bəstələyib.
Sonralar müxtəlif illərdə
ayrı-ayrı bəstəkarlar
dünya musiqisinə
«Françeska da
Rimini» adlı balet və opera əsərləri
bəxş ediblər.
Lakin musiqi tarixçilərinin
yazdığına görə,
musiqisinin gözəlliyinə
və şöhrətinə
görə Çaykovskini
keçən olmayıb.
Hələ 1915-ci ildə əfsanəvi
Mixail Fokin bu simfonik poemanı
ilk dəfə balet tamaşası kimi səhnələşdirib.
Artıq yüz ildir ki, müxtəlif balet truppalarında «Françeska da Rimini» baleti səhnələşdirilir. Bizim Opera və
Balet Teatrımız da istisna olmadı.
Tanınmış baletmeyster Pellumb
Aqalliyay (Albaniya) Françeskanın qəmli
hekayətini bizim teatrın səhnəsinə
gətirdi.
Üç əsas iştirakçısı
olan tamaşada Əməkdar artist Nigar İbrahimova, Timur Oduşev, Makar Ferştandt çıxış
edirdilər. Hər üç ifaçı
öz ifaları, artistizmi ilə tamaşaçının diqqətini
cəlb edə, öz obrazlarının dramatik yükünü çatdıra bildilər.
Amma teatrın balet truppasının ən gözəl balerinalarından
olan Nigar İbrahimova və balet artisti Makar
Ferştandt öz ifalarındakı hiss-həyəcanı
daha qabarıq ifadə edərək, salona daha təsirli
ötürə bildilər.
Tamaşanın kulminasiya nöqtəsində,
Cotto onu qəbul etməyən həyat yoldaşı ilə birgə yaxaladığı qardaşı
Paolonu qətlə yetirdiyi an artistin hərəkətinin musiqi
ilə tam üst-üstə
düşməsi sözlü-səsli
tamaşalardakı tək
seyrçiləri sarsıtdı.
Tamaşanın bədii tərtibatı bizi İntibah dövrünün İtaliyasına,
gözəl mənzərəli
Riminiyə aparırdı. Çox zərif
dekorlar işıqların
rəngini dəyişən
sofitlərin fonunda, belə bir romantik
ortamda bir-birini sevən iki gəncin məhəbbətinin
nakam qalması qəmli hekayəni daha təsirli çatdırmağa kömək
edirdi. Qara geyimli eybəcər
Cottonun solo səhnələrində
zülməti andıran
tünd pərdənin
endirilməsi onun niyyətini tamamlayırdı.
Xalq artisti, professor Yalçın Adıgözəlovun
tamaşanın musiqi rəhbəri olaraq, orkestri çox məharətlə idarə
etməsi, səhnədəki
hər bir hərəkətin, jestin musiqi ilə uyarlığı nəzərlərdən
və səs duyumumuzdan qaçmadı.
Əminliklə demək olar ki, «Françeska da Rimini» ilə Akademik Opera və Balet Teatrı uzun illər repertuarda qala biləcək daha bir tamaşa qazandı.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 17
fevral.- S. 6.