Vyanada azərbaycanlı rəssamın sərgisi

 

Fevralın 17-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində Əməkdar rəssam Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət “Rənglərin poeziyası” adlı sərgi açılıb. Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, yerli incəsənət həvəskarları, soydaşlarımız iştirak ediblər.

Mərkəzin rəhbəri Leyla Qasımova çıxış edərək Əsmər Nərimanbəyovanın müasir Azərbaycan rəngkarlıq sənətinin tanınmış nümayəndələrindən biri olduğunu bildirib. Qeyd edib ki, Ə.Nərimanbəyovanın yaradıcılığına qiymət verərkən ilk öncə onun böyüyüb boya-başa çatdığı və incəsənət xadimi kimi yetişdiyi mühitə nəzər salmaq lazımdır. Dünya şöhrətli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun və istedadlı heykəltəraş, Əməkdar rəssam Elmira Hüseynovanın ailəsində dünyaya göz açan Ə.Nərimanbəyova uşaq yaşlarından rənglər dünyası ilə tanış olub, bu yaradıcı mühit onun əsərlərinə təsirsiz ötüşməyib. Rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib və bir sıra məşhur qalereyalarda saxlanılır.

Əsərlərinin musiqi və incəsənət şəhəri olan Vyanada nümayiş etdirilməsindən məmnunluğunu bildirən Ə.Nərimanbəyova sərginin təşkil olunmasında göstərdiyi təşəbbüsə və dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərinə təşəkkürünü bildirib.

Sonra Vyanada yaşayıb təhsil alan gənc azərbaycanlı musiqiçilər Təhminə Abdullayeva (skripka) və Müşfiq Quliyev (fortepiano) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər. Sərgi mart ayının sonunadək sənətsevərlər üçün açıq olacaq.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 16.