Qavrama nöqtələri”

 

Soydaşımızın Romada uğuru

 

Romadakı Müasir İncəsənət Muzeyində şəhər meriyasının, “Montoro 12” Müasir İncəsənət Qalereyasının və ölkəmizin İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə azərbaycanlı rəssam Faiq Əhmədin “Qavrama nöqtələri” adlı fərdi sərgisi açılıb.

Rəssamın muzey formatında keçirilən ilk sərgisində sufilik əlamətləri monumental instalyasiyalarda, eksponatlarda, videoçarxlarda özünü büruzə verir. Beləliklə, sərginin bütün bu tərkib hissələri vahid, iddialı layihə mənzərəsi yaradır. Rəssam ifadə şəkli olaraq mistik axtarışa müraciət edir, müxtəlif material və ifadə texnikalarında eksperimentlər aparır.

Müəllif futuristik estetikasına görə gələcəyə istiqamətlənmiş bu sənət əsərlərini yaratdıqda açıq-aşkar dünyəvi yanaşma nümayiş etdirir. Rəssam ənənəvi xalçaçılıq texnikasına müdaxilə etsə belə, xalça istehsalının qədim metodlarına sadiq qalır. O hesab edir ki, incəsənət keçmişlə indiki zamanın, qədimliklə müasirliyin vəhdətidir.

Sərginin ekspozisiyası çoxlu sayda əsər və instalyasiyalardan, rəssamın yaradıcılığında mühüm yer tutan xalçalardan və onların gözoxşayan naxışlarından ibarətdir. Sərgi zalının mərkəzində duran instalyasiya dalğa şəklində qurulub. Məscid döşəməsi örtüyündən hazırlanmış bu dalğavarı qurğu fizika qanunlarını alt-üst edərək ziyarətçilərin keçirdikləri duyğuları ən yüksək nöqtəyə çatdırır.

Sərginin kuratoru Klaudio Libero Pizano deyib: “Sərgi bizə azərbaycanlı rəssamın yaradıcılığını tanımaq imkanı yaradır, müasir Azərbaycan incəsənətinin simasını əks etdirir. Ölkənizin mədəniyyətini izləmək və azərbaycanlı sənətkarların yaradıcılıq yolu ilə tanış olmaq italiyalılar üçün çox maraqlıdır”.

Sərgi martın 29-dək davam edəcək.

Qeyd edək ki, Faiq Əhmədin əsərləri indiyədək Nyu-York, Paris, London, Berlin, Dubay, MoskvaHonkonqda sərgilənib. Rəssam 2007-ci ildən başlayaraq milli ənənələrin rəmzi olan əllə toxunmuş Yaxın Şərq xalılarının klassik model və dizaynlarını dekonstruksiya etməklə heyranedici vizual nümunələr yaradıb. Bu əsərlər silsiləsi müxtəlif ölkələrdə böyük maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 16.