Öz həyatını canlandıran
aktrisa
Vera Alentova. “Moskva göz
yaşlarına inanmır”
filmində oynadığı
rolu ilə böyük şöhrət
qazanan bu aktrisa mənim də yeniyetmə yaşlarımdan pərəstiş
etdiyim sənətkarlardan
biridir. Aktrisa həmin filmdə canlandırdığı kənddən
böyük şəhərə
gələn, həyatın
çətinlikləri ilə
üzləşən, xəyanət
görən, lakin buna rəğmən zavodda fəhlə işləməklə bərabər
əzmi, iradəsi sayəsində institut bitirən, daha sonra karyera qazanan,
zavodun direktoru vəzifəsinədək yüksələn,
qızını tək
böyüdən Katerina
Tixomirovanı milyonlarla
tamaşaçıya sevdirməyi
bacardı.
O, 1942-ci il fevralın
21-də Arxangelsk vilayətinin
Kotlas şəhərində
anadan olub. Valideynlərinin ikisi də teatr aktyoru olub.
Vera 4 yaşında ikən atası dünyasını dəyişir.
Anası
həmişə ona təsəlli verərək
deyirdi ki, qorxma, sənin bütün işlərin
yaxşı olacaq.
Çünki Allah yetimlərə kömək edir. Bir müddətdən sonra onlar Ukraynaya köçürlər. Geniş fantaziyaya
malik Vera qonşu uşaqlarla birgə səhnəciklər düzəldir,
köhnə pərdələrdən
paltarlar tikir və onları güllərlə, yarpaqlarla
bəzəyirdi. Anası teatrla
qastrollara getdiyindən
onlar müxtəlif şəhərlərdə olurdular.
Vera məktəbə Ukraynada getsə də, orta təhsilini
Altayda bitirir, Barnaul şəhərində tibb
institutuna daxil olur.
Lakin uşaqlıqdan
aktrisa olmaq arzusu onu rahat
buraxmırdı, odur ki, anasının çalışdığı Barnaul Dram Teatrında artistlik bacarığını göstərmək
istəyir. Bundan xəbər tutan
anası çox əsəbiləşsə də,
sonra qızının
istedadını və
istəyini nəzərə
alaraq ona Moskvada oxumağı məsləhət görür.
1961-ci ildə Vera Moskva Akademik Bədaye Teatrının
(MXAT) məktəb-studiyasına daxil olur. Burada eyni kursda
oxuduğu əslən
bakılı, gələcəyin
məşhur aktyoru, rejissoru, ssenaristi Vladimir Menşovla tanış
olur, onların aralarında məhəbbət
yaranır. İkinci kursda ailə
həyatı qururlar.
1965-ci ildə cütlük
məktəb-studiyanı bitirir. Vera A.S.Puşkin
adına Moskva Dram Teatrına çalışmağa başlayır.
Həyat
yoldaşı paytaxtda
işsiz qaldığı
üçün Stavropola
yollanır, bir ildən sonra isə Moskvaya qayıdır. Məşhur
rejissor Mixail Romm Vladimirlə tanış olduqdan sonra onun istedadını bəyənir. O, Ümumittifaq
Dövlət Kinematoqrafiya
İnstitutunun aspiranturasına
qəbul olur və rejissorluq ixtisası üzrə bitirir. 1969-cu ildə
onların Yuliya adında qızları dünyaya gəlir.
Vera Alentova teatrda
oynadığı rollara
görə diploma layiq
görülür. Kinoda debütü
isə 1965-ci ildə
“Uçuş günləri”
(Lidiya Fyodorovna) filmi olur. 1977-ci ildə “Doğum
günü” (Olenina),
1979-cu ildə “Belə
qısa və uzun həyat” (Nastya Ovçinnikova) filmlərinə çəkilir.
1979-cu ildə həyat
yoldaşı Vladimir Menşovun
quruluş verdiyi “Moskva göz yaşlarına inanmır”
filmində oynadığı
Katerina Tixomirova rolu ona böyük
şöhrət gətirir. Film 100-dən
çox ölkədə
nümayiş olunur.
1981-ci ildə “ən yaxşı xarici film” nominasiyasında
“Oskar” mükafatına layiq
görülür. Vera
Alentova isə Dövlət mükafatı
laureatı olur. Aktrisa müsahibələrində Katerina
rolu ilə öz həyatında oxşarlıqların çox
olduğunu, ikisinin də kənddən şəhər gəlib kirayədə qaldığını,
heç bir çətinliklərə baxmayaraq,
öz ayaqları üstə durub istədiklərinə nail olduğunu,
ikisinin də həyatda cəmi bir qız övladını
böyütdüyünü deyir.
Vera Alentova 1982-ci ildə Rusiyanın Əməkdar artisti, “Arzu zamanı” filmində (1984)
canlandırdığı Svetlana Vasilyevna roluna görə 1986-cı ildə
“Vasilyev qardaşları”
kino mükafatına,
1992-ci ildə Xalq artisti adına
layiq görülür.
1995-ci ildə yenidən həyat yoldaşının rejissorluğu
ilə “Şirli-mırli”
(Lyüsena Korolikova) filminə çəkilir.
Sonrakı illərdə də
bir-birindən maraqlı
rollar oynayır.
Bir neçə il
əvvəl “qızıl
toy”larını (50 illik)
qeyd edən mehriban cütlük hazırda Moskvada yaşayır. Qızları Yuliya isə
məşhur aktrisa, teleaparıcı və teleprodüserdir. 74 yaşlı aktrisanın iki nəvəsi də var.
Səbinə Əlibalaqızı
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 15.