Estoniyadakı
teatrımız 20 yaşını qeyd edir
Estoniyada soydaşımız Rauf Avşarın yaratdığı “Azərbaycan kukla teatrı” bu il 20 illiyini qeyd edir. Teatrın rəhbəri Rauf Avşar sənət ocağının yaradılması ideyasından söz açaraq deyib: “Hər şey mən kolleksiya kuklaları yaradanda başlandı. Bu kuklalar məndə tamaşalara quruluş vermək fikri oyatdı”.
Teatrın rəhbəri Rauf Avşar Gəncədə Xalq artisti Muxtar Avşarovun ailəsində anadan olub. O, 2006-cı ildə Azərbaycanın Əməkdar artisti adına layiq görülüb.
Teatrın repertuarına dünya xalqlarının nağılları ilə yanaşı, Azərbaycan nağılları, o cümlədən ”Cırtdan”, ”Bağban və Şah Abbas”, “Şahın başı haradadır?”, “Ağ daşın nağılı”, “Qız qalası əfsanəsi”, habelə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında “Tacirin toyu” (“Məşədi İbad”) musiqili komediyası daxildir.
Rauf Avşar bildirib ki, son iki ildə Salyan Dövlət Kukla Teatrında bir neçə tamaşanın quruluşçu rejissoru olub.
Rejissorun sözlərinə
görə, Estoniya
tamaşaçısı onun
yaradıcılığını rəğbətlə
qarşılayır. Teatr Estoniya
Mədəniyyət Nazirliyinin tərəfdaşıdır.
Azərbaycan folkloruna müraciət etməyin
onun üçün
mənəvi borc olduğunu
vurğulayan Rauf Avşar deyib: “Mən
Estoniyanın və digər ölkələrin sakinlərini
Azərbaycan nağılları ilə tanış etməyə,
milli mədəniyyətimizi təbliğ
etməyə, ona maraq
və məhəbbət oyatmağa
çalışıram”.
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 15.