Bir şair ki -
bu dünyanın özəl gözəlliklərinə “Belə ola həmişə” demiş...
“Bir
şair ki” sözlərini
yazdığım anda, öz-özümə;
“mahnıya çevrilmiş bu misranın müəllifini kim
tanımır ki?” - fikirləşdim.
“Övladlarına Məcnun-Atalıq etmiş
bu insanın ölümünə
qızı Ülkər Leyli fədakarlığı
etmiş” - dedim.
“Yaşadığı dövrə xeyli müxalif şeirlərilə sadiq
vətəndaş, nəğmə-nəqarət
misralarıyla Aşıq Cünuna,
can-cüssəsilə Qoç Koroğluya tay olmuş” - düşündüm...
Gəncliyində - yəni “poeziya köhləni”nə süvar olanadək həyat yüyənini tamamilə tale ümidinə buraxanlardan olub Əliağa Kürçaylı.
Lap yaxın gələcəkdə - erkən-ərgənliyindən etibarən bəlli ad-san qazanası bu şair doqquzuncu sinifdən orta məktəbi buraxıb, Salyanda fəhlə və mühasib işləyib. Onda hələ müharibənin qurtarmasına bir ildən çox qalırmış və bir neçə ay da Salyan Dram Teatrında baş mühasib işləyən Əliağanın qəlbində, bəlkə də, gələcəkdə yazacağı gözəl bir misranın inkarı da səslənirmiş: “Belə olmaya həmişə!..”
Bu ehtimaldan keçək həyati fakt və poetik taktlara.
İlk şeir və...
Bu barədə yazımın sonunda - şairin həyat yoldaşının xatirələrindən daha ətraflı tanış olacaqsız. İndiliksə deyim ki, iyirmi yaşlarınadək “hesab-çötkə” işlərilə məşğul olmuş bu oğlan tezliklə poeziya aləminə qədəm basır. “Sənin gözlərin” adlı ilk addımı uğurlu olur. Nəinki mühasib, hətta hələ yaşının 18 olduğundan belə xəbərsiz olan oxucular arasında bu imzanı səbirsizliklə gözləyib, bu barədə redaksiyaya “hörmətli məktub” yazanlar da olur. Paytaxtda onun sözünə, rayonda özünə münasibət dəyişir. Onu Salyan radio qovşağına redaktor təyin edir, gənc yazıçıların I respublika müşavirəsinə nümayəndə seçirlər. Dolanışıq üçün yarımçıq buraxdığı orta təhsili Bakıda fəhlə-gənclər orta məktəbində tamama yetirib, ADU-nun filologiya fakültəsinə daxil olur. Fitri istedadını duyanlar onu Moskvaya - Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərirlər (nə üçün həmin təhsil ocağını buraxıb, yenidən ADU-ya qayıtması, vəd etdiyim “xatirə”dən bəlli olacaq). Sonralar “Kommunist”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində şöbə müdiri, “Azərbaycan” jurnalında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Yazıçılar İttifaqında dramaturgiya bölməsinin rəhbəri və “Yazıçı” nəşriyyatında - 1978-ci ilin mayından ömrünün axırınadək baş redaktor...
“Ömrünün axırınadək” ifadələrinə - “1980-ci il 11 fevral” tarixçəsinə tək elə söz kimi yox, 52 köz kimi də baxmalı. Nədən ki, bu şairin yarımca əsrdən ikicə il çox sürən ömürlüyündə yazdıqları göstərir ki, yaşasaydı, daha çox mətləbləri görüb-götürüb, oxucusuna bəyan edəcəkmiş. Məsələn;
Baxdım Britaniya muzeylərinə,
Dünyaya bəllidir adı, şöhrəti.
Sanırdım gələcək gözüm önünə
İngilis xalqının milli sərvəti...
Mən elə bilirdim...
Heyhat!
Elə bil,
Bura ya Misirdir, ya Yunanıstan.
Elə bil, ingilis torpağı
deyil,
Bura ya İrandır, ya da Hindistan!
Arabir Londona gəlir yunanlar,
Qədim Parfenonu görsünlər
deyə.
Heyrət!
Bilet alıb baxırlar onlar
Özləri yaradan bu abidəyə.
Dayan, hansı xalqdır bunları satan,
Pula dəyişdirən öz şöhrətini?
Varsa, o xalq deyil, sürüdür,
inan,
Tərk
etsin o, insan cəmiyyətini!..
Və Şəhla xanımın
geniş, böyük
səmimiyyət və
sədaqət dolu xatirələrindən -
Fraqmentlər
“Taleyimizdə çox
bənzərlik vardı
ki, biri də təvəllüd tariximizlə bağlı;
özündən eşitmişdim
ki, əslində o,
1926-cı ilin 20 fevralında
dünyaya gəlib, atası isə oğlunun doğum ilini 1928-ci ilə yazdırıb. Mənim təvəllüdümsə, 1930-cu il əvəzinə,
atam Cabbar Qaryağdıoğlunun istəyilə
iki il qabağa
yazılıb. Beləcə, biz - həyat yoldaşım Əliağa Kürçaylı
ilə yaşıd olmuşuq.
Biz Böyük Vətən müharibəsi dövrünün
uşaqlarıydıq və
bu dünyanın hər dərd-səri hər ikimizə tanış idi. O, kiçik yaşlarından ata həsrətlisiydi; uşaqlıqdan
evləri başıpapaqlısız
qalmışdı və
bu evin böyük
oğlu olan Əliağa elə uşaqlıqdan işləyib,
evə qazanc gətirməli olmuşdu.
Mənim
atam isə müharibə illərində
ərzaqla xüsusi təmin olunan sənətkarlardan idi.
Tale belə gətirir ki, Əliağanın “Azərbaycan gəncləri”
qəzetində çıxan
ilk şeiri (“Sənin
gözlərin”) böyük
şairimiz S.Vurğunun
diqqətini çəkir,
onu Bakıya çağırtdırır, ədəbi
yığıncaqda bu
gəncə də söz verir. Əliağanın “Danışım,
ya şeir oxuyum?” sualından çox xoşlanan şair “Harda oxuyursan?” sualına “Oxumuram, dəmir yolunda fəhlə işləyirəm” cavabını
alıb, “Gəl, səni düzəldək
universitetə”, - deyəndə,
o, başını aşağı
salıb, kədərlə
dillənir: “Götürməzlər,
kamal attestatım yoxdur, 9-cu sinfi bitirmişəm... - Onda gəl Bakıya, burda onuncu sinfi
bitir, sonra universitetə daxil olarsan”.
...Sən demə, o an tale Əliağaya (“S.Vurğun səbəbilə”)
tək elə oxumaqçün yox, ömür-gün yoldaşı
Şəhla xanımla
qovuşma “göndəriş”i
də yazırmış...
“Əliağa bizim
məktəbə gələndə
dərslər çoxdan
başlanmışdı. Bir gün
sinifdə yer çatışmadığından, partalarda üç-üç
oturmuşduq. Mənim
bütün diqqətim
müəllimdə ikən,
parta yoldaşım dirsəyilə qoluma toxundu: “Şəhla, gör, birinci sıradakı o oğlan sənə necə baxır!”
Baxışlarımız qarşılaşanda, o özünü
saxlaya bilməyib yıxıldı və müəllim çevrilib
baxanadək cəld qalxıb yerində oturdu. Müəllimin: “O gurultu
nə idi elə?” sualı və hamının ona baxmasından çox pərt oldu”.
Və günlər
keçir, Şəhla
xanım onun məktublarını gah cırıb atır, gah oğrun-aşkar baxışlarına, müraciətlərinə
əhəmiyyət vermir
və bütün bunlar odlu Əliağanı
- gənc şairi daha da alovlandırır. Onlar
ADU-ya (BDU) qəbul olunub, üz-gözləri
bir-birinə təzəcə
öyrəşirmiş ki,
Əliağanı Yazıçılar
İttifaqına çağırıb
deyirlər: “Səni Moskvaya, M.Qorki adına Ədəbiyyat
İnstitutuna göndəririk”...
O, Moskvadan Bakıya neçə-neçə məktub
yazır... “bu
dünyanın birincisi
Şəhla”dan isə
bircə cavabsa da gəlmir ki gəlmir...
Nəhayət, öz imtahanlarını “eksterni” verib, Bakıya özü gələn və Şəhlanı imtahan sessiyasında haxlayan Əliağa bir daha Moskvaya qayıtmır. Girir rektorun qəbuluna, deyir, “Moskva çox soyuqdur, tez-tez xəstələnirəm,
təhsilimi burda davam etdirmək istəyirəm” və bu gələcək cütlük yenidən bir qrupda oxumağa
başlayır...
“Mühazirələri rahat
eşidib-yazmaq üçün
lap qabaq sırada oturar və heç kim
mənim yanımda əyləşməzdi. Tələbə
yoldaşlarım belə
edirdilər ki, “ən çox dərs buraxan şair” gələndə
mənim yanımda boş yer görüb,
otursun...
1951-ci ildi və
mən kitabxanadayam. Qəflətən
Əliağa içəri
girdi, icazə istəyib, yanımda əyləşdi və ehtiyatla dedi:
- Bir söz deyəcəm,
amma durub qaçma.
- Qaçmaram, de.
- Bu gün sizə elçi yollamaq istəyirəm...
- Mənə nə var? Özün öz ixtiyarındasan...
Dərhal durub çıxdı. Demə, elçiləri
onu küçədə
gözləyirmişlər.
Bakıda kimsəsi yox idi; elçiliyə şairlərdən Adil Babayev, Böyükağa Qasımzadə, Ənvər
Əlibəyli, Qabil və öz anasını aparırmış. Onlar məsələni açanda
yeznəmlə bacım
təəccübləniblər:
- Şəhla uşaqxasiyyətlidir. O nə
bilir sevmək nədir?!
- Bəs deməyib ki, məni bir
oğlan istəyir?
- Yox, heç nə deməyib. Biz bilməliyik, qız razıdır, ya yox?..
Elçilər çıxıb soruşublar
ki, Əliağa, qohumları soruşur, qızın xəbəri var?
- Şəhla bilir
ki, bu gün
evlərinə elçi
gələcək, ona
görə sizi yollamışam.
Bunu eşidəndə Əliağaya
gileyləndim: “Sən
məni satmısan ki...”
Təəssüf ki, bu yazıda
Şəhla xanımın
“xatirələr”ində əks
olunan sonrakı xeyli rəvan və xoş keçən Əliağalı
günlərini geniş
şəkildə verə
bilmirik. Həm də, bəzən, elə güclü bədbin mətləblər
olur ki, vurub nikbinliklərdən önə keçir...
“...Gün gəldi ki, Əliağa bərk xəstəliyə
tutuldu. Uzun çəkən müalicələr bir səmərə vermədi.
Bu dünyaya gəldiyi
tarixçədə də
bu dünyadan getdi. Onu dünyalar qədər istəyən qızımız
Ülkər isə Əlağanın vəfatından
iyirmi dəqiqə sonra özünü dənizə atdı... Yadlar belə göz yaşlarını
saxlaya bilmirdilər...
Biz onu “Vağzalı”
sədaları altında
gəlin köçürmək
arzusundaykən... Bacım
oğlu Fuada dedim, musiqiçiləri çağır, tapşır
ki, pilləkənlərdən
düşəndə “Vağzalı”,
həyətdə isə
Əliağanın sevdiyi
o musiqini çalsınlar...”
...Gözəl şairimizin həyat yoldaşına məxsus xatirələrin
və yazının sonluq məqamında yaxşı olmazmı ki, elə onun
təsəlli motivli şeirlərindən birini
xatırlayaq:
Qüssəli çağlarında
Sənin
dodaqlarında
Təbəssüm görünübsə,
Gülüşə bürünübsə...
Ümid
dumanda, çəndə
Səni
atıb gedəndə,
Qəlbinə şölə kimi,
Kiçik bir gilə kimi
Təzə ümid dolubsa,
Belə
günün olubsa,
Demək,
hələ mən varam!
Qış şaxtadan qılıncı,
Çiynində ağ yapıncı
Əlini
kəsən zaman,
Sərt
yellər əsən zaman
Bir çiçək görmüsənsə,
Əyilib
dərmisənsə,
Demək,
hələ mən varam!..
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 13.