“Məqsədim daha böyük müsabiqələrdə çıxış etməkdir”

 

Azərbaycanlı gənclərin bir qismi Avropa ölkələrində çeşidli sahələrdə təhsil alırlar. Onlardan biri də gənc pianoçu soydaşımız Müşfiq Quliyevdir. O, Avstriyanın paytaxtı Vyanada Yozef Haydn Konservatoriyasında musiqi təhsilini davam etdirir.

 

Müşfiq Quliyev 1992-ci ildə Bakıda doğulub, 6 yaşında Buzovna qəsəbəsindəki 4 saylı uşaq musiqi məktəbinə daxil olub. 7 illik təhsilini başa vurduqdan sonra Bülbül adına orta ixtisas musiqi məktəbində təhsilini davam etdirib. Burada Əməkdar müəllim Dilarə Mirzəquliyevanın sinfində pianinonun sirlərinə dərindən yiyələnir, 2010-cu ildə məktəbi uğurla bitirir.

İstəyi daha mükəmməl təhsil almaq idi. Bu məqsədlə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olur. O, təhsil illərində ölkə miqyaslı və beynəlxalq müsabiqələrdə uğurla iştirak edir. Örnək kimi onun Fransa, Finlandiyada keçirilən festivallarda iştirakını, eləcə də İtaliyaAvstriyada müsabiqələrdə qalib olduğunu söyləyə bilərik. İstedadlı gəncin peşəkarlığı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, ardıcıl müsabiqələrə dəvətlər alır. Neçə illərdir ki, ənənəvi olaraq düzənlənən Qəbələ Beynəlxalq Musiqi Festivalında da Müşfiq uğurlu konsert proqramları ilə çıxış edib.

Artıq üçüncü ildir ki, gənc soydaşımız dünya musiqi sənətinin əsas ünvanlarından olan Vyanada təhsilini davam etdirir: “Yozef Haydn Konservatoriyasında professor Stanislav Tixonovun sinfində təhsil alıram. Belə bir təhsil ocağında oxumağımdan çox məmnunam. 2013-cü ildə Azərbaycanın Avstriyadakı səfiri olmuş, mərhum Fuad İsmayılovun adını daşıyan “Gələcəyə doğru” xeyriyyə fondunun təqaüdçüsü seçilmişəm. Bununla da fond Vyanadakı təhsilimin bütün xərclərini öz üzərinə götürüb. Müəllimim S.Tixonovun yaratdığı “T Prime” adlı qurum gənc pianoçuların tanınmasına yardım edir. Onun dəstəyi ilə müxtəlif layihələr həyata keçiririk, konsertlər veririk. Bir neçə ay öncə ilk albomumuzu təqdim etdik. Orada mən Qara Qarayevin seçmə prelüdlərini ifa etmişəm”.

Gənc pianoçu vokal musiqisini çox sevir, ona görə vokalçılarla işləməyi üstün tutur. Yaxın dostu, La Skala Akademiyasının (İtaliya) solisti Azər Rzazadə ilə həm Azərbaycanda, həm də xaricdə çoxlu konsertlər veriblər. İndi onların hər ikisi Avropanın müxtəlif ölkələrində olmalarına baxmayaraq, yenə də birgə çıxış edirlər. Eləcə də Vyana Konservatoriyasının məzunu, soydaşımız skripka ifaçısı Təhminə Abdullayeva ilə Vyanada və qitənin müxtəlif şəhərlərində konsertlər verirlər. Müşfiqin gənc dirijor Mustafa Mehmandarovun yaratdığı “Caspian Virtuoseskamera orkestri ilə müxtəlif solo çıxışları da uğurlu alınıb.

Həmyerlimiz xaricdə yaşadığı bu müddətdə bir sıra yarışmalarda da müvəffəqiyyət qazanıb: “Avstriyada təhsil aldığım birinci il Stokholmda keçirilən beynəlxalq musiqi yarışmasında 3-cü yeri tutdum. Müsabiqələrdə iştirak hər bir ifaçı üçün vacibdir. Bu, ifaçının gücünü ortaya çıxarır, onu özünə inandırır. Düzdür, hələ arzusunda olduğum müsabiqələrdə iştirak etməmişəm, amma məqsədim daha böyük müsabiqələrdə çıxış etməkdir”.

Müşfiq keçirdikləri konsertlərdə Azərbaycan musiqilərini daha çox ifa edir, bu da tamaşaçılar tərəfindən yaxşı qarşılanır. Keçən il soydaşımızın təhsil aldığı konservatoriyanın tələbələri arasında müsabiqə keçirilib. Məqsəd D.Şostakoviçin fortepiano, trubakamera orkestri üçün konsertinin ən yaxşı ifaçısını seçmək olub. Müşfiq həmin müsabiqədə qalib olurnüfuzlu orkestrlərin biri ilə çıxış etmək hüququ qazanır.

“Təhsil aldıqdan sonra vətənə dönmək fikrin varmı?” sualımı gənc pianoçu belə cavablandırır: “İndidən dəqiq bir söz deyə bilmərəm, bunu zaman göstərər. Harada yaşamağımdan asılı olmayaraq həmişə Azərbaycanın adını uca tutmağa, onu yüksək səviyyələrdə təmsil etməyə çalışacağam”.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 10.