Tehranda Azərbaycan stendi
böyük maraq doğurub
Xəbər verdiyimiz kimi, Azərbaycan fevralın
16-da Tehranda işə
başlayan 9-cu beynəlxalq
hotel, səyahət və
turizm sərgisində
("HT&T İran Hotel, Travel & Tourism
İnternational Exhibition") təmsil olunur.
Tədbirdə Mədəniyyət və
Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov və 10 turizm şirkəti və mehmanxana əməkdaşından ibarət
heyət iştirak edir.
Builki sərgiyə
50-dən çox ölkədən
400-dən artıq turizm
şirkəti qatılıb. Tehranın “Nümayişqah
Beynəlmiləl” sərgi
salonunda 40 kvadratmetr sahədə qurulan Azərbaycan guşəsi ölkəmizin gəzməli
və görməli yerlərini, hotellərini,
hava limanlarını əks etdirən fotoşəkillərlə bəzədilib.
Ziyarətçilərə ölkəmiz haqqında
məlumat verib, broşürlər və kitabçalar paylanılır.
Nazirliyin sektor müdiri S.Həsənov bildirib ki, iranlılar Azərbaycan stendinə böyük maraq göstərirlər. Onlar Bakıda keçiriləcək
Novruz bayramı şənliklərinə qatılmaq
üçün sərgidə
iştirak edən Azərbaycanın turizm şirkətlərinə sifarişlər
də verirlər.
Bu il martın
ikinci yarısında Bakıya əvvəlki illərə nisbətən
daha çox iranlı turistin gələcəyi gözlənilir.
Qeyd edək
ki, İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından
sonra ilk dəfə olaraq sərgiyə Avropa ölkələrinin
və ABŞ-ın da turizm şirkətləri
qatılıb.
Sərgidə Rusiya, Türkiyə,
Vyetnam, Malayziya, Fransa, İtaliya və başqa ölkələr təmsil
olunublar. Sərgi fevralın 20-dək
davam edəcək.
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 9.