Səttar Bəhlulzadənin karikaturalarından ibarət kataloqun təqdimatı

 

Fevralın 17-də görkəmli fırça ustası, Xalq rəssamı Səttar Bəhlulzadənin Əmircandakı ev-muzeyində sənətkarın karikaturalarından ibarət kataloqun təqdimatı keçirilib.

 

Yeni çapdan çıxan kataloqda rəssamın 1931-1933-cü illərdə “Kommunist” qəzetində işlədiyi dövrdə dərc olunmuş karikaturaları ilk dəfə toplu halında sənətsevərlərə təqdim edilir. Kataloq Azərbaycan incəsənəti, Azərbaycanda karikatura tarixi, Səttar Bəhlulzadənin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kataloqun mətninin müəllifi və tərtibatçısı ev-muzeyinin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinovadır.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin, Milli İncəsənət, Milli Azərbaycan Tarixi muzeylərinin, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları iştirak ediblər.

Muzeyin direktoru İradə Abdinova qonaqları salamlayıb. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Əməkdar rəssam Hüseyn Haqverdiyev, kataloqun tərtibatçısı Pərzad Abdinova çıxış ediblər.

Çıxışlarda Səttar Bəhlulzadənin xatirəsinin Azərbaycan xalqı tərəfindən daim yüksək tutulduğu, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın adı ilə bağlı mütəmadi olaraq müxtəlif tədbirlərin keçirildiyi vurğulanıb, muzeyin gördüyü işlərdən söz açılıb.

Sonra tədbir iştirakçıları S.Bəhlulzadənin “Kommunist” qəzetində dərc edilmiş karikaturalarından ibarət sərgi ilə tanış olurlar. Qeyd etmək lazımdır ki, muzey tərəfindən 30-dan artıq karikaturanın böyüdülmüş reproduksiyası ilk dəfə olaraq nümayiş etdirilir.

S.Bəhlulzadənin çoxşaxəli yaradıcılığının az tədqiq olunan səhifələrindən biri gənclik dövründə çəkdiyi karikaturalarıdır. Karikaturalarda sovet dövründə respublikanın ictimai həyatında, müxtəlif sahələrdə mövcud olan nöqsanlar, vəzifədən sui-istifadə, məsuliyyətsizlik və s. mənfiliklər təsvir olunub. “Ay kadro hazırlayırlar ha”, “Görəsən sabah görəcəyik” və s. karikaturalarda dövrün çatışmazlıqları və qüsurları satirik formada ifşa olunur. Səttar Bəhlulzadənin qəzetdəki fəaliyyəti uzun sürməsə də bu, illərə aid ilk rəsmlərində müxtəlif ictimai tipləri psixoloji dəqiqliklə təsvir etməyə, onların səciyyəvi cəhətlərini bacarıqla açmağa nail olub.

 

Mədəniyyət.- 2016.- 19 fevral.- S. 8.