Strasburqda Xocalı soyqırımı
qurbanlarına həsr olunmuş xatirə
mərasimi
Fransanın Strasburq şəhərindəki “l’Odyssee” kinoteatrında litvalı rejissor Andreas Brokasın “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin
nümayişi keçirilib.
Avropa Şurası və Avropa Parlamenti kimi təsisatların məkanı olan şəhərdə keçirilmiş gecədə 1992-ci il fevralın 26-da törədilmiş Xocalı qətliamının qurbanları yad edilib. Filmin nümayişi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib.
Auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin direktoru Eliza Pieter bildirib ki, qurum “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu tədbirləri təşkil etdiyi üçün qürur hissi duyur. Qeyd edib ki, bu günün faciələri bizə dünənin faciələrini xatırlatmalıdır. Bu gün yaranan milyonlarla qaçqın ordusu bizə 20 ildən artıq öz torpaqlarına qayıdışını səbirsizliklə gözləyən bir milyondan artıq qaçqın və məcburi köçkün azərbaycanlının faciəsini unutdurmamalıdır.
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov qeyd edib ki, Azərbaycan xalqı bu soyqırımı ilə bağlı cəzasızlıq və ədalətsizliyə son qoyulmasını, bu cür faciələrin bir daha təkrarlanmamasını istəyir. O, ümidvar olduğunu bildirib ki, “Sonsuz dəhliz” filmi tamaşaçılara qətliamın reallıqlarını çatdıracaq.
Xocalıya yenidən qayıdışı ilə bu film üçün əsas yaradan litvalı jurnalist Riçard Lapaytis həmin faciəvi günləri xatırlayaraq deyib: “Xocalı qətliamının şahidi kimi orada yaşadıqlarım mənim həyatımı tamamilə dəyişdirdi. Mən o zaman Xocalı qətliamı haqqında reportaj hazırlayıb təhvil verdikdə redaktorum buna şübhə ilə yanaşdı. O dedi ki, bu cür qırğının baş verməsi mümkün deyil. Mən cavab verdim ki, bu cür faciənin bir daha baş verməsinə heç zaman yol verilməməlidir. Mən bir çox illər sonra Ağdama qayıdanda anladım ki, bu dağıdılmış yer dünyada ən kədərli şəhərdir. Ən dəhşətlisi odur ki, münaqişə hələ də davam edir. Azərbaycan əraziləri hələ də Ermənistanın işğalı altındadır”.
Xocalı qurbanlarına həsr olunmuş
xatirə gecəsi fransalı bəstəkar Pyer
Tilloyun özünün
iştirakı ilə “Xocalı 613” adlı əsərinin
ifası ilə yekunlaşıb. Bu əsər
2013-cü ildə “Victoires
de la Musique Classique” klassik musiqi mükafatına layıq görülüb.
Qeyd edək ki, 2015-ci ildə beynəlxalq premyerası keçirilən
“Sonsuz dəhliz” filmi Madrid şəhərində
keçirilən “Tenerife” festivalında
və Milan beynəlxalq
kinofestivalında, eləcə
də ABŞ-da keçirilən “Akkolade”
film müsabiqəsində mükafatlara
layiq görülüb.
Mədəniyyət.- 2016.- 19 fevral.- S. 8.