Yetmiş yaşın zirvəsindən salam
Adətən
dünyasını erkən yaşda dəyişmiş
hansısa görkəmli insan,
tanınmış sənətkar, xalqın qəlbində əbədi
məskən salmış şəxsiyyət barədə
yazıya belə başlayırlar ki, əgər
ömür vəfa etsəydi...
70 yaş nə ömürdü
ki, onu yaşamaq
sənə də, ətrafındakılara da
uzun görünsün?
Amma neyləyəsən,
ömür payına bəsdi deyən biz deyilik. Əsas odur ki, sənə pay verilən ömür
möhlətində nəsə edəsən, ömrə
yaraşıq verən işlər görəsən, seçdiyin sənətdə uğur
qazanasan...
Fevralın 17-də Xalq artisti, Dövlət mükafatı laureatı Əliabbas Qədirovun ömrünü həsr etdiyi, yeganə iş yeri olmuş Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında onun yubiley mərasimi keçirildi. Alışdığımız yubiley tədbirlərindən fərqli olaraq, həmin məclisin dörd aparıcısı var idi: xalq artistləri Laləzar Mustafayeva, Məleykə Əsədova, əməkdar artistlər Sabir Məmmədov və Elşən Cəbrayılovun yubilyar barədə çatdırdıqları fikirlər, bir zamanlar mərhum sənətkarın ifasında sevilən şeirləri təkrar səsləndirmələri yubiley gecəsinə bir dinamizm gətirirdi.
Çıxış üçün səhnəyə dəvət olunan Xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Nemətin tanıdığı Əliabbas bizim çoxumuzun tanıdığı Əliabbas Qədirovdan fərqlənirdi. 1965-ci ildə Teatr İnstitutuna daxil olmuş, biri aktyor, o biri rejissor olmaq arzusu ilə yaşayan iki tələbəlik dostunun münasibəti, ünsiyyəti sonralar rejissor-aktyor tandemi ilə davam edəcəkdi, birlikdə çalışacaqdılar, dərdləşəcəkdilər, teatrın inkişafından ötrü bacardıqlarını əsirgəməyəcəkdilər. Azərpaşa müəllimin çıxışında bir məqam diqqəti çəkdi: «Mən istəmirəm ki, biz Əliabbası bədbinliklə xatırlayaq. Biz sevinməliyik ki, belə bir aktyorumuz olub. Yaşasın Əliabbas!»...
Haşiyə: Mənim təhsil aldığım C.Cabbarlı adına məktəbdə oxumağın üstünlüyü təkcə qəsəbənin ən güclü müəllimlərindən dərs almaq imkanı deyildi, həm də o zamankı təqdimatla desək, Azərbaycan sovet dramaturgiyasının banisinin əsərlərini daha yaxşı bilmək, böyük dramaturqun əzizlərini, onun əsərlərində oynamış aktyorları yaxından görmək fürsəti verən ənənəvi «Cəfər Cabbarlı gecələri»ndə iştirak etmək imtiyazı idi. Yaşıdlarımızın yalnız ekranda, ya da teatr səhnəsində gördükləri görkəmli teatr xadimləri ilə görüşür, xatirələrini dinləyirdik. Aradan otuz ildən çox keçməsinə baxmayaraq, həmin xatirə gecələrinin birində Əliabbas Qədirovun ifasında eşitdiyim «Ana» şeirinin təəssüratını unutmamışam.
* * *
Nə yaxşı ki, lent yazıları var. Nə yaxşı ki, səhnədə quraşdırılan
ekran bir zaman gördüyümüz
tamaşaların təəssüratını
yaddaşımızda təzələyir.
Bir-birinin ardınca «Sevil», «Mahnı dağlarda qaldı», «Ölülər», «Mesenat»
tamaşalarından səhnələr,
«Nəğmə dərsi»,
«Qızıl uçurum»
filmlərindən fraqmentlər
göstərilir.
Haşiyə: Deyəsən, yeddinci
sinifdə oxuyurdum. Akademik teatr qəsəbə klubunda «Sevil» tamaşasını oynayırdı.
Gündüz seansı idi
deyə, tamaşaçıların
çoxu məktəblilər
idi. Məktəbdə
dəcəlliyi ilə
seçilən bir neçə yeniyetmə tamaşa boyu yerdən atmacalar atır, yerli-yersiz uşaqları güldürməyə
can atırdılar. Müəllimlərin,
nəzarətçilərin sakitlik yaratmaq cəhdləri də nəticə vermirdi... Nəhayət, tamaşa bitdi.
Pərdə salınar-salınmaz Əliabbas Qədirov səhnənin önünə
çıxdı. Bayaqdan bəri
səs salan uşaqları yaxına çağırdı. Onlarla yanaşı
biz də irəli gəldik. Aktyor elə Balaşın qiyafəsində bizimlə
özünü teatrda
necə davranmaqdan tutmuş bu ulu sənət barədə maraqlı söhbət etdi... Əgər əvvəlcə onun iradlarını, nəsihətini
eşidəndə həmin
dəcəllərin yerinə
xəcalət çəksəm
də, tanınmış
aktyorun səmimiyyətini
duyub, uşaqlarla teatr barədə söhbətini eşitdiyim
üçün o dəcəllərə
ürəyimdə minnətdarlıq
etdim.
* * *
Əliabbas Qədirov teatrda və kinoda əsasən dramatik səpkili rollar oynamışdı. Rejissorlar bu yaraşıqlı
aktyoru, təmkinli gur səs sahibini
daha çox müsbət qəhrəman
rolunda görür, hökmdar rollarını ona daha çox
yaraşdırırdılar. Amma onun içində güclü bir komizm gizlənmişdi.
Olsun ki, aktyor «Ölülər»də
Şeyx Nəsrullah rolunda öz güclü sarkazmını
göstərənədək Azərbaycan televiziyasındakı
«Komediyalar aləminə
səyahət» verilişinin
aparıcısı, respublika
radiosunun «Sabahınız
xeyir», «Dost ellərin gülüş payı» kimi bədii yumoristik proqramlarda səsləndirmələrlə komik rol oynamaq
ehtiyacını azacıq
da olsa, ödəyirdi.
Haşiyə: Tələbəlik illərindən
ustadım, mərhum jurnalist Mailə Muradxanlının xeyir-duası
və dəstəyi ilə Azərbaycan Radiosunun ədəbi-dram verilişləri redaksiyası
ilə əməkdaşlıq
edirdim. Xarici ölkə yazıçılarının
yumoristik hekayələrini
dilimizə çevirib
radio səhnəciyi kimi
işləyir, arada cəsarətlənib məşhur
«Sabahınız xeyir»
proqramı üçün
də səhnəciklər
yazırdım. Əlim
dinc durmurdu: səhnəciklərimi səsləndirən
aktyorların obrazı
daha tez qavraması üçün
onların səslərinə
hansı emosiyasını
qatacaqlarını da mətndə yazırdım.
İndi haqq dünyasında olan rejissordan başqa, hamı mənim bu remarkalarımı
müsbət qarşılayırdı.
Verilişin lentə alındığı
günlərin birində
Əliabbas müəllim
redaksiyaya qalxdı.
Səsləndirdiyi səhnəciyin müəllifini
soruşdu. Bizi tanış etdilər. Qarşısında
tanınmış aktyorla
qəfil görüşün
həyəcanından yanaqları
allanan tələbə
qızı görəndə
gülümsədi: «Siz
heç nəyə fikir verməyin, qələminiz yaxşıdır,
gələcəkdə bundan
da yaxşı yazacaqsınız! O ki qaldı bizim üçün etdiyiniz qeydlərə, bütün
aktyorların adından
deyirəm ki, həmin remarkaların sayəsində biz daha qısa məşq edirik, daha tez
hazırlaşırıq». Sonradan biləcəkdim ki, proqramın rejissoru mənim bu “özfəaliyyət” remarkalarıma
görə baş redaktora şikayət etməyə hazırlaşırmış.
Əliabbas Qədirov isə
baş redaktora sənət yoldaşlarının
fikrini çatdırmaq
və məni «sənət intriqasından»
qorumaq istədiyi üçün otağa gəlibmiş.
* * *
...Aparıcıların Əliabbas
Qədirovun yaradıcılığına
dair çatdırdıqları
fikirləri əməkdar
artistlər Mətanət
İsgəndərli, Aygün
Bəylər və müğənni İlqar
Muradovun bu gecənin ruhuna uyğun oxuduqları mahnılarla süslü idi...
...Yenə salon qaranlıqlaşır,
səhnədəki ekran
işıqlanır. Lentdə rejissor
Azərpaşa Nemətin
«Hamlet» tamaşasından sonra
ulu öndər Heydər Əliyevin yaradıcı heyətlə
səhnə arxasında
görüşü canlanır.
Teatrın direktoru Əliabbas
Qədirov kollektiv adından ölkə başçısına teatra
göstərdiyi qayğıya
görə minnətdarlıq
edir.
Haşiyə: Həsənağa Turabovun
vəfatının birinci
ildönümü idi.
Teatr Xadimləri İttifaqında hüznlü
və həzin xatirə gecəsi düzənlənmişdi... Azərbaycan teatrının,
mədəniyyətinin görkəmli
simaları Həsənağa
müəllimi yad edirdilər. Əliabbas
Qədirova söz veriləndə o özünəməxsus
ağayana addımlarla
qalxıb mərhumun şəklinə xitab etdi: «Nə var, nə yox,
Həsənağa? Necə keçir
günlərin? Darıxma,
az qalıb, mən də tezliklə sənin yanına gələcəyəm...».
Bəlkə o zaman kimsə bu müraciətdəki
ismarışa diqqət
yetirmədi... Amma Həsənağa müəllimin
vəfatı ilə Əliabbas Qədirovun bu dünyadan köç etməsi arasında üç il fərq
oldu...
* * *
...Ekrandakı görüntülər
bizi Əliabbaslı günlərə qaytarır.
O, 60 illik yubiley gecəsində çıxış
edir: «Mənim dostlarım! Əziz və hörmətli tamaşaçılarım! Bu gün bütün dostlar burdadır. Salonda tanış
çöhrələr, simalar
görürəm. Mən sizi
gördükcə fikirləşirəm
ki, 60 illik ömrü hədər başa vurmamışam.
Hərdən fikirləşirəm ki, bəlkə 60 yaş bəsdi? Bəlkə bu günədək oynadığım rollar bəsdi? Amma sizin gözlərinizdəki
qığılcımları görəndə, əllərinizdən
qopan alqışları
eşidəndə düşünürəm
ki, yox, bəs deyil... Mən ömrümün altmışıncı qışını
yaşayıram, amma donmuram, zərrəcə üşümürəm... Sizin məhəbbətiniz
məni isidir. Nə qədər ki siz varsınız,
mən də varam!».
...Həmin yubileydən sayılı günlər
keçəcək... Martın
8-də gözlərini əbədi
yuman sənətkara
iki gün sonra, martın 10-da - Milli Teatr Günündə
Teatr Xadimləri İttifaqının təqdim
ediləsi mükafatını
ata itkisinin sarsıntısı üzünə
çökmüş oğlu
İlham qəbul edəcək.
* * *
Salonu alqış səsləri bürüyür. Böyük aktyorun oğlu İlham Qədirov ailə üzvləri adından söz demək üçün səhnədədir: «Bu gün mənim üçün danışmaq çətindir. İkili hisslər keçirirəm. Atamın xatirəsini yad etdikləri üçün Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə, teatrın rəhbərliyinə, səhnəyə çıxan və tədbirin hazırlanmasında əməyi keçən hər kəsə ailəmiz adından minnətdarlıq edirəm. Çox sağ olun».
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 6.