Naxçıvan
mədəniyyət müəssisələri işçilərinin
zona müşavirəsi
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Bəhruz Kəngərli adına Şərur şəhər uşaq incəsənət məktəbində Şərur, Kəngərli və Sədərək rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri işçilərinin iştirakı ilə tədris işinin təşkili mövzusunda zona müşavirəsi keçirib.
Muxtar respublikanın mədəniyyət və turizm naziri Natəvan Qədimova müşavirədə çıxış edərək bildirib ki, hazırda nazirliyin tabeliyində 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Bu məktəblərdən 6-sı Şərur, 2-si Kəngərli, 1-i isə Sədərək rayon mədəniyyət və turizm şöbələrinin tabeliyindədir. Məktəblər dövlət qayğısı ilə əhatə olunub. 2015-ci ildə Sədərək rayon uşaq musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi buna daha bir nümunədir.
Muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün “Vahid tədris proqramları” adlı vəsait hazırlanıb. Həmin tədris proqramları məktəblərə paylanılıb və işin bu əsasda qurulması təmin edilib.
Müşavirədə Şərur,
Kəngərli və Sədərək rayonlarındakı uşaq musiqi və incəsənət
məktəblərində tədrisin səviyyəsi və təhsildəki
nöqsanların aradan
qaldırılması yollarından söhbət
açılıb, müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 5.