Ölkənin təbliğində
mədəniyyətin rolu
Gənc mədəniyyət işçilərinin növbəti görüşü Sumqayıtda keçirilib
Fevralın 16-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun Sumqayıt Şəhərinin Tarixi Muzeyində növbəti görüşü keçirilib. Tədbirə Zəngilan, Şuşa, Qubadlı, Xızı və Abşeron rayon mədəniyyət və turizm şöbələrinin tabe müəssisələrində çalışan 150 çox gənc əməkdaşı qatılıb.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov gəncləri mədəni həyatda, Azərbaycan mədəniyyətinin təbliği, mədəniyyət müəssisələrinin fəaliyyətlərinin canlandırılmasında fəal iştirak etməyə, yerlərdə keçirilən tədbirlərə öz yaradıcı ideyaları ilə rəng qatmağa, təşəbbüskar olmağa çağırıb.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun məqsədi və əsas fəaliyyət istiqamətləri, prioritet hədəfləri barədə ətraflı məlumat verərək mədəniyyətimizdə təşəbbüskarlıq mühitinin vacibliyindən danışıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin bu sahəyə məxsusi diqqəti sayəsində ölkəmizin təbliği məsələsində mədəniyyət ən mühüm faktora çevrilib. Bu qrupun yaradılması da gənclər üçün geniş bir inkişaf meydanı, onların imkanlarını göstərmək üçün şərait yaradan bir platformadır.
Elmi-Metodik Mərkəzin gənc əməkdaşları Günay Əliyeva, Pərvanə Hüseynova və Fərhad Abdulov qurumun strukturu, internet resursları barədə danışıb, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” barədə təqdimatla çıxış ediblər.
Tədbirdə müxtəlif təkliflər səsləndirilib,
fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2016.- 19
fevral.- S. 4.