Böyük səhnələrdə görüşənədək!

 

Fevralın 20-də “Kapelhaus” Azərbaycan-Almaniya mədəniyyət cəmiyyətində Georgi Şaroyev adına 35 saylı uşaq musiqi məktəbinin 11-ci sinif şagirdi İslamə Abdullayevanın solo konserti keçirildi.

 

İslamənin səsini indiyədək eşitməmiş dinləyicilər artıq onlara paylanmış proqramdan bilirdilər ki, gənc vokalçı çox mürəkkəb repertuar seçib. Bu əsərlərin adından görünürdü ki, ifasını eşidəcəyimiz səbəbkar istedadlı olmaqla yanaşı, həm də zəhmətsevərdir. Konsert proqramına həm barokko dövrünün kamera əsərləri, həm dünya musiqisində xüsusi yeri olan rus romansı, həm də klassikmüasir Azərbaycan musiqisi daxil idi.

Musiqi məktəbinin direktoru Yusif Vəliyevin qısa tanışlıq çıxışından sonra çiçək kimi zərif, amma çiçəklərdən də gözəl bir yeniyetmə qız səhnəyə çıxdı.

İslamə barokko dövrünün ingilis bəstəkarı Henri Pörsellin «DidonaEney» operasından «When I am laid in earth» ariyasını oxumağa başlayan kimi gənc, amma qüvvətli, şirin səs salondakıları nə vaxtsa oxuduğumuz ingilis romanlarında təsvir olunan musiqi gecələrinə apardı. Yaşının az olmasına baxmayaraq, İslamənin ifasında bir mükəmməllik duyulurdu.

Kiçik çillənin küçədə cövlan edən sazağı «Kapelhaus»un isti salonunda əyləşənlərə heç təsir də etmirdi. Çünki səhnədəki gözəllik nümunəsi - gözəl səs ilə xoşagəlimli zahiri görünüşün bir-birini tamamlaması həsrətini çəkdiyimiz bahar ovqatını yaratmışdı.

İslamənin bir məqamda da bəxti gətirib: o, lap əvvəldən yaxşı müəllimə rast gəldiyindən səsi düzgün vokal texnikası əsasında qurulub. Bəlkə də bunda onun əvvəlcə fortepiano sinfində təhsil almasının təsiri var.

İslamə öz müəllimi, Azərbaycan Dövlət OperaBalet Teatrının solisti, Azərbaycan Dövlət Xor Kapellasının artisti İlham Nəzərov ilə duet oxuduğu J.Offenbaxın «Barkarolla»sının, P.Bulaxovun «Xatirələri oyatma» romansının ifası zamanı daha ürəkli görünürdü. Bu da təsadüfi deyil. Qəhrəmanımız hələ çox gəncdir və onun müəllim dəstəyinə ehtiyacı var.

Konsertin ikinci hissəsində Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. Üzeyir Hacıbəylinin «Arşın mal alan»ından Gülçöhrənin ariyası, «Sevgili canan» romansı, E.Sabitoğlunun «Bu gecə» mahnısı və İslamənin yenə də müəllimi ilə duet oxuduğu F.Bədəlbəylinin «Ave Mariya»sı və R.Mirişlinin «Səadət» mahnısı bu gecənin bəzəyi oldu.

Gənc vokalçının hər ifası «bravo» sədaları və alqışlarla qarşılanırdı. Konsertin sonunda çıxış edən tanınmış tarzən, Xalq artisti Ramiz Quliyev İslamənin istedadını və konsertmeyster Leyla Əliyevanın mahir müşayiətini yüksək qiymətləndirdi. Teatrşünas, professor İlham Rəhimli, bəstəkar, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Əməkdar artist Anar Şuşalı İslaməyə çətin yaradıcılıq yollarında uğurlar arzuladılar.

Konsertdən sonra davam edən təbriklərin arasında fürsət tapıb İslamə və onun müəllimi ilə ayaqüstü söhbət etdik. Öncə İlham Nəzərov öz fikrini söylədi:

- İslamə iki ildir ki, mənim sinfimdə təhsil alır. O mənim sinfimə gələndə estradacaz əsərlərini çox gözəl ifa edirdi. Bu gün isə artıq klassik kameravokal ifaçısıdır. Bu konsertdə o, beş dildə - Azərbaycan, rus, fransız, italyan, alman dillərində əsərlər ifa etdi. İslamə öz seçiminə çox ciddi yanaşır. Bilmədiyi dillərdə oxuduğu əsərlərdəki hər sözün mənasını öyrənməyə çalışır. Özünüz onun ifasını dinlədiniz, 16 yaşlı məktəbli bir qız üçün kifayət qədər mürəkkəb repertuardır və o, bu əsərləri magistratura pilləsində təhsil alan vokalçı səviyyəsində ifa edir. Məsələn, mən 16 yaşım olanda belə oxumurdum. İslamənin potensialı böyükdür. Qarşıda onu ali təhsil gözləyir. Mən inanıram ki, o, Avropada tanınan bir ifaçı olacaq. Şagirdim olduğu üçün demirəm: əgər şagirdin səsi, istedadı, həvəsi, zəhmətsevərliyi olmasa, heç bir müəllim onu yetişdirə bilməz.

Axır ki, İslaməni gül-çəçək yağışı altından kənara çəkib təbrik edə bildik.

- İslamə, bugünkü uğurun münasibəti ilə səni təbrik edirəm.

- Çox sağ olun.

- İlham müəllim deyir ki, sən onunla məşğul olanadək estrada, caz musiqisinə daha çox meylli idin.

- Musiqi zövqüm dəyişməyib. Amma vaxt keçdikcə klassik musiqini daha yaxşı başa düşürəm. Musiqi əsərləri üzərində həvəslə çalışıram. Mən hələ təhsil almalıyam. Qarşıda musiqi akademiyası var...

- Bayaq məktəbinizin direktoru Yusif müəllim danışanda belə bir fikir söylədi. Xuraman Qasımova sənin səsini eşidəndə qısaca deyib ki, gəl, akademiyada səni gözləyirəm. Bəs sən öz səhnə fəaliyyətini necə görürsən? Nə vaxtsa opera səhnəsində hansı tamaşada çıxış etmək istərdin?

- Hələ ki, özümü kamera musiqisi ifaçısı kimi görürəm. Operada çıxış etmək üçün aktyorluq qabiliyyəti də lazımdır. Bəlkə nə vaxtsa opera tamaşasında da çıxış edəcəyəm. Amma ona çox var...

 

Təbii ki, gənc vokalçının bu solo konsertinin əsas dinləyiciləri qohumlar, dostlar, müəllimlər və məktəb yoldaşları idi. Amma bütün salonu öz cazibəsində saxlayan bu gözəl səsin böyük səhnələrdən eşidiləcəyi vaxta çox qalmayıb. Odur ki, bu adı yadda saxlayın ki, bir gün efirdən, konsert salonlarından “Çıxış edir beynəlxalq müsabiqələr laureatı İslamə Abdullayeva” sözlərini eşidəndə təəccüblənməyəsiniz.

Böyük səhnələrdə görüşənədək, İslamə!

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 24 fevral.- S. 10.